MDB dağılacaqmı? Siyasət

MDB dağılacaqmı?

Tofiq Abbas: "MDB yarandığı gündən işlək konfiqurasiyaya çevrilə bilmədi"
Ərəstun Əlioğlu: "MDB nin dağıla biləcəyi ilə bağlı bilgilər o qədər də inandırıcı deyil"

Krım hadisələrindən sonra Rusiya və MDB məkanı ilə bağlı vəziyyətin dəyişəcəyi bildirilir. MDB-nun dağılacağı ilə bağlı müxtəlif proqnozlar verilir.
Bəs ekspertlər nə düşünürlər?
Politoloq Tofiq Abbasov bildirdi ki, MDB yarandığı gündən işlək konfiqurasiyaya çevrilə bilmədi. Onun sözlərinə görə, bunun üçün lazımı tədbirləri görmək lazım olsaydı, bu çoxdan edilərdi: "Bu təşkilat yeni subyektlərin qalmaqalsız "boşanması" üçün lazım idi və o, öz rolunu oynadı. MDB-nin olması heç kəsə mane olmur. O ki qaldı Gürcüstanla Ukraynanın təşkilatını tərk etməsinə, bu addım sırf siyasi demarşlar silsiləsindəndir. Əslində Ukrayna heç təşkilata üzv olaraq öz parlamentində bununla bağlı qanunu heç ratifikasiya etməmişdi. Odur ki, bu təşkilatın ümidverici perspektivi yoxdur. Çünki olkələrin ona dair marağı formal xarakter daşıyır. O ki qaldı MDB ölkələrinin zirvə görüşlərinə, onlara hələ ki, ehtiyac duyulur. Başçılar ildə 1-2 dəfə görüşüb bəzi regional və beynəlxalq məsələləri müzakirə etməkdən kifayət qədər yararlana bilirlər".
Politoloq Ərəstun Əlioğlu isə dedi ki, MDB nin dağıla biləcəyi ilə bağlı bilgilər o qədər də inandırıcı deyil: "Ukraynanın hal hazırda Rusiya ilə münasibətləri normal olmasa da bu birmənalı olaraq belədir ki, rəsmi Kiyev Rusiya ilə olan münasibətlərini daim normal məcrada saxlamağa çalışacaq. Rusiya bir gücdür və bu gücü heçə almaq sadəcə ağılsızlıq olar. Digər tərəfdən Ukraynanın Rusiyadan enerji asıllığı mövcuddur. Ona görə də Ukrayna kontekstində MDB nin dağıla biləcəyi ilə bağlı səsləndirilən fikirlər o qədər də real görsənmir. Hazırda MDB-yə Rusiya ilə münasibətləri daim normada saxlayan bir qurum kimi baxırlar. Ukrayna daxil digər MDB dövlətləri də bu quruma məhz bu cür baxırlar. Ukrayna Avropa Birliyi ilə nə qədər yaxınlaşsa da ancaq ağıllı siyasətçi və düşünən dövlət heç zaman buna getməz və ipləri birdəfəlik olaraq qırmaz. Nəzərə almaq lazımdır ki, Ukraynanın tam bir Avropa dövləti olmaq üçün qarşıda hələ bu dövlətə çox zaman lazım olacaq. Düşünürəm ki, Qərb də bunu bu gün üçün istməz. Çünki, addımı atan və tələsik bir şəkildə Qərbə meydan oxuyan tərəf Rusiyadır. Qərb belə bir tezlikdə Ukrayna kimi nəhəng bir dövləti qəbul etməyə hazır deyil. Baxmayaraq ki, bir çox politoloqlar bunun mümkünlüyünü söyləyirlər. O zaman belə bir sual ortaya çıxar. Yuşenkonun zamanında Rusiaya zəif ikən, Qərb nədən bu imkanı əlindən vermiş oldu? Azərbaycana gəlincə isə... Rəsmi Bakı bu qrumdan ayrılmağı düşünmür. Çünki, hazırki situasiyalar daha ehtiyatlı olmağı və daha ağıllı qərarlar verməyi tələb edir. Əks təqdirdə problemli region bir qədər də problemlər içərisinə yuvarlana bilər. Addımlar düşünülərək, ölçülüb biçilərək atılmalıdır. Bizim regiona əlavə problem lazım deyil...".

Əli