“ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi haqqında daha aydın təsəvvürlər yaranacaq” Siyasət

“ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi haqqında daha aydın təsəvvürlər yaranacaq”

Politoloq: "Sammit formatında münaqişənin gündəmə gəlməsi məsələnin aktuallığının saxlanılması baxımından əhəmiyyətlidir"

"Azərbaycan Respublikasının Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammiti kimi əhəmiyyətli tədbirə dəvət alması bir daha sübut edir ki, qlobal təhlükəsizliyin təmin olunmasında ölkəmizin təsirli rolu var". Bu fikirləri politoloq Elşad Mirbəşiroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizlyi Sammitində iştirakının əhəmiyyəti barədə danışarkən deyib. Politoloq bildirib ki, dünyada kəskin münaqişə ocaqlarının sayının sürətlə artması, beynəlxalq terrorizmin daha təhlükəli xarakter alması nüvə təhlükəsizliyi probleminin aktuallığını ciddi şəkildə artırıb: "Dünyanın aparıcı ölkələri, həmçinin, ABŞ aydın dərk edir ki, Azərbaycanın qlobal nüvə təhlükəsizliyi sahəsində ciddi töhfələr vermək imkanları var. Təsadüfi deyil ki, ABŞ prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi dəvət məktubunda Azərbaycanın nüvə təhlükəsizliyi arxitekturasına ciddi dəstək verdiyini bildirib. Azərbaycan Respublikası "Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası" və "Nüvə Materiallarının Fiziki Qorunması" kimi mühüm beynəlxalq sazişlərə qoşulmaqla nüvə təhlükəsizliyi məsələsinə böyük həssaslıqla yanaşdığını nümayiş etdirib".
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin Nüvə Sammitində iştirakı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından əhəmiyyətli hesab oluna bilər: "Azərbaycan Prezidentinin sammitə dəvət olunması ondan xəbər verir ki, ABŞ Azərbaycana strateji tərəfdaşı kimi baxır. Sammit zamanı Azərbaycan Prezidentinin digər dövlətlərin rəhbərləri ilə görüşünün baş tutması mümkündür. Belə görüşlər zamanı ayrı-ayrı dünya dövlətləri ilə təmasların sıxlaşdırılması imkanlarının müzakirə olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması imkanları kifayət qədər faydalı ola bilər".
Elşad Mirbəşiroğlu qeyd edib ki, sammit çərçivəsində ABŞ prezidenti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrin aparılması da istisna deyil: "Hesab edirəm ki, müzakirə əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi haqqında daha aydın təsəvvürlər yaranacaq. Belə bir mötəbər sammit formatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin gündəmə gəlməsi məsələnin aktuallığının saxlanılması baxımından əhəmiyyətlidir".