“Azərbaycan ABŞ üçün geosiyasi, geoiqtisadi baxımdan müstəsna əhəmiyyət daşıyır” Siyasət

“Azərbaycan ABŞ üçün geosiyasi, geoiqtisadi baxımdan müstəsna əhəmiyyət daşıyır”

Musa Qasımlı: "Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlıq Birləşmiş Ştatların yalnız faydasına olar"

Elman Məmmədov: "ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi üçün bir səbəb yoxdur"

Fikrət Sadıqov: "ABŞ prezidentləri seçilməmişdən əvvəl vəd etdikləri bəyanatları sonradan ardıcıl şəkildə həyata keçirmirlər"

Fərəc Quliyev: "ABŞ-ın Azərbyacana ehtiyacı var"

"Amerika xalqı respublikaçıların namizədi Donald Trampı prezident seçməklə demokratların müəyyən, lakin pis olan daxili və xarici siyasətindən imtina edib, xoş ümidlər doğura biləcək qeyri-müəyyənlik dövrünə qədəm qoydu". Bu fikri Trampın qələbəsinin Cənubi Qafqaz üçün hansı nəticələr verə biləcəyini şərh edən deputat Musa Qasımlı deyib. O qeyd edib ki, əslində yeni administrasiyanın xarici siyasət xəttinin necə olacağı digər ölkələr üçün də qeyri-müəyyəndir: "Lakin siyasi tarixin təcrübəsi göstərir ki, pis müəyyənlikdən imtina edib, yaxşı ola bilməsi ehtimalı yüksək olan qeyri-müəyyənlik dövrünə qədəm qoymaq mənfi hal olmayıb, manevrlər üçün imkanları artırır. Tarixdən çoxlu misallar gətirmək olar". Deputat bildirib ki, ABŞ-da bəlli oturuşmuş sistem olduğu üçün partiya mənsubiyyətindən asılı olmayaraq prezident seçilən şəxs adətən xarici siyasət xəttini dəyişdirə bilmir. Ona görə də çox vaxt deyirlər: "İki partiyalı, lakin tək məqsədli xarici siyasət". M.Qasımlı hesab edir ki, Tramp praqmatik bir şəxs olduğundan onun hakimiyyəti illərində ABŞ-ın xarici siyasətində yersiz ideoloji və hissiyatlı addımlardan tədricən, müəyyən bir çərçivədə geri çəkilmənin şahidi ola bilərik.
Deputat əlavə edib ki, Azərbaycan ABŞ üçün geosiyasi, geoiqtisadi və başqa baxımlardan müstəsna əhəmiyyət daşıyan bir dövlətdir. M.Qasımlının fikrincə, Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlıq Birləşmiş Ştatların yalnız faydasına olar: "Əks-təqdirdə digər ölkələr onun yerini tutmaq üçün cəhd edərlər. Bu isə Vaşinqtona xeyir verməz". O, sonda bildirib ki, ABŞ-dakı erməni diasporası və lobbisinin çoxu Hillari Klintonu müdafiə edirdi. Trampın seçilməsi onları məyus edib: "Yeni administrasiyadan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmağı və əvvəlki administrasiyasının səhvlərini düzəltməyi ümid etmək olar".
Millət vəkili Elman Məmmədov bildirib ki, Trampın bu vaxta qədər bir iş adamı olaraq fəaliyyəti boyunca Azərbaycana qarşı düşmənçiliyi olmayıb: "Biz bunu Trampda müşahidə etməmişik. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi üçün heç bir səbəb yoxdur. Tramp elə dünən verdiyi bəyanatların üzərində dayansa, bundan sonra o, hər kəslə münasibətləri müsbət yönümdə aparacağını təsdiq etmiş olacaq. Düşünürəm ki, ABŞ-Azərbaycan arasında bu günə qədər olan münasibətlər bundan sonra daha yüksələn templə davam edəcək".
Politoloq Cümşüd Nuriyev söyləyib ki, ABŞ-ın yeni prezidenti olan Donald Trampın siyasi platforması ilə tanış olduqda, onun xarici siyasətində Amerikanı ədalətə apara biləcək məsələlərin olduğunu görmək olur: "Xüsusilə də ABŞ-ı jandarm rolundan geri çəkmək, başqa dövlətlərin işinə qarışmamaq kimi məsələlərin gündəmdə olması Azərbaycanın ərazi bütövlüyü bərpa etmək üçün Amerikanın bu günə qədər yürütdüyü ikili standartlı siyasətinin əleyhinədir. Donald Tramp dövlət məmurlarının lobbiçiliklə məşğul olmasına qadağa qoyacaq ki, buna əsasən, Ağ evdə çalışanlar vəzifəsindən azad edildikdən sonra 5 il müddətində lobbiçiliklə məşğul ola bilməyəcəklər. Bu, Azərbaycan üçün mühümdür. Çünki indiyədək Dağlıq Qarabağ məsələsində erməni lobbiçiliyə mübarizə aparırıq. Trampın lobbiçiliyə vuracağı zərbə birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğundur".
C.Nuriyev qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində müsbət rol oynaya bilər: "Düzdür ABŞ-da 5-ci kolon var, lakin prezidenti kifayət qədər güclü fiqur olduqda bu məsələləri həll etmək imkanına malik olur Bundan əlavə yeni prezident Azərbaycanı tanıyan və həqiqətləri bilən bir insan kimi təkcə ərazi bütövlüyü deyil, iqtisadi məsələlərdə də iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliyə səbəb ola bilər. Azərbaycanın ABŞ-la strateji tərəfdaş və əməkdaşlıqla bağlı razılığı var. Ölkələr arasında münasibətlər yüksək səviyyədədir. Lakin ABŞ-dakı erməni lobbiçiliyi ölkəmizlə bağlı düzgün qərara çıxarmağa imkan vermirdi. ABŞ-da siyasi mühit dəyişdiyinə görə, Azərbaycanla bağlı bir çox məsələlərdə müsbət irəliləyişlər gözləyirəm. Prezidentliyə namizəd olan Hillari Klinton Azərbaycanın daxili işlərinə çox qarışırdı. Lakin ondan fərqli olaraq Donald Tramp indiyədək Azərbaycanla bağlı fikir söyləməyib. Bundan əlavə, Donald Trampın nə maliyyəyə, nə də digərlərinə ehtiyacı yoxdur. O, sadəcə olaraq ABŞ-ın prezidenti olub, ölkəsini güclü görmək istəyir".
Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, bir çox hallarda ABŞ prezidentləri seçilməmişdən əvvəl vəd etdikləri bəyanatları sonradan ardıcıl şəkildə həyata keçirmirlər: "Lakin budəfəki seçkilər əvvəlkilərdən fərqləndi. Çünki, yeni prezident siyasətçi deyil və onun siyasi təcrübəsi demək olar ki, yoxdur. Donald Tramp yeni fikir və ideyalara malikdir. Bütün prezidentləri digər ölkələrlə münasibətdə uzun illər təsdiq olunan format çərçivəsində addım atırlar. Amma o da bir reallıqdır ki, Tramp dəfələrlə sabiq prezident Obamanın post-sovet ölkələrində yerləşən respublikalarla qurduğu münasibətlərdən razı olmadığını bəyan edib. Düzür, yeni prezident konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunmayıb, amma orada yeni nəfəsin lazımlılığını qeyd edirdi. Əgər Tramp dediklərinə əməl edərsə, o zaman münaqişənin həlli ilə bağlı addım atıla bilər. Amma hazırda problemin həlli ilə əlaqədar qəti fikir söyləmək hələ tezdir. Hər halda, seçkilərdən sonra ABŞ-Azərbaycan münasibətləri pis olmamalıdır. Çünki, yeni prezident iş adamıdır və ölkəmizdə bizneslə bağlı sıx münasibətlərə malikdir".
Millət vəkili Tahir Mirkişili qeyd edib ki, Azərbaycan ABŞ münasibətləri həmişə strateji xarakter daşıyıb: "Bu vaxta qədər bir çox sahələrdə Azərbaycanla ABŞ arasında çox ciddi əməkdaşlıq mövcud olmuşdur. Bu, həm müxtəlif proqramlarda, həm regional təhlükəsizliyin təmin olunmasında, həm də iqtisadi layihələrdə özünü göstərib. Ona görə də mən hesab edirəm ki, ABŞ-da demokratların və yaxud respublikaçıların namizədinin prezident seçilməsi iki dövlət arasındakı uzun illərdir davam edən strateji mütəffiqliyə xələl gətirə bilməz. Donald Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu, ölkəmizin iqtisadi layihələrdəki xüsusi əhəmiyyətini artıracaq. Bizim gözləntilərimiz də bundan ibarətdir".
Millət vəkili Fərəc Quliyev bildirib ki, Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində heç bir köklü dəyişiklik olmayacaq: "Çünki ABŞ oturuşmuş dövlətdir, bu dövlətin kimin prezident seçilməsindən asılı olmayaraq müəyyənləşdirdiyi siyasəti var. Hər iki dövlət arasında strateji mütəffiqlik mövcuddur. Eyni zamanda ABŞ-ın Azərbyacana ehtiyacı var". F.Quliyev qeyd edib ki, ABŞ-Azərbaycan arasında çox mühüm müttəfiqlik var: "Bu, Azərbaycanın NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirakçı olmasında, Əfqanıstanda sülhməramlı məsələsində, terrorizmlə mübarizədə özünü göstərir. Hər iki dövlət strateji mütəffiq olduğunu zaman-zaman faktiki əməllərlə sübuta yetirib. Əslində gözləntilər Hillari Klintona idi, hər kəs onun prezident seçiləcəyini düşünürdü. İndi də Trampın prezident seçilməsi müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Bəzi hallarda ABŞ diplomatlarından bir neçəsi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Ancaq onların da cavabı verilib. Hətta Tramp istəməsə belə, ABŞ-Azərbaycan münasibətləri bundan sonra da ən yüksək səviyyədə olacaq".