“Yeni gəlir mənbələri əgər, stimullaşdırıcı tədbirlərin deyil...” Siyasət

“Yeni gəlir mənbələri əgər, stimullaşdırıcı tədbirlərin deyil...”

İqtisadçı ekspert: "İnzibati və müvafiq hüquqi qaydaların tədbiqi yolu ilə yaradılar və əldə olunarsa bu, istər-istəməz qeyri-effektiv nəticələnəcək"

Keçən ilin sonlarından dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda iqtisadi sahədə baş verən arzuoluinmaz proseslər adekvat addımlar atmağın zəruriliyini ortaya qoyurdu. Adekvat addımlar sırasında isə ilk növbədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və beləliklə əlaə gəlir mənbələri əldə etmək kimi prioritet vəzifə dayanırdı. Neft və maliyyə böhranının davam etdiyi bu müddət ərzində qeyd edilən istiqamətlərdə müəyyən addımlar atıldı, tədbirlər həyata keçirildi. Amma neft böhranının hələ də davam etməsi qeyd edilən tədbirlərin daamlı olaraq reallaşdırılmasını zərurətə çevirir. Təsadüfi deyil ki, elə 2017-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı bu detallar xüsusi olaraq nəzərə alınıb.
İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, dövlət büdcəsinin gəlir mənbələri azaldıqca yeni mənbələrin axtarışı və yaxud, üzə çıxarılması təbii haldır. Onun sözlərinə görə, lakin bu, birtərəfli qaydada həyata keçirilməli deyil: "Əvvəla, hər hansı bir sahədə gəlir mənbələri var idisə və bundan istifadə olunmurdusa, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. İkincisə də, yeni gəlir mənbələri əgər, stimullaşdırıcı tədbirlərin deyil, inzibati və müvafiq hüquqi qaydaların tədbiqi yolu ilə yaradılar və əldə olunarsa bu, istər-istəməz qeyri-effektiv nəticələnəcək. Belə mənbələrdən biri də orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətləridir. Bəli, mən də razıyam ki, bu, sırf sahibkarlıq fəaliyyətidir. Sahibkarlıqla məşğul olan hər kəs isə dövlət büdcəsinə vergi verməlidir. Lakin burada bir sual yaranır ki, orta məktəb müəllimi necə olur və hansı səbəbdəndir ki, repetitorluq fəaliyyəti ilə məşğul olur və bunun üçün vaxt da tapa bilir?". İqtisadçı ekspert hesab edir ki, bunun üçün birincisi, onların işlədikləri məktəbdən şərait yaranır: "İkincisi də üstəlik, buna ya məcburiyyət və yaxud da iqtisadi maraq səbəb olur. Məsələ isə bundan ibarətdir ki, repetitorluq fəaliyyətində bütün bunların hamısı mühüm rol oynayır. Odur ki, daha bir sual yaranır ki, bəs, bu fəaliyyət növünü vergiyə cəlb etmək düzgün və mümkündürmü?! Lazımdır. Lakin təəssüf ki, bu istək tam effektiv nəticə verməyəcəkdir". Pərviz Heydərovun sözlərinə görə, əvvəla, orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətlərinə nəzarət etmək çox çətindir. İqtisadçı bildirir ki, bu, bir növ zehni əməyin "qara bazar" yolu ilə tətbiqi vasitəsilə gəlir və ya qazanc əldə olunması deməkdir ki, bu və ya digər yerdə "qara bazara" isə həmişə qeyd etdiyim kimi ya bir şeyin qıt olması və yaxud da gəlirin az əldə olunması yol açır: "Belə ki, istənilən səviyyədə gəlir əldə etmək ya praktik cəhətdən mümkün deyil, ya da müvafiq limit üzündən real deyil. Məsələ bundadır ki, orta məktəb müəllimlərinin maaşları azdır. Maaşları isə ona görə azdır ki, onların sayları çoxdur. Büdcədən ən çox əmək haqqı alan peşə sahiblərimiz məhz orta məktəb müəllimləridir. Digər tərəfdən, orta məktəb müəllimlərinin iş saatları azdır. Günorta saatlarından sonra evində olan istənilən büdcə işçisinin isə əlavə qazanc məqsədilə müvafiq fəaliyyət göstərmək üçün həm vaxtı var, həm də haqqı. Və ən nəhayət, repetitorluq fəaliyyəti ilə hər müəllim məşğul olmur və ola da bilməz. Yəni, buna savad lazımdır. Odur ki, yeganə çıxış yolu budur. Orta məktəblərdə çalışan müəllim heyətinin 35-40 faizi ixtisar edilsin, 60 yaşdan yuxarı çalışanlardan peşə təcrübələri hələ də işləməyi tələb olunanların pensiya ödənişləri dayandırılsın və işlədikləri müddətdə yaşa görə pensiya kəsilməsi ləğv edilsin. Orta məktəblərdə minimum əmək haqqı sistemi dövlət tərəfindən ayrıca olaraq tənzimlənməklə ən aşağısı ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsində müəyyən edilsin. Göründüyü kim, məsələnin həlli yolu istənilən halda radikal tədbirlərin görülməsindən keçir. Ancaq bir var ki, savadsıza "qəpik-quruş" vermək naminə savadlı olanı "incidəsən", bir də var ki, savadlıdan daha yaxşı istifadə etmək üçün savadsız olanların "qəpik-quruşunu" da kəsəsən. Hesab edirəm ki, dövlət və cəmiyyət üçün sonuncu daha məqsədəuyğundur"..