Azərbaycan XİN ümid edir Siyasət

Azərbaycan XİN  ümid edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində baş verən yanğının istintaqının obyektiv aparılacağına ümid edir.
Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib. "Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq, ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar",- deyə nazirliyin sözçüsü qeyd edib.
Qeyd edək ki, hadisə avqustun 21-də baş verib. Yanğının baş verdiyi binada cəmi 3-ü azyaşlı olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşıb. Binada yaşayan iranlı şəxs öncə, qonaq üçün nəzərdə tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nəfər şəxsin qaçdığını görüb. Daha bir nəfər qaçan şəxsləri binanın qarşısında gözləyib.
Yanğın nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb.