“Dayanıqlı sülh üçün Ermənistan keçmişlə üzləşməlidir” Gündəm

“Dayanıqlı sülh üçün Ermənistan keçmişlə üzləşməlidir”

“Azərbaycan Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündəki tarixi çıxışı müasir mürəkkəb siyasi şəraitdə yeni və daha etibarlı təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində yol xəritəsi hesab olunmalıdır”.

Bunu deputat Bəhruz Məhərrəmov “Xalqcəbhəsi.az”-a Azərbaycan Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündəki çıxışı ilə bağlı açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, çıxışda yer alan hər bir məqam təkcə regional münaqişənin yekunlarına dair qiymətləndirmə deyil, həm də geostrateji müstəvidə dərin analitik məna daşıyan dualist bir strategiyanın – Ermənistan və beynəlxalq təşkilatlar üzrə paralel tənqid və tələblər sisteminin təzahürüdür: “Ermənistan istiqamətində verilən mesajlar, ilk növbədə, siyasi varislik və cinayətkar məsuliyyət anlayışının hüquqi-siyasi cəhətdən əsaslandırılmasına xidmət edir. Prezident 2018-ci ildən sonra hakimiyyətə gələn İrəvan rəhbərliyini sələflərinin cinayətkar siyasətini davam etdirməkdə ittiham etməklə, Ermənistanın “demokratik yenilənmə” adı altında törədilmiş hərbi cinayətlərin məsuliyyətindən yayınmaq manevrlərini puça çıxarır. Keçmiş prezidentlərin və onların tərəfdarlarının cəzasız qalması məsələsinin qabardılması göstərir ki, strateji sülh yalnız hərbi və siyasi müstəvidə deyil, həm də keçmişlə yüzləşmə və hüquqi ədalətin bərqərar olunması ilə mümkündür. Bakıda keçirilən məhkəmə prosesinin Nürnberq tribunalı ilə müqayisə edilməsi və “barbarların səviyyəsinə enmədik” vurğusu iki vacib analitik tezisi ortaya qoyur: Azərbaycan münaqişədən sonrakı dövrdə mənəvi-hüquqi üstünlüyü tamamilə ələ alıb və fərdi qisasçılığı deyil, institusional beynəlxalq ədalət modelini tətbiq edir. Bu, Ermənistanın hərbi-siyasi elitaya söykənən revanşist ideologiyasını ideoloji müstəvidə də çökdürür. Beynəlxalq qurumlar istiqamətində verilən mesajlar isə mövcud qlobal idarəetmə və təhlükəsizlik sisteminin dərin böhranını ifşa edən strateji xarakter daşıyır. Avropa Şurası və Avropa Parlamentinin “anaxronizm və atavizm” kimi səciyyələndirilməsi bu institutların soyuq müharibə dövründən qalma selektiv yanaşmalarını və dəyişən geostrateji reallıqları adekvat qavraya bilməməsini göstərir. Prezident BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yoxluğunu qabartmaqla, beynəlxalq hüququn artıq “normativ təsir” gücünü itirdiyini və yalnız “güc amili” ilə tamamlandıqda işlək olduğunu sübut edir. Azərbaycanın öz qətnamələrini öz gücü ilə icra etməsi beynəlxalq təşkilatlara bir xəbərdarlıqdır, əgər məcburi icra və sanksiya mexanizmləri yaradılmazsa, BMT kimi institutların legitimliyi tamamilə sarsılacaq, bu isə qlobal miqyasda yeni münaqişə ocaqlarının yaranmasını qaçılmaz edəcək”.

B.Məhərrəmov vurğulayıb ki, bu və digər tezislər fonunda, çıxışın ümumi analitik mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İrəvana cinayətkar keçmişlə tam vidalaşmadan dayanıqlı sülhün imkansızlığı mesajını verir, beynəlxalq birliyə isə iflic olmuş institusional strukturlardan imtina edərək işlək, obyektiv və icraedici təhlükəsizlik mexanizmlərinə keçməyin vacibliyini diqtə edir.

Günel Elxan