
“Azərbaycan və Ermənistan arasında normallaşma prosesində biz hər bir tərəfin göstərdiyi dəstəyi yüksək dəyərləndiririk, səylərə açığıq. Bu gün sülhün de-fakto vəziyyətinin şahidiyik. Bunun de-yure səviyyəsinə qaldırılması lazımdır. Sülh məfhumunu gündəlik həyatımızda hiss edirik. Bir məfhumun hiss olunması mövcud reallığın inkarolunmazlığı deməkdir. Azərbaycan Prezidenti Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşdə Avropa İttifaqının həssas yanaşdığı Ermənistanın ticari blokadadan çıxarıldığı məsələsinə də toxundu və bildirdi ki, 30 il ərzində torpaqlarımızı işğal altında saxladıqları üçün onları təcrid etmişdiksə, bu gün artıq dizel və benzin ötürməklə Ermənistanı normal yola çəkirik. Sülh təklif etmişik, sülh bizim reallığımızdır, lakin bunu əbədi etmək lazımdır. Bu baxımdan da dövlət başçımız məsələnin güc və siyasi vasitələrlə həll edildiyini diqqətə çatdırdı”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O əlavə edib ki, Ursula Fon der Lyayenin ritorikası da çox geniş və gəlişigözəl sözlərlə dolu idi: “Yetər ki, bunların hər biri reallığa çevrilsin. Lyayen onilliklər baxımından regionda baş vermiş ən mühüm hadisə kimi məhz bu münaqişənin həll edilməsini xarakterizə etdi. Bu baxımdan tarixi sülh müqaviləsinin başlanması münasibətilə cənab Prezident İlham Əliyevi təbrik etməsi, onun liderlik keyfiyyətləri nümayiş etdirdiyini bildirməsi Lyayenin ayağını Azərbaycan sərhədlərini tərk etdikdən sonra da, regiondan getdikdən sonra da bu ritorikanın davam etdirilməsi, ona uyğun addımların atılması vacibdir. “Qlobal Qapılar” deyilən zaman Azərbaycan hər cür adlandırılmaya yanaşma olaraq normal baxır. Yetər ki, qapılar açılsın və Cənubi Qafqazın bilərəkdən bağlanılması, düyün nöqtəsinə gətirilməsi planlarından artıq imtina olunsun. Qrant şəklində sərmayə yatırılmasında da mənfi bir şey yoxdur. Yetər ki, bu vəsait təyinatı üzrə xərclənsin”.
Ş.Həsənova vurğulayıb ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən mühüm keçidlərindən biridir: “Regiona Lyayen tərəfindən bu cür qiymət verilməsi Avropa İttifaqı üçün regionumuzun nə dərəcədə önəm kəsb etdiyini göstərir. Təbii ki, Azərbaycan burada əsas roldadır. Avropa İttifaqı da dərk edir ki, çox az sayda ölkənin Azərbaycan kimi coğrafi yerləşməsi mövcuddur. Avropa İttifaqı onu da dərk edir ki, Azərbaycan həm də Avropa İttifaqının Mərkəzi Asiyaya duyduğu zərurət fonunda önəmli aktordur. Lyayen Regional Bağlantı Sərmayə Konfransının məhz Bakıda keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu isə sadəcə nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməyəcək. Burada müxtəlif sahələr üzrə peşəkarların bir araya gəlməsi, mətbəxdə olan kəslərin yığılması münasibətlərin irəli aparılması baxımından müsbət nəticələr verə bilər”.
Politoloqun fikirlərinə görə, sülhün inkişafı proqramı ilə bağlı 20 milyon avro dəyərində vəsaitin ayrılmasına gəldikdə isə, hər hansı yardım maşınlarının təchiz olunması və ya hər hansı inkişaf layihələrinə sərmayə yatırılması, kənar addımlarla paralel olmamalıdır: “Məhz təyinatı üzrə xərclənməlidir. Sərhədlərdə olan kəslərə yardım deyilən zaman başa düşülməli məqam odur ki, sərhədlərimiz ideoloji amalların başladığı yerdə dayanır. Bəli, Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirib. Azərbaycan heç bir halda enerji resurslarından siyasi alət, təzyiq vasitəsi kimi istifadə etməyib. Lyayenin növbəti gözəl olmaqla, həm də düzgün ifadəsi Cənub Qaz Dəhlizinin heyrətamiz uğur hekayəsi kimi təqdim edilməsi oldu. Deməli, Avropa İttifaqı özünə lazım olduğu zaman uğur hekayələri yazmağı da, hətta “heyrətamiz” sözü ilə bəzəməyi də bacarır”.
Ş.Həsənova həmçinin deyib ki, İttifaq növbəti səhifəni hazırlamaq mərhələsindədir: “Azərbaycan da gələcəyin enerjisinə və dinc birgəyaşayışına sərmayə yatırır. Azərbaycanın planlarından da, potensialından da düzgün hesablamalar aparılaraq istifadə edilməlidir. Avropa İttifaqı əgər regionun parlaq gələcəyinə inanırsa, bu inam real addımlarda müşahidə olunmalıdır. “Həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq” çağırışı real addımlarla müşayiət olunmalıdır”.
Röya İsrafilova