“Regionda yeni bir reallığın yaranması subuta yetirir ki...” Siyasət

“Regionda yeni bir reallığın yaranması subuta yetirir ki...”

Elçin Mirzəbəyli: "Qarabağ münaqişəsinin ədalətli həlli üçün real imkanlar yaranıb"


Son günlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bir dinamiklik müşahidə olunur. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Bakıda keçirilən Azərbaycan-İran-Rusiya prezidentlərinin üçtərəfli görüşü, daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda rusiyalı həmkarı ilə bir araya gəlməsi, ardınca Ermənistan prezidentinin Moskvaya çağrılması, Fransa və Rusiya XİN rəhbərlərinin münaqişəni müzakirə etməsi, həmçinin danışıqların digər müstəvilərdə və formatlarda davam etdirilməsi Qarabağ probleminin tənzimlənməsi ilə bağlı prosesdə intensv bir dinamikanın olduğunu nümayiş etdirir.
E.Mirzəbəyli bildirib ki, münaqişənin həllində aparıcı mövqe tutan və çeşidli təsir imkanı olan Rusiyanın da prosesdəki mövqeyini və son dövrlərdə verilən açıqlamaları nəzərə almaq lazımdır: "Putin Azərbaycana səfərindən öncə verdiyi müsahibədə və daha sonra həm Bakıda, həm də Ermənistan prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında münaqişənin tənzimlənməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmişdi. Bu günə kimi Rusiya tərəfi bu qədər açıq və birmənalı danışmırdı.
Rusiya prezidentinin açıqlamalarında bir neçə məqam diqqəti çəkirdi. Bunlardan biri danışıqlar prposesində nəticənin hər iki tərəf üçün əlverişli olması, burada kimsənin məğlub olaraq görünməməsi və münaqişənin həllinin ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsipinin balanslaşdırma formasında gerçəkləşdirilməsi. Bu, o deməkdir ki, ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmənin balanslaşdırılmış həlli bu günə qədər dünyada bir çox münaqişələrin tənzimlənməsində təsdiq olunub. Yəni bununla bağlı müxtəlif modellər var, bu da dövlətin ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət formatıdır. Təbii ki, bu muxtariyyətin forması müvafiq dövlətin konstitusiyasına uyğun şəkildə tətbiq olunur, qarşılıqlı şəkildə hüquq və azadlıqların müəyyənləşdirilməsi sonradan öz həllini tapır. Amma indiki şəraitdə Rusiyanın bu məsələ ilə bağlı mövqeyinin açıq şəkildə olduğunu görmək mümkündür, bu da prinsip etibarilə münaqişənin həllində aparıcı mövqe tutan vasitəçi dövlət Rusiyanın indiki şəraitdə danışıqlar prosesindəki mövqeyini nümayş etdirir. Qənaətimə görə bu mövqe prosesdə aparıcı bir mövqe olacaq və danışıqlar prosesinin sonrakı tənzimlənməsində biz artıq real nəticəni görə biləcəyik. Amma hər halda konkret fikir söyləmək çətin olsa da, münaqişənin həlli istiqamətində aparılan proses və onun dinamikası, eyni zamanda regionda yeni bir reallığın yaranması subuta yetirir ki, münaqişənin ədalətli həlli üçün real imkanlar yaranıb".