Müasir türk realist ədəbiyyatının görkəmli simalarından biri: Rəşad Nuri Güntəkin Ədəbiyyat

Müasir türk realist ədəbiyyatının görkəmli simalarından biri: Rəşad Nuri Güntəkin

1-ci yazı

Müasir türk realist ədəbiyyatının görkəmli simalarından olan Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda hərbi qulluqçu ailəsində doğulub. Atası Nuru bəy hərbi həkim vəzifəsində çalışıb. Anası Lütfiyə xanım Ərzurum valisinin qızı olub. Atasının işi ilə əlaqədar yaşadığı yeri tez-tez dəyişdiyindən Rəşad Nurinin uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Onun İzmir və Çanaqqalada keçirdiyi günlər uşaqlıq xatirəsində silinməz izlər buraxıb. O, ilk təhsilini Səlimiyyədə yerləşən məhəllə məktəbində alıb.
Lakin 1900-cü ildə ailələrinin Çanaqqalaya köçməsi nəticəsində o, təhsilini buradakı məktəbdə davam etdirir. Bir neçə müddətdən sonra Qalatasaraya gedərək oradakı məhəllə məktəbində bir il oxuyub. Rəşad Nuri orta təhsilini İzmirdə tamamladıqdan sonra İstanbul Darülfünunun ədəbiyyat fakültəsinə daxil olub. Burada ədəbiyyat müəllimi işləyən Mehmed Akif Ərsoy Rəşad Nuridə müəllimliyə olan maraq və rəğbəti artırıb. Bu səbəbdən 1912-ci ildə darülfünunu bitirən kimi əvvəlcə İstanbul, sonra isə Bursada ədəbiyyat müəllimi işləyib. O, 1916-1917ci illərdə İstanbul Fateh Vahid məktəbinə müdir təyin edilib. Həmin dövrlərdə Rəşad Nuri daha çox pedaqoji fəaliyyətə üstünlük verir, xalqın maariflənməsində əlindən gələni əsirgəmirdi. O, Fateh məktəbində bir qədər işlədikdən sonra, Vəfa və Ərəngöy məktəblərində türk dili və ədəbiyyatından dərs deyir, pedaqoji fəaliyyət dairəsini genişləndirir. Rəşad Nuri 1924-cü ildə bir qrup türk ziyalısı ilə "Kələbək" adlı satirik qəzetini çıxarmağa nail olur. Bu qəzetdə Rəşad Nurini narahat edən ictimai qüsurlar öz əksini tapır, müxtəlif sosial problemlərdən söhbət açılırdı. Rəşad Nurinin qəzetçilik fəaliyyəti təkcə bu orqanla məhdudlaşmır. O, "Ağbaba" adlı digər bir satirik jurnalla da əməkdaşlıq edirdi. Qeyd etmək lazımdır ki, Rəşad Nuri bədii yaradıcılığa hekayə yazmaqla başlayıb. Birinci Dünya müharibəsi illəri onun yaradıcılığının məhsuldar mərhələsi hesab olunur. Gənc yazıçı tamamladığı "Çalı quşu" romanını 1922-ci ildən etibarən hissə-hissə "Vaxt" qəzetində çap etdirməyə başlayır. Rəşad Nuri bir müəllim, yazıçı və qəzetçi kimi ölkə miqyasında tanınmağa başlayıb, xalq yolunda göstərdiyi xidmətlərinə görə nüfuzu get-gedə artıb. O, 1927-ci ildə Maarif Vəkaləti Müfəttişliyinə işə götürülür. Rəşad Nuri haqqında yazılmış əksər kitablarda birmənalı şəkildə göstərildiyi kimi, bu vəzifədə olarkən o, Anadolunun şəhər və kəndlərini gəzib, güclü müşahidə qabiliyyəti ona xalqın yaşayış tərzini, əxlaq və məişətini öyrənməyə imkan verib. Heç şübhəsiz, Rəşad Nuri yaradıcılığında bu müşahidələrin böyük əhəmiyyəti olub. Rəşad Nuri təyin olunduğu müfəttiş vəzifəsində 1939-cu ilə qədər çalışıb. 1939-cu ildə xalq tərəfindən etimad göstərilərək Böyük Millət Məclisinə deputat seçilib. 1943-cü ildə deputatlıq səlahiyyəti başa çatdığı üçün yenidən Maarif Vəkaləti Müfəttişliyində işlə təmin olunub. O, 1947-ci ildə İstanbulda çıxan "Məmləkət" qəzetinin baş redaktoru seçilir. Daha sonra Rəşad Nuri Türkiyənin Birləşmiş Millətlər Təşkilatı nəzdində Parisdə yerləşən Kültür Ataşesi vəzifəsinə təyin edilir. 1954-cü ilə qədər Kültür Ataşesi vəzifəsini yerinə yetirən Rəşad Nuri beynəlxalq miqyasda türk milli-mədəni tarixinin təsdiq və təbliğində böyük işlər görüb. Rəşad Nuri 1954-cü ildə yenidən Türkiyəyə qayıdır. İstanbul Şəhər Teatr Ədəbi Heyətində məsul vəzifə tutsa da, səhhətinin pisləşməsi onun əmək fəaliyyətini davam etdirməsinə mane olur. 1956-cı ildə tutulduğu ağ ciyər xəstəliyini müalicə etdirmək üçün Londona gedir. Rəşad Nuri 1956-cı ilin dekabr ayının 7-də Londonda vəfat edib, cənazəsi İstanbula gətirilib.
Türk realist ədəbiyyatının görkəmli nümayəndəsi Rəşad Nuri Güntəkinin ədəbi fəaliyyətə başlaması Birinci dünya müharibəsi illərinə təsadüf edir. Rəşad Nuri Güntəkin ilk öncə müxtəlif xarakterli məqalələr yazsa da, bədii yaradıcılığa hekayə ilə başlayıb. Onun 1917-ci ildə yazdığı "Köhnə dost" hekayəsi bu sahədə ilk qələm təcrübəsi hesab olunur. Rəşad Nurinin hekayə yaradıcılığının avropayönlü nəsrin tələblərinə uyğun formalaşmasında Fatma Aliyə xanımın (1864-1924) və Xalid Ziyanın (1865-1945) böyük təsiri olmuşdur. Fatma Aliyə xanımın "Mühacirət" (1892), "Rüfət" (1897), "Udi" (1899) və yarımçıq qalmış "Emin" (1910) romanları yeni realist nəsrin ən mükəmməl nümunələri sayılır. O cümlədən Xalid Ziyanın "Həmidə" (1891), "Bir ölünün dəftəri" (1891), "Mavi və siyah" və "Qırıq həyatlar" irihəcmli nəsr əsərlərində hər şeyin yeni prinsip baxımından özünə yer tapması sənət aləmində bu nümunələrin təsir dairəsini xeyli genişləndirib. Rəşad Nuri uşaqlıq xatirələrində adları çəkilən hər iki şəxsiyyətin öz yaradıcılığına təsirindən bəhs açıb, qış gecələrində Fatma Aliyə xanımın "Udi" romanından oxunan parçaların rolunu yüksək qiymətləndirib, xüsusilə hekayə zövqünün formalaşmasında Xalid Ziyanın sənətini əhəmiyyətli hesab edib. Rəşad Nurinin hekayələri mövzu baxımından geniş əhatə dairəsinə malikdir. Bu nümunələrdə cəmiyyətin bir çox reallıqları özünün bədii əksini tapıb, problemin ictimai-siyasi aspektdə həllinə çalışılıb. Müəllif "Tanrı müsafiri" (1927), "Sönmüş ulduzlar" (1928), "Leyli və Məcnun" (1928), "Fövqəladə işlər" (1930) adlı hekayələr kitabında daha çox yaşadığı dövrün əyinti və çatışmazlıqlarına tənqidi yanaşmış, açıq surətdə onlara qarşı etiraz səsini ucaldıb. Rəşad Nuri "Ümidsizlik" hekayəsində maraqlı bir məsələyə toxunur. Əslində məişət problemləri zəminində yazılan bu hekayədə yazıçı cəmiyyətin qeyri-normal həyati baxış və əxlaqlarının ayrı-ayrı insanlara vurduğu zərbəni nəzərə çarpdırır. Söhbət o cəmiyyətdən gedir ki, burada qadınlar ilə kişilərin hüququ eyni deyil. Bu bərabərliyi cəmiyyət mütləq mənada rədd edir. Ona görə də qadınlar sanki tale payları olan məhrumiyyətlərin əzabını yaşayırlar. Müəllif bütün bu fikirlərini yeni qurulmuş bir ailənin timsalında cərəyan etdirir. Kişi cəmiyyətin ona verdiyi hüquqdan istifadə edərək öz xanımının evdən bayıra çıxmasına etiraz edir. Daha doğrusu, onun ictimai fəaliyyətinə qadağalar qoyur. Lakin özü isə kef məclislərində gününü keçirir, pozğun qadınların şərəfinə ziyafətlər verir. Günlərin birində həyat yoldaşını görmək üçün bu ziyafətlərdən birinə gələn qadın ərinin məhrumiyyət və işgəncələri ilə üzləşməli olur. Qadının bura gəlməsini bəhanə edən kişi onu əxlaqsızlıqda günahlandıraraq boşayır və bununla onu layiq olmadığı yeni bir mənəvi əzaba düçar edir.
Bir ailənin timsalında cərəyan edən problem müəllifin təsvirlərində ümumiləşmə keyfiyyəti qazanır, cəmiyyətin bütün dairələrinə nüfuz edir. "Qəmsizin ölümü" hekayəsində san tüklü qoca köpəyin timsalında böyük sarsıntı və əzablar içində yaşayanların həyatından bir mənzərə öz əksini tapır. Müəllif hekayədə onun mübariz və fədakar olmasını xüsusi qeyd edir. Lakin məhəllə adamlarının nəzərində o, sərsəri həyat sürən bir canlı qiymətindədir. Buna görə də ona hamı "Qəmsiz" deyə müraciət edir. Hekayə ilə tanışlıq onu göstərir ki, Qəmsiz nə sərsəri həyat yaşayır, nə də hamının fikirləşdiyi kimi qəmsizdir. Bir neçə il əvvəl Qəmsizin həyatında böyük bir faciə baş verir. Onun dörd balası zəhərlənərək ölüb. Ölmüş balalarını bir zibil maşınına qoyub apardıqları üçün o, həmin maşının arxasınca gedir, xeyli müddət gözdən itir. Hamı elə bilir ki, o da haradasa ölüb. Ancaq Qəmsiz yenidən geri dönür və məktəbin ətrafında kədərli halda günlərini keçirir. Məktəb uşaqları bayram etmək üçün qabaqcadan planlaşdırılan yerə gedirlər. Qəmsiz də uşaqlar ilə bərabər gedir. Uşaqlar onun yerə yıxılıb qıvrıla-qıvrıla uladığını görür. Birdən o, ayağa qalxır və var gücü ilə qaçmağa başlayır. Yoldakı çayın kənarında oynayan iki uşaq itin sürətlə onlara tərəf gəldiyini gördükdə qorxub qaçırlar. Lakin uşaqlardan biri dərin çaya düşür və boğulmaq təhlükəsi ilə üzləşir. İt bunu görüb geri qayıdır və uşağı sudan çıxarır. Bu mənzərəyə tamaşa edə-edə ölür və axan su onun cəsədini aparır.
Hekayədə böyük əksəriyyət tərəfindən başa düşülməyən, qəbul edilməyən fərdin kədər və faciəsi öz əksini tapır. Qəmsiz ağıllıdır, insanları qoruyur, onların ürəyindən keçənləri başa düşür, dar ayaqda onların həyatlarını təhlükədən xilas edir. Amma əksər adamlar onu sərsəri, həyatda artıq hesab edirlər. Əsərdə Qəmsizin ölüm ayağında insanlardan uzaqlaşmağa cəhd etməsi səhnəsi müəllifin ortaya qoyduğu problemləri geniş müqayisə fonunda açmağa imkan verir, hər şey zahiri görünənlərin mahiyyətində üzə çıxır, aydın şəkildə dərk edilir.
"Əski bir yara’’, "Bir udum su’’, "Əsgərlikdən qayıtmaq’’, "Bir istefa" və s. hekayələrində müharibə fəlakətləri, insanların azad yaşamaq istəyi, əsarətə, zülmə etiraz sədaları yüksək sənətkarlıqla qələmə alınıb. "Əski bir yara" hekayəsi üç yaşında anasını itirmiş Xəlilin dilindən danışılır. Xəlilin atası polis məmuru işləyib, atdan yıxıldığı üçün ayağı şikəst olub. Buna görə də polis yararsız şəxs kimi işdən azad edilib. Xəlilin atası daha sonra hərbi hospitalda işləyir. Müharibə dəhşətləri get-gedə artır. Atası uşağı şəhərdə saxlayır, özü isə şəhərdən kənarda yerləşən qospitalda xəstə yaralılara xidmət edir. O, arada vaxt tapıb şəhərə gəlir və oğlu Xəlillə görüşür.
Xəlilin atası cəsur döyüşçülərin düşmənə qarşı müqavimətindən danışır, onların qəhrəmanlığını oğlu üçün öyür. Bir dəfə o, yenə igid bir əsgərin üç düşməni öldürməsindən söhbət açır. Döyüşlərin birində həmin igid əsgərin düşmənləri öldürməsinə baxmayaraq, özü də ölümcül yara alır. Ölüm ayağında o, Xəlilin atasına xatirə kimi bir üzük və qanlı meşin dəftər hədiyyə edir. Xəlil atasının ona danışdığı bütün cəbhə xatirələrini şəhərdə yaşayan yabançı uşaqlara danışır. Bir müddətdən sonra şəhər yabançılar tərəfindən işğal olunur. Yabançı uşaqlar Xəlilin sözlərini düşmən zabitinə söyləyirlər. Zabit Xəlilin atasından eşitdiklərini onun üçün danışmağı tələb edir. Xəlil onlara heç nə demir. Son anda Xəlilin atasını həbs edib güllələyirlər.
Müəllif hekayədə tarixi proseslər fonunda düşmənə nifrət hissi aşılayır, xalqın vətənpərvərlik duyğularını yüksəldir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor