MN Dağlıq Qarabağın həll yolunu göstərib Siyasət

MN Dağlıq Qarabağın həll yolunu göstərib

Azərbaycan Müdafiə NazirliyiErmənistanın müdafiə naziri Seyran Ohanyanın iddialarına cavab verib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübüt edir: "Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsi ilə həll olunmalı, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır".
Qeyd edək ki, S. Ohanyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini gördüyünü və bu istiqamətdə addımlar atdığını bildirib.
O, qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin tətbiqinə dair təkliflərin Azərbaycan tərəfindən rədd edildiyini də deyib, bunu rəsmi Bakının cəbhədə gərginliyi artırmaq niyyəti ilə əlaqələndirib.
Bununla belə, o, hərbi əməliyyatların bərpa olunmasına az ehtimal verdiyini də vurğulayıb.