“Uşaqlarda internetdən düzgün istifadə vərdişləri formalaşdırmaq vacibdir” Cəmiyyət

“Uşaqlarda internetdən düzgün istifadə vərdişləri formalaşdırmaq vacibdir”

“Bu gün sosial şəbəkələr uşaqların gündəlik həyatının bir hissəsinə çevrilib. Telefon və internetə çıxışın artması ilə uşaqlar da erkən yaşlardan rəqəmsal mühitə daxil olurlar. Bu vəziyyət bir tərəfdən yeni imkanlar yaratsa da, digər tərəfdən müəyyən riskləri də ortaya çıxarır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva söyləyib.

Ekspert bildirib ki, praktik həyatda bunun nümunələrini tez-tez görmək olur: “Məsələn, bəzi uşaqlar qısa videolara və ya oyun məzmunlarına həddindən artıq vaxt ayırdıqları üçün dərslərə diqqətləri azalır, yuxu rejimləri pozulur və gündəlik fəaliyyətlərə maraqları zəifləyir. Bəzən isə sosial şəbəkələrdə gördükləri davranışları və ya çağırışları nəticələrini düşünmədən təkrarlamağa çalışırlar. Həmçinin uşaqlar tanımadıqları insanlarla ünsiyyət qurarkən şəxsi məlumatlarını paylaşmağın təhlükələrini tam şəkildə qiymətləndirə bilmirlər. Amma məsələnin digər tərəfi də var. Sosial şəbəkələr düzgün istifadə olunduqda uşaqlar üçün faydalı vasitəyə də çevrilə bilər. Məsələn, xarici dil öyrənən bir şagird əlavə dərs videoları izləyə, elm və texnologiya mövzularını araşdıra və ya yaradıcılıq bacarıqlarını inkişaf etdirə bilər”.

M.Mehdiyeva əlavə ki, bu səbəbdən məsələyə yalnız qadağa prizmasından yanaşmaq düzgün olmazdı: “Daha vacib olan uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə şərait yaratmaq, valideyn nəzarətini gücləndirmək və onlarda internetdən düzgün istifadə vərdişləri formalaşdırmaqdır. Məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onları bu mühitə daha hazırlıqlı şəkildə daxil etməkdir”.

Röya İsrafilova