“AMEA çox böyük potensiala malikdir” Müsahibə

“AMEA çox böyük potensiala malikdir”

Mayın 2-də akademik seçilən Milli Məclisin deputatı, professor Nizami Cəfərovun Teleqraf.com saytına müsahibəsi (ixtisarla)

- Nizami müəllim, siz elmi dərəcə və vəzifələri gənc yaşlarında almısınız. 57 yaşınızda isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçildiniz. Akademik deyəndə şüuraltında yaşlı insan təsəvvür edirik. İstərdim, söhbətə dilçilik istiqaməti üzrə akademikliyə iddianızdan başlayaq...
- Elmlə məşğul olan adam hansısa adı nə vaxt və hansı şəkildə alacağını düşünməməli, məşğul olduğu sahədə daim işləməlidir. Arada 3-5 ay fasilə verdinsə, istər-istəməz beyni yenidən işlətmək bir neçə il çəkir. Bir təhlükə də var ki, pedantlıq olmasın. Adam var, bir sahə ilə məşğul olur, amma yaradıcı yanaşması yoxdur. Yazdığı əsərlər ya bir-birini təkrarlayır, yaxud vaxtilə mövcud olmuş ideyaların təzədən icmalını çıxarır. Bir sözlə, yeniliklər olmalıdır, nəyisə axtarıb tapmalı, problemləri bilməlisən, məşğul olduğun sahə ilə əlaqədar olan başqa elmləri beyninin tutacağı qədər mənimsəməlisən. Ondan sonra yazacağın əsərlərdə nə qədər təkrarçılıq olsa da, onun içində mütləq yeniliklər olacaq. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyanda hələ tələbəlik illərindən ciddi elmlə məşğul olmağa başlamışam. Sonra fəaliyyətimi ardıcıl davam elədim. O zaman elmi adlardan elmlər namizədi, elmlər doktoru adlarını alırdılar. Bu adları bütün diqqətimi elmə verdiyimə görə vaxtında, qayda-qanunlara uyğun olaraq aldım. Düşünürəm ki, normal elmlə məşğul olan adam elmi dərəcə və adları vaxtında almalıdır. Dəqiq elmlər, məsələn, riyaziyyatla məşğul olanlar elmi dərəcələri daha tez alır. Çünki riyaziyyat gimnastika kimidir. 30 yaşında artıq təqaüdçüsən. Məşhur riyaziyyatçılarla söhbət edəndə görürəm ki, onlar da bu fikirdədirlər ki, ali riyazi təfəkkürə çox gənc yaşlarında yiyələnə bilirsən. Məsələn, 20 yaşında əsas kəşflərini edə bilərsən, 30 yaşında isə riyaziyyatçılar daha çox filosof olurlar. Yəni artıq riyazi hesablamaları beyin sürətlə qəbul edə bilmir. Humanitar sahədə isə mütləq yaş öz sözünü deyir. Yaş, təcrübə, müdriklik çox vacibdir, bütün bunlar sənə böyük ümumiləşdirmələr aparmağa imkan verir. Sən çoxlu ədəbiyyat əsərləri, tarixi mənbələr oxumalısan. 20-30 yaşlarında yaza və düşünə bilmədiklərimi 40-50 yaşında daha rahat və sistemli edə bilirdim. Aspiranturada oxuyanda müasir dünya dilçiliyinin banisi Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" kitabını oxudum və çox az başa düşdüm. Elmlər namizədi olanda müəyyən hissələri daha yaxşı başa düşürdüm və onu rus dilindən Azərbaycan dilinə tərcümə eləməyə başladım, edə bilmədim, gücüm çatmadı. Elmlər doktoru olandan sonra təkrar o kitab üzərində işləməyə başladım, çünki dilçiliyin əsas əsəridir, istəyirdim Azərbaycan dilində də olsun. Amma Azərbaycan dilində onu elə ifadə etməliydim ki, anlaşılsın. Artıq 40 yaşlarında onu tərcümə edə bildim. Demirəm ki, mükəmməldir, hər halda özüm dərk elədim ki, nə deyir. Bizim tanınmış dilçi alimimiz professor Nəsir Məmmədov bizə universitetdə Sössürdən dərs deyirdi. Haradasa 70 yaşı olardı, bir dəfə dedi ki, mən neçə ildir Sössürü oxuyuram, ondan dərs deyirəm, təbii müəyyən məsələlər mürəkkəbdir, bəzilərini anlamaq asandır, amma onun nə dediyini, mahiyyətini keçən il başa düşmüşəm (gülür). Humanitar sahədəki mütəxəssislər 30 yaşlarında elmlər namizədi, 50-60 yaşında elmlər doktoru olursa, ona pis baxmaq lazım deyil. Mən elmlə ardıcıl məşğul oldum, başqa işlərin dalınca getmədim, bu da mənə sürətlə adlar almağa imkan verdi. 26 yaşımda namizədlik dissertasiyasını müdafiə elədim, amma elmlər doktoru adını bir az daha tez aldım, 32 yaşında. Elmi rəhbərim Tofiq Hacıyev doktorluq işini gətirəndə heç baxmadı, müdafiələrə qədər elmi rəhbər məqalələri oxuyur, məruzələrə qulaq asır və təsəvvür yaranır, dedi ki, get yazdığın işə bir də bax, 20 ildən sonra o əsəri oxuyanda özündən narazı qalmayasan, amma gəlib müdafiə edə bilərsən. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçiləndə gözləmirdim, düşünürdüm ki, mənim üçün tezdir. Çünki məndən qabaqda müəllimlərim vardı, onların bir hissəsi müxbir üzv keçmədilər, bilirdim ki, məndən çox onlar layiqdir. O zaman uzun illərdən sonra ilk dəfə müstəqillik dövründə seçkilər keçirilirdi, ictimai-siyasi proseslər elə idi ki, seçkilər uzun müddət olmurdu. Nəzərdə tutdular ki, alimlərimiz bir az yaşlaşıblar, ona görə də güzəştlə cavanlardan da müxbir üzv seçilsin. Yəni mən o zaman güzəştlə, hörmət edib müxbir üzv seçildim. Obyektivliyə qalsa, məndən qabaq çoxlu alimlər vardı ki, onların xidmətləri daha çox idi və onlar seçilməliydi. Amma bu güzəşt mənə elə gəlir ki, həm də qarşıma məsuliyyət qoydu. Tofiq Hacıyev həm diplom, həm də namizədlik dissertasiyamın rəhbəri olmuşdu, doktorluq işimin məsləhətçisi idi, onunla eyni ildə müxbir üzv keçdik, Ağamusa Axundov müəllimim olmuşdu, onunla da həmçinin eyni vaxtda müxbir üzv seçildik. Bu, əlbəttə, mənim üçün böyük qürur idi, çünki müəllimlərimlə bir yerdə seçilmişdim, həm də məsuliyyət idi. Məsələn, həmin vaxt böyük dilçimiz Yusif Seyidov və ya başqa dilçilərimiz keçməli idilər. Mənə deyirlər, müxbir üzvlüklə həqiqi üzvlük arasında xeyli zaman keçdi, faktiki olaraq sən gecikdin, nəhayət ki, seçildin və sair. Bu deyilənləri qəbul eləmirəm.
- Aradan neçə il vaxt keçdi ki?
- 2001-ci ildə müxbir üzv seçilmişdim, indi də 2017-ci ildir, 15 ildən artıq vaxt keçib. Adətən, müxbir üzvlüklə həqiqi zvlük arasında bu qədər məsafə olmur. Amma bizim filologiya sahəsində böyük alimlərimiz olub ki, elə ancaq müxbir üzv olublar. Məsələn, Əbdüləzəl Dəmirçizadə. Bütün Azərbaycan dilçilərinin müəllimi sayılan Muxtar Hüseynzadə heç müxbir üzv olmayıb, ancaq professor elmi vəzifəsi olub. Əvvəlki güzəşti də nəzərə alanda fikirləşirəm ki, yox, hələ bəlkə də bir az tezdir (gülür). Təbii ki, formal olaraq vaxtilə arada olan seçkilərdə namizədliyimi verə bilərdim, amma vermədim.
- Niyə?
- Birinci dəfə Ağamusa Axundov namizədliyini vermişdi və bizim istiqamt üzrə 1 akademik yeri vardı. İkinci dəfə də Tofiq Hacıyev namizədliyini irəli sürmüşdü. Hətta o zaman mənə dedilər ki, sən də namizədliyini ver, ola bilsin, əlavə yer ayırsınlar. Bizdə bu praktika da var, çox zaman da müəyyən adamlar elə keçirlər. Amma sözün açığı, bu təklif mənə heç normal görünmədi. Görürdüm ki, yer birdir, layiq olan da Tofiq müəllimdir. Dedilər, sağ olsun, müəllimi namizəd oluğuna görə öz namizədliyini irəli sürmədi, amma onun üçün adama təşəkkür eləməyə ehtiyac yoxdur. Düşünürəm ki, normal adam bu cür hərəkət eləməliydi.
- Bəs bu seçkilərdə necə oldu namizədlik barədə qərara gəldiniz?
- Bu dəfə artıq bildim ki, bu yer mənimkidir. Təsadüfən yer verilmir. Əvvəldən nəzərdə tutulur ki, neçə akademik yeri lazımdır. Çünki limit var. Çox normal düşündülər ki, tarix sahəsində 5 layiqli adam var, onlar üçün 3 yer ayrıldı, layiqli adamlar da akademik seçildi. Bəlkə də 1-2 layiqli adam kənarda qaldı. Belə hallar da olur. Mən bilirdim ki, dilçilik sahəsində məni nəzərdə tutublar, sonra bir yer də əlavə edildi, Möhsün Nağısoylu keçdi, o da tamamilə layiqdir. Möhsün müəllim təzəlikcə müxbir üzv keçmişdi, amma sağ olsunlar, belə qərara gəldilər ki, o da həqiqi üzv seçilsin. Desəm ki, 10 il qabaq akademik seçilməliydim, onda səhv etmiş olaram. Hətta fikirləşirdim ki, ola bilsin bu dəfə də həqiqi üzv seçilməyim. Amma bilirdim ki, bu dəfə keçməsəm...
- Sonuncu elmi nailiyyətiniz nə olub?
- Həm dilçilik sahəsində, həm də ədəbiyyatşünaslıq, bütövlükdə ümumi filologiya sahəsində çox çalışmışam. Əsas işlərim Azərbaycan dilinin tarixi, dilimizin türk dilləri içərisində yeri, Azərbaycan dili və ədəbiyyatı tarixinin dövriləşdirilməsi ilə bağlıdır. İşlərimdə az-çox diqqəti cəlb edən məsələ xalqımızın, dilimizin və ədəbiyyatımızın tarixini türk dünyası kontekstində öyrənməkdir. Yəni təsadüflər, ordan-burdan gəlmələr, yayınmalar şəklində yox, konkret olaraq milli mənliyimizin mahiyyətinin nədən ibarət olması sahəsində çalışıram. Demirəm, böyük kəşflərim var, hər halda elmimiz üçün yeni qəbul edilən, istinad olunan xeyli mülahizələr var ki, onların üzərində işləmişəm.
- Müstəqillik dövründə iqtisadiyyat üzrə akademiklər seçilməməsini nə ilə izah etmək olar?
- AMEA-nın elm siyasəti dövlət tərəfindən tənzimlənir. Sovetlər Birliyindən sonra postsovet məkanında elə respublikalar oldu ki, onlar Elmlər Akademiyasını ümumiyyətlə ləğv elədi, elələri oldu ki, onu formal quruma çevirdi. Azərbaycandakı qədər Elmlər Akademiyasına xüsusi diqqət verən, bu qurumda çalışan işçilərin maaşını qaldıran, onların nüfuzunu yüksəldən, ölkənin ictimai-siyasi həyatına cəlb edən başqa dövlət yoxdur. Bu, ümumilli liderimiz Heydər Əlyevin dərindən dərk olunmuş və kifayət qədər perspektivləri olan siyasətidir. AMEA çox böyük potensiala malikdir. 90-cı illərin əvvəllərində akademiya məhv olurdu, deyirdilər Elmlər Akademiyası lazım deyil. Amma bundan sonra gedən proseslərdə o nəzərdə tutulur ki, hansı sahələrə önəm verilməlidir. Elə sahələr var ki, həddən artıq praktik sahədir. Məsələn, iqtisadiyyatın özü nəzəri sahədən daha çox təcrübidir. Dövlətimizi, iqtisadi prosesləri özümüz idarə edirik. Bu sahədə də bizim akademiklərimiz olub, yenə də olacaq, buna şübhə yoxdur. Amma dil, ədəbiyyat, tarix üçün kabinetdə oturub işləyən adamlar lazımdır, çünki sırf nəzəri sahədir. İqtisadiyyat istiqaməti üzrə akademiklərin az olması, heç də o demək deyil ki, bu sahə inkişaf eləmir. Bizim yaxşı işləyən dövlət aparatımız, hüquq sistemimiz, idarəçilik texnologiyalarımız var. Faktiki olaraq bütün nazirlərimizə akademik adı verilə bilər. Bəzən onların bildiyini heç nəzəriyyəçilər bilmir. Çünki onlar işin birbaşa praktik tərəfi ilə məşğuldurlar. Amma elmin fundamentallığı var. İqtisadiyyatın idarəçilik texnologiyaları ilə məşğul olan alim bir dövlətin deyil, bütün dünyada gedən prosesləri ümumiləşdirir. Ola bilər bu ümumiləşmə heç kəsə lazım deyil, nəzəri bir şeydir. Kənd təsərrüfatı sahəsi üzrə akademik seçilmiş şəxsi kənd təsərrüfatı naziri qoysan, o, nazirin işini görə bilməyəcək. Amma onun da bildiyi elə ümumiləşmələr var ki, o, bizim elmi təfəkkürümüzün mədəniyyəti üçün lazımdır...
- Siyasətə çox vaxt ayırsınız, yoxsa elmə, yazı-pozu işlərinə?
- Daha çox elmə. Artıq 100-ə qədər kitabım çıxıb, düzdür, içərisində təkrarlar da var, heç vaxt elmdən artıq heç nəyə, o cümlədən məişətimə, ailə işlərinə, siyasətə vaxt ayırmamışam. Təbiətən siyasətçi deyiləm. Daha çox elmlə məşğul olan adamam. Özü də bilmirəm siyasətçi olmaq nə deməkdir.