“Hər şeydə iqlim dəyişikliyini günahlandırmaq doğru deyil” Cəmiyyət

“Hər şeydə iqlim dəyişikliyini günahlandırmaq doğru deyil”

“Əlbəttə biz bu barədə dəfələrlə danışmışıq. Hər şeydə iqlim dəyişikliyini günahlandırmaq doğru deyil. İqlim dəyişikliyi nə qədər dəyişsə də bu, əsas səbəb deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusilə Volqa çayının sululuğunun kəskin azalmasıdır”.

Bu fikirləri “xalqcebhesi.az”a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.

Onun sözlərinə görə, Rusiya ərazisində Volqa çayının sularından həddən artıq istifadə olunur, həmçinin çoxsaylı su anbarlarının tikilməsi buxarlanmanı və inteqrasiyanı artıraraq Xəzərə daxil olan su miqdarını kəskin şəkildə azaldır: “Xəzəryanı dövlətlərin zirvə toplantısında bu məsələ çox kəskin şəkildə gündəmə gətirilməlidir. Hansı Xəzəryanı dövlətdən Xəzərə nə qədər su daxil olur və nə qədər daxil olmalıdır – bu razılaşdırılmalıdır. Birgə komissiya yaradılaraq su daxilolmaları üzərində monitorinq təşkil edilməlidir. Bu ölkələrin ərazisində yerləşsə də, monitorinqə bütün Xəzəryanı dövlətlər nəzarət etməli, ən azından onun tərkibi barədə məlumatlandırılmalıdır”.
Rövşən Abbasov qeyd edib ki, problemin həlli kimi Volqa, Ural və digər çayların hövzələrində su götürmələrin azaldılması və daha effektiv su istifadəsi texnologiyalarının tətbiqi vacibdir: “Bu, Xəzərə gələn suyun həcmini artırmağa kömək edə bilər. Əlbəttə, bu, hər bir dövlətin suveren hüququdur, lakin Xəzəryanı dövlətlər Xəzər konvensiyası və ya başqa bir razılaşma çərçivəsində öz üzərlərinə müəyyən öhdəliklər götürməlidirlər”.

Günel Elxan