“Türk burjuaziyası ölkəni tərk edir” Müsahibə

“Türk burjuaziyası ölkəni tərk edir”

Rahim Akın: "Onlar qorxurlar ki, bu hökumət dünyəvi Türkiyənin həyat şərtlərini dəyişdirəcək, ona görə buradan gedirlər"

"Habertürk" qəzetinin iqtisadi məsələlər üzrə şərhçisi Rahim Akın APA-ya müsahibəsini təqdim edirik.

- Son günlər türk lirəsinin yeni bir dalğalanmaya məruz qalmasının səbəbi nədir? Buna ciddi bir devalvasiya deyə bilərikmi? Bu, bazarda gözlənilən bir şey idi, yoxsa?..
- Biz dünyada cərəyan edən hadisələrin, ticarət savaşlarının təsirini görə bilmirdik. 2008-ci ildəki maliyyə böhranından sonra dünyada təxminən 20 trilyon dollar pul çap edildi. Xüsusilə ABŞ dolları baxımından deyirəm, o pullar Türkiyə kimi inkişaf etməkdə olan ölkələrə gedib, oraların faizindən, birjasından faydalanmağa çalışırdı...
- Çap edilən pulların qarşılığı yox idi?
- Təbii ki, qarşılıqsız idi. ABŞ 4 trilyon dollar pul çap etmişdi. Bunun qarşılığında nə var, qızıl var, başqa bir şey var?
-Ümumilikdə o pullar fondlara, banklara verildiyinə görə, banklar dünyanın başqa ölkələrinin əllərində olan varlıqlarla onlara daha çox dəyər qazandırmağa çalışırdılar ki, xüsusilə əmtəələrlə öz zərərlərini qapatsınlar. Bazarda olan 300 fond idarəçisinin dünya bazarını ciddi şəkildə yönləndirdiyini unutmayaq. Qarşılıqsız kəsilən pullar bazarları yuxuya vermişdi. Ancaq FED-in faiz artırma dönəmi gəldi və biz bir dəhlizə girdik. O dəhlizdə pulun öz evinə qayıtma həvəsi də yoxdur və gərəyindən artıq çap edilmiş pulların bir çox ölkədə təsirinin olması qaçılmazdır. Bunun kimə nə dərəcədə təsiri olacaq? Ev tapşırıqlarını yaxşı yerinə yetirən ölkələrə müsbət təsiri olacaq, yerinə yetirməyən ölkələr bunun mənfi təsirini görəcəklər. Türkiyə iqtisadiyyatına baxanda bunu görürük: biz 2001-ci ildəki böhrandan sonra Qərb dünyası ilə razılaşdıq, əvvəlcə onlar bizə öz reytinq şirkətlərini göndərdilər, o şirkətlər bizim kredit dərəcəmizi artırdılar, sonra fondlar bizə investisiya gətirdi, əcnəbi sərmayə gəldi, məzənnə aşağı düşdü, dollar ucuzlaşdı, bizdə bir rifah başladı ki, gəl görəsən. Amma bunun müqabilində bizim cari kəsirimiz artdı, xərclərimiz çoxaldı, maşın aldıq, mobil telefon aldıq, fasiləsiz şəkildə pul xərclədik, iqtisadiyyatımız böyüdü. Bu, saxta rifah sistemi idi. Daha sonra Qərb ilə aramız dəydi, bu dəfə oradan gələn kredit qurumları bizim kredit dərəcəmizi azaltdılar və nəticədə hər şey keçmişdə olduğu vəziyyətə qayıtdı. Dünya bazarlarındakı çalxalanmanın qabağını bazarlara "şpris ilə vurulan" o 20 trilyon dollar almışdı. FED-in faiz artırma prosesi ilə birlikdə indi o da yavaş-yavaş aradan qalxır. Bu prosesdən, məsələn, Hindistan kimi daha çox istehsal edən, cari kəsiri daha az olan, ixracatı çox, idxalatı az olan ölkələr az təsirlənərək çıxırlar. Bu vəziyyət çox açıqdır: ayağını nə qədər yorğanına görə uzadırsansa, ayağın o qədər az üşüyəcək. Türkiyənin xarici ticarət kəsiri hələ də çox yüksəkdir, bu prosesdə özəl sektorumuz çox borc alıb. Bir ildə "roll over" üçün 230 milyard dollar pul tapmaq məcburiyyətindəyik. Bu borc dünyanın ilk 5 ölkəsini təşkil edən ölkələrdən başqa hamı üçün ciddi problemdir. Ondan əlavə, hamı bilir ki, Afrində ABŞ və Qərb dünyası ilə qarşı-qarşıya gəlmişik. Bizim orada atdığımız addımlar onların xoşuna gəlmir. Dünyanın maliyyə bazarlarına sahib olan ağalarla qarşı-qarşıya gələndə bunun bizim bazara mənfi təsiri qaçılmaz olur. FED-in faiz artımına getməsi, siyasi proseslər, cari kəsirimizin artması valyuta bazarında dalğalanmaya səbəb oldu.

- Amma keçən il Türkiyə iqtisadiyyatının 7,4% böyüdüyü açıqlandı.
- O böyümə kredit təşviq fondunun dəstəyi ilə əldə edilib.
Yeni investisiyalar sayəsində yox, daha da çoxalan istehlaka görə iqtisadiyyatımız böyüyüb. Daxildəki istehlak cari kəsiri artırır. İqtisadiyyat 7,4% böyüyür, ancaq valyutanın məzənnəsi yüksəlir. Bu, necə işdir? Çünki iqtisadiyyatımız daim cari kəsirlə böyüyür, dollara daim ehtiyacımız olduğuna görə, məzənnə yüksəlir. Aprel ayında Zərrab prosesində hökm elan ediləcək, o prosesdə veriləcək hökm də yavaş-yavaş valyuta bazarında təsirini göstərməyə başlayacaq.
- Son aylar başda prezident Ərdoğan olmaqla, Türkiyəni idarə edənlər "yerli və milli" məfhumlarını ön plana çıxarırlar. Beynəlxalq sistemə inteqrasiya olmuş bir iqtisadi sistem "yerli və milli" ola biləcəkmi? Bəzi böyük türk şirkətlərinin ölkəni tərk etməsindən də söhbət gedir.
- Əslində "yerli və milli" məsələsi müsbətdir. Yəni bir çox şey Türkiyədə istehsal edilsin. Əslində özəl sektor üçün ciddi bir sıxıntı var: qorxu. Kim nə deyirsə-desin, Türkiyədə özəl sektorun qorxusu var. İndi Londonda türk məhəllələrinin yarandığını eşidirik. Kimlər gedir? Türk burjuaziyası. Nə üçün gedir? Görünən mənzərə budur ki, hökumətlə gerçək türk burjuaziyasının arası yaxşı deyil, bunun qısa müddətdə düzəlməsini də gözləməmək lazımdır. Onlar qorxurlar ki, bu hökumət dünyəvi Türkiyənin həyat şərtlərini dəyişdirəcək, ona görə buradan gedirlər.
Bir neçə ildən bəri bəzi sərmayə sahibləri öz pullarını ölkədən çıxardıqlarını deyirdilər, indi isə onlar özləri gedirlər. Bununla bağlı rəqəmlər olmasa da, bir neçə holdinqin əcnəbi ölkələrə satıldığını görürük. Türkiyənin bu qədər investisiyaya ehtiyacı varkən o pullar niyə xaricə aparılır? Bu vəziyyət sərt şəkildə tənqid edilə bilər. Əgər sən Türkiyənin holdinqisənsə, o pulu buradan qazanmısansa, niyə xaricə aparırsan? Rusiyanın "Qazprom" şirkəti kimi strateji investisiyaların olar, pulu apararsan. Ancaq Türkiyədə sərmayə özünü rahat hiss etmirsə, bunun da səbəblərini araşdırmaq lazımdır.
- Ərəb ölkələrindən "isti pul"un axmasına dair söhbətlər də daima bazarda dolaşır. "İsti pul" gəlməyə davam edirmi?
- Ərəb ölkələrindən pul daşınmaz əmlak almaq üçün gəlir, bir neçə şirkət alındı və s. "Ərəb pulu" barədə biz də dəfələrlə yazmışıq, qəzetlərdə yazılan o pulları bir yerə toplasaq, Türkiyənin Ümumi Daxili Məhsulunun 5 qatı olardı.
Ancaq vəziyyət qətiyyən bu şəkildə deyil. Ərəblər gəlib burda ev alır, xəstəxana alır və s. Asan pul qazana biləcəkləri işlərə pul xərcləyirlər, onlar sənayedə, istehsal sahələrində yoxdur. Türkiyədə yeganə ciddi əcnəbi investor SOCAR-dır. 18 milyard dollar birbaşa sərmayə gətirib, ondan başqa real iş görən heç bir şirkət yoxdur. Körfəzdən isə bu ölkəyə fayda gətirən heç bir şey yoxdur.
- İki il əvvəl Varlıq Fondu qurulsa da, bu günə qədər hər hansı ciddi iş gördüyünə şahid olmadıq. Varlıq Fondu nə üçün qurulmuşdu? Xəzinənin və Mərkəzi Bankın təminatları kifayət etmirmi?
- Varlıq Fondu qurulanda tənqid edilmişdi, amma sənin varlığın varsa, o fondu qurarsan. Məsələn, Sinqapurun büdcəsi profisitlə tamamlandığı üçün o əlavə pulu götürüb fond qurur və dünyanın müxtəlif yerlərinə investisiya aparır. Bizim fondumuz o fonddan deyil. Biz dövlət və şirkətlər olaraq borc alır, ancaq çox faiz verirdik. Məsələn, Osmanqazi körpüsü borc alaraq inşa edilib, 7 banka səlahiyyət verilmiş və həmin banklar gedib xaricdən pul tapmışdılar. Xaricdən pul tapanda faiz verirsən, bankın öz faizi var, vasitəçi də faiz alır, konsorsiumun faizi var. Burada xərclər həddindən artıq çoxalır. Varlıq Fondu investisiyaların davam etməsi üçün daha ucuz kreditlər tapmaq məqsədilə yaradılmışdı. Bu, səhv fikir idi, uşaq ölü doğulmuşdu. İndi isə Varlıq Fondunun prezidentini işdən çıxartdılar, bir neçə nəfər milyon dollarlarla maaş aldı, olan türk xalqına oldu. İndi deyirlər ki, Varlıq Fondunun dünya miqyasında tanınan prezidenti olacaq. İnşallah, dedikləri kimi olar.
- Bir neçə ay əvvəl prezident Ərdoğanın müraciəti ilə bəzi vətəndaşlar əllərindəki dollarları xırdaladılar. İndi onların böyük zərərə məruz qaldıqları açıq şəkildə görünür. Baş nazirin iqtisadiyyata cavabdeh müavini Mehmet Şimşək isə bir neçə gün öncə şirkətlərə müraciət edərək onları dollarla borc almamağa çağırınca, prezident Ərdoğan bunu sərt şəkildə tənqid etdi. Nə baş verir?
- Prezidentin tənqidindən sonra Mehmet Şimşəkin müraciətini bir daha oxudum. Onun dedikləri çox məntiqlidir, deyir ki, FED-in faizləri artırma prosesi var, dünyada bunun təsirləri olacaq, ixracatla məşğul deyilsinizsə, yəni, bir tərəfdən sizə valyuta gəlmirsə, gedib valyuta ilə borc almayın, ayağınızı yorğanınıza görə uzadın. Şimşəkin bu sözlərinin prezidentə necə çatdırıldığını bilmirik, böyük ehtimalla bu şəkildə çatdırılıb: Mehmet Şimşək Türkiyənin vəziyyətini neqativ şəkildə göstərir, cəmiyyətə mənfi ssenari təqdim edir, onun qulağını çəkin. Prezident də Şimşəkin "qulağını çəkdi". Ancaq bunu görmək lazımdır ki, əgər iş prezidentə açıqlama verdirmək səviyyəsinə çatıbsa, bu iş davam edəcək. Buna görə Mehmet Şimşəkin indi olduğu yerdə qalma müddətinin az olduğunu düşünürəm. Kiçik bir şeydən bu qədər qiyamət qoparıldısa, demək ki, işin kökü dərindədir.