“İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı...” Siyasət

“İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı...”

Ərəstun Oruclu: "İkitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm kəsb edir"

Elxan Şahinoğlu: "Nüvə təhlükəsizliyi sammiti yaxşı fürsətdir ki, terrorizmlə mübarizə kimi mühüm məsələ ətrafında da ciddi müzakirələr aparılsın"

Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm kəsb edir. Bunu "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə martın 31-də Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı barədə fikirlərini açıqlayarkən deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, Nüvə Təhlükəsizliyi Sammiti ABŞ prezidenti olduqdan sonra qlobal təhlükəsizlik proqramları strategiyası çərçivəsində Barak Obamanın təşəbbüsü əsasında keçirilən bir tədbirdir və bu sammit hər dəfə müxtəlif səbəblərdən təşkil olunur: "İlk sammit Nyu-Yorkda baş tutmuşdu, indi isə Vaşinqtonda keçirilir. Bu sammit bütövləşən, sürətlə dəyişən dünyada nüvə təhlükəsinin aradan qaldırılması, ümumiyyətlə, nüvə texnologiyaları, nüvə enerjisi ilə bağlı səylərin birləşdirilməsi və bu kimi məqsədlərə xidmət edir. Azərbaycanın da bu sammitə qatılması normal haldır. Yəni istənilən dövlət müasir dünyada bu və digər şəkildə nüvə təhlükəsizliyi, nüvə texnologiyaları və nüvə enerjisi məsələləri ilə əlaqəlidir, bağlıdır".
Politoloqun fikrincə, Azərbaycanın dövlət başçısının budəfəki tədbirdə iştirakı ikitərəfli münasibətlər üçün daha böyük önəm kəsb edir: "Çünki bilirik ki, bir müddət Azərbaycan-ABŞ münasibətlərində müəyyən soyuqluq, hətta gərginlik də yaşandı. Lakin son 1-2 ayda bu kursda dəyişiklik hiss olunur və tərəfdaşlığa, əməkdaşlığa qarşılıqlı marağın artması müşahidə edilir. Son həftələrdə isə bu özünü daha ciddi və qabarıq şəkildə büruzə verir. Əməkdaşlığın belə inkişafı Azərbaycanın həm qlobal dünyaya inteqrasiyası, həm sosial-iqtisadi çətinliklər dönəmində müasir iqtisadiyyat modelinə keçməsi və bu keçiddə maliyyə və digər dəstəkləri almaq, eləcə də təhlükəsizlik baxımından son dərəcədə önəmlidir. Nəhayət, Azərbaycan-ABŞ münasibətlərindəki ikitərəfli müsbət dinamika Azərbaycanın ərazi bütövlüyü üçün son dərəcədə vacibdir və biz burada da yeni tendensiyalar görməyə başlamışıq. Məsələn, son bir neçə ayı götürsək, görərik ki, ABŞ rəsmiləri tərəfindən - istər ABŞ-ın Bakıdakı səfiri, istərsə də ATƏT-in Minsk qrupundakı həmsədri olsun, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı xeyrimizə kifayət qədər dəqiq bəyanatlar verildi, eyni zamanda, ABŞ Konqresi bu ildən etibarən Dağlıq Qarabağdakı tanınmamış separatçı rejimə maliyyə dəstəyini dayandırdı. Fikrimcə, bütün bunlar kifayət qədər müsbət tendensiyalardır".
Ə.Oruclu qeyd edib ki, bölgədə yaranmış indiki mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycana güclü müttəfiq, iqtisadi, siyasi tərəfdaş lazımdır və bu, idealda ABŞ-dır: "Hər halda ABŞ-ın da Qərbin bir hissəsi olduğunu nəzərə alsaq, burada Avropanın da onun tərəfdaşı olduğunu unutmaq olmaz. Eynilə, Avropa-Azərbaycan münasibətlərində də qeyd edilən müsbət tendensiya və dinamika müşahidə olunur. Avropada Azərbaycana marağın artması görünür. Bu da təsadüfi deyil. Burada bildirildiyi kimi enerji məsələləri heç də vacib deyil. Burada əsas amil qlobal iqtisadiyyat üçün önəm kəsb edən Şərq-Qərb nəqliyyat-kommuniyasiya dəhlizinin Azərbaycandan da keçməsidir. Azərbaycan bu dəhlizdə bir açar rolunu oynayır. Çünki Şimal-Cənub dəhlizinin də Azərbaycandan keçməsi ilə bağlı maraqlar burada kəsişir. Bu baxımdan ölkəmiz mühüm coğrafi bölgədə yerləşdiyindən böyük əhəmiyyət kəsb edir. Biz də bundan düzgün yararlanmalıyıq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Nüvə təhlükəsizliyi sammiti yaxşı fürsətdir ki, terrorizmlə mübarizə kimi mühüm məsələ ətrafında da ciddi müzakirələr aparılsın: "Böyük ölkələrin dövlət və hökumət başçıları da daxil olmaqla, bu konfransda 40-a yaxın rəsmi şəxs iştirak edəcək. Belə olan halda İŞİD-lə mübarizə onların da müzakirə edə biləcəyi əsas məsələ ola bilər. Belə bir danışığın olacağını da mən proqnozlaşdırıram. Lakin məsələ burasıdır ki, bu sammitə Rusiya qatılmayacaq. Halbuki, Rusiya terrorla mübarizədə əsas oyunçulardan birinə çevrilib. Ona görə də IV nüvə sammitində Vaşinqtonun terrorizmlə mübarizə ətrafında ciddi müzakirə aparması ilə yanaşı, ayrıca olaraq terrorla mübarizəyə həsr olunan beynəlxalq konfransın keçirilməsinə ehtiyac var. Belə bir konfrans keçirilməli, bütün maraqlı dövlətlər də bu tədbirdə iştirak etməlidirlər. Bununla belə, hesab edirəm ki, terrorla mübarizəni təşkil edəcək əsas dövlət Amerika ola bilər. Çünki superdövlətdir, böyük ordusu, dünyanın istənilən məntəqəsində hərbi bazası var. Düşünürəm ki, terrorla mübarizə işinin başında Amerika getməlidir. Rusiya prezidenti Vladimir Putin də ABŞ dövlət katibi Con Kerrini qəbul edəndə etiraf etdi ki, rəsmi Vaşinqtonun köməyi olmasaydı Suriyada ciddi nəticələr əldə etmək qeyri-mümkün olardı. Bu, ABŞ-ın böyük imkanlarının Rusiya tərəfindən etirafıdır. Ona görə də Amerika bu imkanlardan yararlanıb terrorizmə qarşı vahid mexanizmi hərəkətə gətirməlidir".
O, əlavə edib ki, heç bir dövlət terrordan sığortalanmayıb: "Amerika kimi superdövlət belə, 2001-ci ildə terrorun hədəfinə çevrildi. 11 sentyabr tarixində bu ölkədəki iki nəhəng göydələnə qaçırılmış sərnişin təyyarələri çırpıldı, 3 minə yaxın amerikalı öldürüldü. ABŞ terrorçuların bu planlarını əvvəlcədən aşkar edə, faciənin qarşısını ala bilmədi. Bu, o deməkdir ki, terror ən güclü dövlətdə də törədilə bilər. Azərbaycan da zaman-zaman Ermənistan xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilən terror hücumlarından, xüsusən də ASALA erməni terror təşkilatının qanlı aktlarından əziyyət çəkib, itkilər verib. Bakı metropolitenində, sərnişin avtobusunda belə terror aktları törədilib. İndi də Azərbaycan erməni terrorundan, erməni işğalından əziyyət çəkir. 1992-ci ildə Xocalıda soyqırımı, hərbi cinayət törədən Serj Sərkisyan, Seyran Ohanyan və başqaları hazırda Ermənistan siyasi rəhbərliyində təmsil olunurlar. Azərbaycanın işğal altındakı əraziləri Ermənistan tərəfindən bu gün də talanır, terrora məruz qalır, nüvə tullantılarının basdırıldığı, narkotik qaçaqmalçılığının tüğyan etdiyi nəzarətsiz zonaya çevrilir. Dağlıq Qarabağ və ətraf rayonlarımız vaxtilə məhz bir qisim terrorçuların dəstəyi ilə işğal olunub. Bu işğalda ASALA erməni terror təşkilatı, Livandakı terrorçu qruplaşmalar fəal şəkildə rol oynayıblar. Lakin çox təəssüf ki, bu hadisələrə də dünya birliyi ikili standartlardan yanaşır. "Bosniya qəssabı" kimi tanınan Radovan Karadziç Srebrenitsada soyqırımı törətdiyinə, 8 min bosniyalının ölümünə səbəb olduğuna görə beynəlxalq məhkəmə önünə çıxarılıb və 40 il cəzaya məhkum edilib. Eyni dəhşətli hadisəni Ermənistanın hazırkı və sabiq prezidentləri Serj Sərkisyan, Robert Köçəryan, eləcə də indiki müdafiə naziri Seyran Ohanyan 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda törədiblər. Ancaq indiyə qədər bu adamlara "gözün üstdə qaşın var", deyən yoxdur". Politoloqun fikrincə, hətta Ermənistan prezidenti Sərkisyan martın 31-ində Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət alır: "Bu kimi ədalətsizliklərə baxmayaraq, Azərbaycan terrorizmin qarşısının alınmasında hər zaman fəal iştirak edib, indi də etməkdədir. Bu yaxınlarda Londonda Suriyaya dəstək konfransı keçirildi. Həmin konfransa Ermənistan, Gürcüstan, yaxud da Mərkəzi Asiya dövlətlərinin liderləri deyil, məhz Azərbaycan dövlət başçısı dəvət edilmişdi. Prezident İlham Əliyev həmin sammitdə çıxış edərək vurğuladı ki, Azərbaycan üzərinə düşən məsuliyyəti anlayır, gələcəkdə Suriya terrorçulardan azad ediləcəyi təqdirdə bu ölkənin yenidən qurulmasında fəal iştirak edə bilər. Necə ki, bu gün Azərbaycan əsgərləri İraq və Əfqanıstanda xidmət edirlər, eyni qaydada Suriyada da bu işi görə bilər. Bu fakt bir daha nümayiş etdirir ki, terrordan əziyyət çəkən Azərbaycan beynəlxalq aləmlə birliklə terrora qarşı mübarizəyə öz töhfəsini verməyə hazırdır".