 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Bildirilir ki, MSK-nın buraxılması ilin sonunadək də elan oluna bilər.
Məlumatlı şəxs bildirib ki, MSK-nın yeni tərkibi gələn ilin martında seçiləcək. Yada salaq ki, MSK-nın hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir.
Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq.
Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 25 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 5 prezident (2003, 2008, 2013, 2018, 2024), 6 parlament (2000, 2005, 2010, 2015, 2020, 2024) və 5 bələdiyyə (2004, 2009, 2014, 2019, 2024) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.
M.Pənahov son dövrlərdə mediada daha çox ailə problemləri ilə gündəmə gəlib. Belə ki, Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal yaşanıb. Onun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir. Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.
Məsələ ilə bağlı MSK-nın ehtiyat üzvü, Ədalət Hüquq Demokratiya Partiyasının Baş katibi Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, qanuna görə, Mərkəzi Seçki Komissiyasının formalaşması 5 ildən bir həyata keçirilir: “MSK-nın tərkibinin yenidən formalaşması 2026-cı ilin aprel ayına təsadüf edir. Qanunvericiliyə əsasən də MSK-nın tərkibi Yeni Azərbaycan Partiyasının, parlamentdə azlıqda təmsil olunan siyasi partiyaların və bitərəflərin təqdim etdiyi siyahı əsasında formalaşır. Hər zaman da MSK sədri Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahının tərkibindən seçilir. Qeyd etdiyim kimi, bu, birbaşa YAP-ın iradəsindən asılıdır”.

Əli Orucov
Milli Məclisdə təmsil olunan AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov isə bildirdi ki, qanunvericiliyin tələblərinə görə, Mərkəzi Seçki Komissiyası yenidən formalaşmalıdır, sədrin kim olacağı isə bundan sonra aydınlaşır: “Sonuncu parlament seçkilərindən sonra Milli Məclisdə siyasi partiya təmsilçiliyi də dəyişib. Seçki Məcəlləsində Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması da öz əksini tapıb. MSK-nın 18 yerlik tərkibin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olmaqla bölüşdürülür. Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. MSK-da 6 yer onlara, 6 yer isə müstəqillərə məxsusdur. Qalan 6 yeri isə 10 partiya öz aralarında razılaşdırmaqla müəyyənləşdirməlidir. Ona görə MSK-da üzvlüklə bağlı tərəfdaş və müttəfiqlərimizlə də məsləhətlər aparılacaq. Doğrudur, partiya daxilində seçki komissiyaları ilə bağlı ilkin müzakirələr aparılıb. Bu, təkcə MSK-ya aid deyil, DSK və MnSK-lara da aiddir. Seçki təcrübəsi olan və qanunvericiliklə bağlı bilgilərə malik şəxslərin namizədlikləri təbii ki, irəli sürüləcək. Ancaq hələ bu prosesə rəsmi səviyyələrdə start verilməyib. Seçki komissiyaları buraxılmayıb. Cəmiyyətdə də bir sıra da fərziyyələr dolaşmaqdadır. 2000-ci ildən hazırkı MSK sədri Məzahir Pənahovla da bağlı müxtəlif versiyalar irəli sürülür. Cəmiyyətdə də ona birmənalı münasibət yoxdur. MSK sədri olduğu 25 il ərzində Məzahir Pənahov üzərinə qoyulan vəzifələri demək olar uğurla yerinə yetirib. Bununla belə, onun vəzifəsini davam etdirib-etdirməyəcəyinə hakim partiya-YAP qərar verəcək”.
Qeyd edək ki, hazırda Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının YAP-dan olan üzvləri Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımovadır.
Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən üzvləri Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Aydın Muradovdur. Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-da təmsilçiləri isə aşağıdakılardır:
Bəxşeyiş Əsgərov - Böyük Quruluş Partiyası, Etibar Quliyev - Ana Vətən Partiyası, Mikayıl Rəhimli - Ədalət Hüquq Demokratiya Partiyası, Almas Qəhrəmanlı - Vətəndaş Həmrəyliyi Partiyası, Tofiq Həsənov - Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə özünü buraxmış Vətəndaş Birliyi Partiyası.
MSK-nın yeni tərkibində bu siyahıdakıların yarıya yaxınının yer almayacağı gözlənilir. Məzahir Pənahovun yerinə isə hazırda MSK sədrinin müavini olan Rövzət Qasımovun adı daha çox hallanır.
2024-cü ildə növbədənkənar parlament seçkilərinin nəticələrinə görə isə hazırda Milli Məclisdə yuxarıda qeyd etdiyimiz partiyalarla yanaşı daha bir neçə partiya - AMİP, Böyük Azərbaycan Partiyası da bir deputatla təmsilçlik qazanıb. Gələn il formalaşdırılacaq seçki komissiyalarında, xüsusilə də MSK-da bu iki partiyanın və ya ikisindən birinin MSK-da təmsilçilik əldə edəcəyi istisna deyil.