XIX-XX əsrin əvvəllərində ədəbi hərəkat Ədəbiyyat

XIX-XX əsrin əvvəllərində ədəbi hərəkat

1-ci yazı

Yüzilliklər tarixinə malik Türkiyə türk ədəbiyyatı zəngin ənənələr zəminində inkişaf etmiş, dünya ədəbi-bədii fikrinin formalaşmasında mühüm rol oynayıb. Lakin onu da nəzərə almaq lazımdır ki, hər bir xalqın ədəbiyyatında olduğu kimi Türkiyə türk ədəbiyyatında da özünəməxsus cəhətlər və fərqli xüsusiyyətlər diqqətdən yayınmır. Təbii olaraq, burada birinci növbədə milli sənət problemlərinin qarşısında dayanan məsələlər və onun həlli yolları önəm təşkil edir. Türkiyə ədəbiyyatşünaslarının dediyi kimi (məs. Nihad Sami Banarlı) Türkiyə türk ədəbiyyatının bir özəl keyfiyyəti də ondan ibarətdir ki, bu ədəbiyyat "bir çox millətlərin ədəbiyyatları kimi bir vətəndə, son beş-altı əsr içində yox, türklərin dəyişik vətənlərində" "27 əsr müddətində" formalaşıb inkişaf edib. Doğrudur, bu qədər geniş coğrafi məkanda ümumtürk ədəbiyyatı və sənət ənənələrinin təsiri özünü göstərsə də, Türkiyə türk ədəbiyyatı milli bir ədəbiyyat olmaq keyfiyyətini qoruyub saxlaya bilib.
XIX əsrin sonu, XX əsrin əvvəlləri Türkiyə türk ədəbiyyatının kifayət qədər məhsuldar, eyni zamanda ziddiyyətli və gərgin ədəbi proseslər zəminində formalaşan mərhələsi hesab olunur. Bildiyimiz kimi XIX əsr dünya üçün yeni dövr kimi xarakterizə olunur. Bu əsrdən başlayaraq dünya siyasəti və iqtisadiyyatı yeni mərhələyə qədəm qoymuş, daha çox beynəlxalq aləmdə parçalanmalar, siyasi münaqişələr, iqtisadi maraq toqquşmaları müşahidə olunmağa başlamışdır. Böyük Osmanlı imperiyasının parçalanmasının təməli, Avropa siyasi-iqtisadi gücünün Şərqə hakimliyi və s. bu əsrin payına düşür. Lakin XIX əsr tarixin yaddaşında yalnız siyasi-iqtisadi proseslər baxımdan qalmamışdı. XIX əsr tarixin yaddaşına həm də elmi, mədəni inkişafın yüksək mərhələsi kimi həkk olmuşdu. Bu dövrdə təbii olaraq bütün sahələrdə inkişafın mərkəzində Avropa dayanırdı. Bu səbəbdən Kiçik Asiyadan Yaponiyaya qədər özlərinin milli-mədəni inkişaf strategiyasını müəyyənləşdirmək istəyən xalqların avropalaşmaq meyli təsadüfi deyildi.
Avropa özünün siyasi gücü və iqtisadi potensialına görə dünyada ön cərgədə dayanırdı. XIX əsrin sonlarında Süveyş kanalını (1869) çəkməklə iqtisadi-siyasi prosesləri öz xeyrinə həll edən və Şərqə nüfuzunu sürətləndirən Avropa elmi-mədəni baxımdan da bu regiona təsir göstərə bildi. Bu bir tərəfdən siyasi güc ilə bağlıdırsa, başqa tərəfdən Kantın "ağlını işlədərək gücünü göstər" nəzəriyyəsindəki ağlın, elmin gücü ilə bağlıdır. Əlbəttə, Avropa elmi-mədəni nüfuzunun kökündə çoxəsrlik ənənələrin təsirinin dayandığını inkar etmək olmaz.
Avropa renessansı sonrakı yüzilliklərdə elmin, mədəniyyətin sıçrayışlı inkişafı üçün möhkəm zəmin yaratdı. Kilsə ilə elmin birləşməsi, yeni üsullu məktəblərin açılması, mətbəə və teatr şəbəkələrinin genişləndirilməsi Avropanın elmi-mədəni mənzərəsinin dəyişməsində xüsusi rol oynadı. XV əsrdə Avropada 1700 mətbəənin olması və mətbəələrdə 20 milyon kitabın çap olunması faktı Avropanın mədəni-elmi baxımdan hansı səviyyədə dayanmasını nümayiş etdirirdi. Avropanın Volter, Russo, Mon- teskyo, Kant və digər düha sahiblərinin ağıl gücünə arxalanması onun tərəqqisinə güclü təkan verirdi. Lakin Şərq və onun timsalında Türkiyədə isə proseslər başqa cür gedirdi. Hər şeydən əvvəl Osmanlının çoxəsrlik imperiya statusu XIX əsrdə tamamilə dağılmaq təhlükəsi ilə üzləşmişdi.
XVI-XVII əsrlərdə dünyanın ən böyük siyasi qüdrətinə malik Osmanlı imperiyası artıq XVIII əsrdən siyası itkiləri ilə barışmalı oldu. 1699-cu ildə Karlofça sazişinə görə Osmanlı dövləti Macarıstanı, Ukraynanı, Azovu və s. yerləri itirməli oldu. Karlofça sazişi Osmanlı imperiyasının parçalanması üçün zəmin yaratdı. Sonrakı dövrlərdə Rumıniyada, Balkanlarda, ərəb ölkələrində baş verən üsyanlar Osmanlı hakimiyyətində siyasi böhran və uğursuzluğun növbəti səhifəsi oldu. Digər tərəfdən Qara dəniz sahillərində türk-rus müharibələri həmin uğursuzluq səhifələrində özünə yer aldı. Bu durumda Osmanlının gələcək taleyi ziyalıları daha çox düşündürürdü. Onlar Avropa siyasi, iqtisadi və mədəni təcrübəsindən faydalanmağı münasib hesab edirdilər. Paralel olaraq Avropa ilə diplomatik əlaqələrin qurulması, 1719-cu ildə Vyanaya, 1721-ci ildə Parisə elçilərin göndərilməsi və s. tədbirlər Türk-Qərb əlaqələrinin qurulmasında yeni addımlardan biri idi. III Əhməd hakimiyyəti zamanında bəzi saray məmurları və ziyalılarının Qərbə yaxınlaşma və ondan faydalanmaq ehtiyacından yaranan Lalə dövründə (1718-1730) gözlənilən nəticə əldə olunmadı. O, Avropa saray dekorasiyası və bağça-park tərtibatı şəklində əhəmiyyətsiz sosial xarakter daşımaqdan irəli gedə bilmədi. Lalə dövrü 1730-cu il 28 sentyabr ta¬rixində Patrona Xəlil üsyanı ilə başa çatdı.
1773-cü ildə "Məktəbi-riyaziyyə", 1776-cı ildə "Həndəsə odası", 1783-cü ildə "Mühəndisxaneyi Bəhri-Humayun", 1827-ci ildə "Məktəbi-tibbiyə", 1831-ci ildə "Muzıkayi-Humayun", 1834-cü ildə "Məktə- bi-hərbiyyə" məktəblərinin açılması, o cümlədən, gəmi mühəndisləri hazırlamaq üçün Avropa məktəbləri ilə əlaqələrin qurulması avropalaşma üçün təmələ çevrilirdi. Lakin avropalaşmanın rəsmi əsası isə 1839-cu il 3 noyabr bazar günü tarixində "Tənzimat" fərmanının elanı ilə qoyuldu. Bu fərman II Mahmudun ölümündən sonra taxta sahib olan oğlu Əbdülməcidin xeyir-duası ilə qəbul edilmişdi. Sultan Əbdülməcid Avropa təsirli olduğundan xarici işlər naziri Rəşid Paşa tərəfindən hazırlanan fərmanı dəstəkləmişdi. Fərman sultanın, əyanlarının, xarici elçilərin, xalq nümayəndələrinin iştirakı ilə Gülhanə parkında elan olunmuşdu. Ona görə, "Tənzimat" fərmanı "Gülhane Hatti Hümayünü" adı ilə də tanınır. 1839- cu ildə Osmanlı dövlətinin qəbul etdiyi Tənzimat islahatı bilavasitə Avropa təsirləri ilə bağlı idi. Daha dəqiq ifadə etsək, Tənzimat islahatı Osmanlı dövləti tərəfindən Avropa, həm də Rusiya müdaxiləsi qarşısında "öz varlığını qorumaq üçün həyata keçirdiyi siyasi, ictimai, mədəni hərəkat idi."
Tənzimat fərmanı ilk növbədə siyasi sənəd idi. Bu fərmanın tətbiqi Osmanlı dövlətinin ictimai-siyasi həyatında dəyişiklik yaratdığı kimi, onun yeni mədəniyyətinin formalaşmasına da təsir göstərdi. Ona görə də tədqiqatçılar Tənzimat dövrü hadisələrini xarakterizə edərkən onu həm siyasi, həm də mədəni baxımdan xarakterizə edirdilər. Məsələn, N.S.Banarlı Tənzimatı "Osmanlı Türkiyəsinin mədəniyyət dəyişdirməsi və dövlət əli ilə yapılan bir inqilab", A.H.Tanpınar "müsəlman şərq tarixində dövlət bünyesini yeni əsasların üzərində təşəkkülə dəvət edən və dövlətlə fərd arasındakı münasibətləri yepyeni bir plana keçirən, ... başqa bir mədəniyyət dairəsinə girdiyini elan edən aksiya", Ə.Kabaklı isə "Osmanlı dövlətinin batıya dönüşünü milli şəxsiyyət və bağımsızlığından da bir ölçüdə qoparaq Avropaya mənəvi mənada yenilişini bir proqram halında ifadə edən ilk rəsmi sənəd" hesab edirdi.
1839-cu il 3 noyabr tarixli Tənzimat fərmanı hüquqi fərman idi. Bu fərmana görə Osmanlı dövləti öz üzərinə böyük öhdəliklər götürürdü. Təxminən 3 kitab səhifəsi həcmində olan fərmanda yeniliklərə dövlət proqramı tələbi kimi yer verilirdi. İlk növbədə, dövlət təbəəliyində olan bütün vətəndaşlar qanun qarşısında eyni tutulurdu. Bu o demək idi ki, Osmanlı dövlətinin tabeçiliyində olan xristian və musəvi dininə itaət edənlərlə müsəlmanlar arasında dövlət heç bir fərq qoymayacaq. Eyni zamanda, həmin xalqların malı, dövləti, canı, namusu dövlət tərəfindən qorunacaqdır. Bundan başqa fərmana görə hər kəsdən vergi imkanlarına görə alınacaq, əsgərlik müddəti müəyyən hüdudlar daxilində olacaq, rüşvət alınmayacaq, məmurlar dövlətdən məvacib alacaq, məhkəmə qərarı olmadan heç kəsə cəza verilməyəcək, əmlakı müsadirə edilməyəcək, qanunların icrasına cavabdehlik padşahın, vəzirin üzərinə düşəcək və s. 1956-ci ildə Sultan Əbdülməcid Fransa, İngiltərə, Avstriya birliyinin tələbləri ilə "İslahat fərmanı" elan etdi. Bu fərmana görə 1839-cu il fərmanında sultanın cavabdehlik və məsuliyyəti, verdiyi təminat daha da gücləndirilməli və əsaslandırılmalı idi. Artıq insan haqları nöqteyi-nəzərindən tənzimlənən yeni qaydalar Osmanlı dövlətində yeni ictimai-siyasi mühitin formalaşmasına gətirib çıxardı. İlk baxışdan demokratik ab-hava yaradacaq bu fərmanlar Osmanlıdan çox Avropa dövlətləri üçün faydalı idi. Çünki Osmanlı hər mənada Avropanın təsiri altına düşür, ictimai fikir Avropanın xeyrinə həllini tapırdı. Məhz Avropa dövlətlərinin məqsədli təsiri ilə Osmanlı tabeçiliyində olan xalqlar öz haqlarını tələb etməyə başladılar. Osmanlı dövlətinin tabeçiliyində olan qeyri-müsəlman xalqlar bərabərçilik imtiyazlarından istifadə etmək, hakimiyyətdə təmsil olunmaq iddialarını gücləndirdilər, azadlıq haqlarını tələb etməyə başladılar. Nəticədə Osmanlı dövlətinin qüdrətinə təsir edəcək ixtişaşlar, milli hərəkatlar başladı. Balkanlarda başlayan milli azadlıq aksiyaları, daxildə və ərəb ölkələrində baş verən narazılıqlar Osmanlı dövrlərində siyasi mənzərənin dəyişməsinə güclü təkanlar verdi. Tənzimatın siyasi təsiri əvvəl başladı. Onun ədəbi, mədəni, elmi, fəlsəfi təsiri isə sonra təzahür etdi. Yeni üsullu məktəblər, teatrlar, mətbəələr açılır, qəzet və kitabların nəşri sürətlənirdi.
Şübhə yoxdur ki, həyata keçirilən islahatlar ədəbiyyata təsir etməkdən də yan keçmədi. Ona görə də, Tənzimatı həm də Avropa mədəniyyətini Osmanlı xalqı üçün qəbul etdirmək yolunda dövlətin atdığı addım kimi qiymətləndirmək olar. Nəticədə Avropa ədəbiyyatının türk ədəbiyyatına həm forma, həm də məzmun baxımından təsirini özündə əks etdirən Tənzimat ədəbiyyatı formalaşdı. Tənzimat ədəbiyyatı Avropa ədəbi modelinin Türkiyədə qəbulu və inkişafı demək idi. Türkiyədə Tənzimat ədəbiyyatı 1860-cı ildə Şinasi ilə başlamış və 1895-ci ildə "Sərvəti-fünun" ədəbi məktəbinin yaranması ilə başa çatmışdı.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor