“Balans qorunmalıdır” Siyasət

“Balans qorunmalıdır”

Əli Həsənov: "Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır"

Məzahir Pənahov: "Əlimizdən gələni etməliyik ki, seçki prosesinə kölgə salınmasın"

Dünən Bakıda Azərbaycan Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı və KİV rəhbərlərinin iştirakı ilə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin (KİV) rolu böyükdür:
"Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılmalıdır. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır. Təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təşviqatla məşğul olması yolverilməzdir: "Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə kölgə salınmasın".
Məzahir Pənahov deyib ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyə dəvət edirlər: "Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın. İkinci, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm, bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında mətbuatın seçki prosesindəki rolundan danışıb: "Mətbuat seçkilərin keçirilməsində cəmiyyətin, siyasətçilərin fikrini formalaşdırır, seçkilərin şəffaf keçirilməsində mühüm rol oynayır. Azərbaycanda bu il parlament seçkiləri ilidir, hər bir seçki müəyyən sahələrin birgə fəaliyyətindən təşkil olunur. Azərbaycanda müstəqillik dövründə 15-ə qədər seçki keçirilib. Bu işlərdə mətbuatın iştirakı təmin olunub. Burada şəffaflıq təmin edilib. Ümumən, seçkilərin əksəriyyəti şəffaf keçirilib. Düzdür, müəyyən qədər qüsurlar olub, bundan kimsə sığortalanmayıb. Bu, ictimai-siyasi mühitdən və seçki üçün yaradılmış prosesdən asılıdır. Azərbaycanda hüquqi siyasi proses olan seçkilər üçün bütün şərait yaradılıb. Mətbuat tam müstəqildir . Mətbuat siyasi partiya olaraq seçkiyə qatılmır. Ona görə də jurnalist vəsiqəsi kifayət edir ki, seçkini izləyə bilsinlər. Mərkəzi Seçki Komissiyası müstəqildir. Bəzən Mərkəzi Seçki Komissiyasının verdiyi rəylərə şübhə ilə yanaşırlar. Amma Mətbuat bu məsələni də diqqətdə saxlamalıdır.
Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır. Deputatlığa namizədlərdən biri pul verirsə, o biri vermirsə, burada qərəzə yol vermək olmaz. Balans qorunmalıdır".

Əli Həsənov deyib ki, seçki Mərkəzi Seçki Komissiyası və strukturları tərəfindən təşkil olunur, namizədlərin topladıqları səslərə uyğun mandatları təsdiq edilir: "Azərbaycanın 23 illik müstəqillik tarixində 15-ə qədər seçki keçirilib. Bura parlament, bələdiyyə, prezident seçkiləri, referendum daxildir".

Əli Həsənov bildirib ki, 1995-ci ildə çoxpartiyalı sistem çərçivəsində ilk parlament seçkiləri keçirilib, daha sonra Konstitusiya qəbul olunub: "Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq. Milli Məclisə seçkilər azad, ədalətli və şəffaf keçiriləcək".
Əli Həsənov bildirib ki, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib: "Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb".
Əli Həsənov qeyd edib ki, hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər: "Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-ə aid deyil".
Əli Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir: "Azərbaycanda bütün xarici KİV-in fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq qeydiyyatdan keçirməlidir. Mətbuatımızın da bunu nəzərə çatdırması lazımdır".
Əli Həsənov bildirib ki, hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər: "KİV də vətəndaşın hakimiyyətlə bağlı dəstəkləyici və tənqidi mövqeyini verə bilər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş plüralist, azad cəmiyyət ideyaları prezident İlham Əliyev və komandası tərəfindən davam etdirilir. KİV-in də seçkilərdə lazımi funksiyaları icra edəcəyinə inanırıq".
Məzahir Pənahov isə deyib ki, demokratiyada seçki yeganə prosesdir ki, ölkələrin başqa ölkənin daxili işlərinə qarışmasına imkan verir: "Dünya idarə olunan dünyadır, ancaq standartlar eyni olmalıdır".
O bildirib ki, dünyanın heç yerində ideal seçki keçirilməyib: "Milyonlarla insanın iştirak etdiyi, çoxlu sayda subyektlərin olduğu prosesdə neqativ hallar qaçılmazdır. Əsas odur ki, müvafiq orqanlar buna dərhal, çevik reaksiya versin. Çatışmazlıqlardan qorxmaq lazım deyil".
Sosial şəbəkələrdə namizədlərin qanunsuz təbliğ olunmasına toxunan Məzahir Pənahov KİV rəhbərlərini sosial şəbəkələrlə bağlı fikir bildirməyə çağırıb.

"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda ilk dəfədir ki, namizədlərin seçki təşviqatında sosial şəbəkələrdən geniş istifadə etdiyini söyləyib. Sosial şəbəkələrin monitorinqinin aparılmasının çox çətin olduğunu vurğulayan V. Mahirqızı sosial şəbəkələrdə saxta səhifələr yaradıldığını, eyni zamanda belə səhifələrin həm ölkə daxilində, həm də ölkə xaricində yaradılmasının mümkün olduğunu nəzərə çatdırıb. O, sosial şəbəkələrə müdaxilənin və onların idarə edilməsinin faktiki, mümkünsüz olduğunu bəyan edib.

Məzahir Pənahov isə qeyd edib ki, sosial şəbəkələr barədə fikir səsləndirməkdə məqsədi ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir: "Əsas odur ki, Azərbaycan ictimaiyyəti bizim fikrimizi müdafiə etsin".

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanda sosial şəbəkələrdə yaradılan bloqlar hələ KİV statusu almayıb: "Bəzən yazırlar ki, bloqger fəaliyyəti ilə məşğul olan jurnalist həbs olunub. Sabah hər bloq yaradan ortaya çıxacaq ki, mən jurnalistəm. Mətbuat Şurasını biz niyə yaratmışıq? Çünki Azərbaycanda jurnalistləri tanıyan orqan Mətbuat Şurasıdır. Azərbaycanda yerli jurnalistlərin vəsiqəsini tanıyan orqan Mətbuat Şurası, xarici jurnalistləri tanıyan isə Xarici İşlər Nazirliyidir. Azərbaycanda nüfuzlu şəxslər, nazirlərlə bağlı saxta səhifələr yaradılır. Sosial şəbəkəni idarə etmək şəbəkəni yaradanlara da müyəssər olmayıb. İnternetə müdaxilə heç kimə müyəssər olmayıb və biz də belə fikirdə deyilik. Bizim üçün əsas məsələ Azərbaycan xalqının dəyərləndirməsidir. Sosial şəbəkə ilə internet mediasını fərqləndirmək lazımdır. Kimsə internet mediası yaratmaq hüququna malik olmaq, sabah dövlət orqanlarından yardımlar almaq istəyirsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli, Mətbuat Şurası tərəfindən tanınmalıdır".
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu jurnalistlər üçün seçki prosesi ilə bağlı treninqlər keçirildiyini bildirib: "Seçkilərin normal şəraitdə keçirilməsi üçün bu istiqamətdə işlər davam etdirilir".
Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməsini zəruri sayan Umud Mirzəyev bildirib ki, Mətbuat Şurası seçkilər dövründə də monitorinqlər keçirir: "Mətbuat Şurası apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlanılır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq".
Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan Umud Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu qeyd edib.