“Bu, uzun prosesdir...” Siyasət

“Bu, uzun prosesdir...”

Xələf Xələfov: "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir"

2017-ci ilin 1-ci rübündə Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir.
Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Nazir müavini bildirib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mütəmadi görüşlər keçirilir: "Rusiya ilə delimitasiya məsələsi bitib, demarkasiya prosesi isə davam edir. Bu, uzun prosesdir. Normativ hüquqi baza formalaşmalıdır. Bundan sonra fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı istehsal olunacaq məhsullar gündəlikdədir. İş gedir. 2017- ci ilin ilk rübündə hər iki ölkə ilə komissiyanın iclaslarını keçirəcəyik. Konkret olaraq Rusiya ilə işçi qrupları səviyyəsində işlərimizi başa çatdırmışıq. Komissiyanın iclasının keçirilməsinə dair hazırlıq var.
Gürcüstanla isə hələ delimitasiya prosesi aparılır. Nümayəndələr, komissiya səviyyəsində işlər aparılır. Son vaxtlar komissiyanın iclası keçirilməsə də, işçi qruplarının iclası mütəmadi keçirilir.
Gürcüstanla iş hələ çox vaxt aparacaq. Çünki delimitasiya məsələsini hələ bitirməmişik.
Ümumi sərhəd xəttinin 2/3 hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb, protokollar səviyyəsində rəsmiləşdirilib. Qalan hissəsini başa çatdırmalıyıq. Bunun üçün də razılaşdırılmamış, açıq qalan məsələlər üzərində işlər davam etdiriləcək. Delimitasiya başa çatandan sonra demarkasiya hissəsinə keçə bilərik. Hər prosesə dair tənzimlənmə mexanizmi olmalıdır.
Rusiya ilə delimitasiya müqaviləsi imzalanıb. Gürcüstanla isə proses davam edir. Bu, mühüm məsələdir, daim dövlətin nəzarətindədir. Komissiyalar fəaliyyətini davam etdirir".
Xələf Xələfov İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə "müqavilə" bağlamasını da şərh edib.
Xarici işlər nazirinin müavinin sözlərinə görə, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparmağa, xaricdə yaşayan erməniləri burada məskunlaşdırmağa çalışır. Xələf Xələfov bu addımları beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlər kimi dəyərləndirib.
Nazir müavini bildirib ki, beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır: "Ona görə də istənilən ölkə, fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdəki fəaliyyətlər qeyri-qanunidir. Onlar Azərbaycan qanunları vasitəsi ilə o təqib oluna bilər. Bu, həssas məsələdir. Şirkətdirsə, sanksiyalar tətbiq oluna, fiziki şəxsdirsə, müəyyən məhdudiyyətlər qoyula, yaxud Azərbaycan qanunlarında nəzərdə tutulan tədbirlər görülə bilər. Azərbaycan beynəlxalq sərhədləri əməkdaşlıq etdiyi bütün dövlətlər tərəfindən tanınır və buna hörmət edilir. Biz öz hüquqlarımızı qoruyuruq. Dünya dövlətləri ilə təmaslarımızda və əməkdaşlığımızda bu məsələni diqqətə çatdırırıq.
Digər ölkələrin vətəndaşları və hüquqi şəxsləri belə qeyri qanuni fəaliyyətlə cəlb olunursa, biz onları bu məsələnin mümkün nəticələri barədə xəbərdar edirik. Çalışırıq ki, belə fəaliyyətlərdən çəkinsinlər. Bu, nəinki region, bütün ölkələrə aiddir. Ona görə də iqtisadi fəaliyyətlə əlaqədar münasibətləri tənzimləyəndə bu məsələləri xüsusi diqqətə çatdırırıq. İmzalanan sənədlərdə də əks tapır ki, işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyət həyata keçirilməsi, investisiya yatırılması yolverilməzdir. Həmin dövlətlər də Azərbaycan qarşısında öhdəlik götürür ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşacaqlar. Bunun çərçivəsində də şirkət və fiziki şəxslərini xəbərdar etməlidirlər. Bəzi şəxslər ola bilər ki, ölkənin xəbərdarlığına məhəl qoymur, amma onlar Azərbaycan qanunları çərçivəsində məsuliyyət daşıyırlar".
Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı çox məsələnin razılaşdırıldığını da vurğulayıb: "Bunu faizlə demək çətindir. Əksər məsələlər həllini tapıb. Bir sıra çox vacib məsələ isə qalıb. Danışıqlar aparırıq. Planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq".
Nazir müavini bildirib ki, işçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır: "Biz bu görüşə kimi bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsəd sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib dövlət başçılarının imzalamasına təqdim etməkdir. Böyük iş görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var. Bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır".
Xələf Xələfovun sözlərinə görə, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq: "Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq".
Nazir müavini deyib ki, Xəzərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə həll olunmalı məsələlər var: "Çoxtərəfli məsələlər əsasən konvensiya çərçivəsində aparılır. İkitərəfli məsələlər isə dənizin dibinin bölünməsinə aiddir. Bu, yanaşı və qarşı-qarşıya dayanan dövlətlər arasında həyata keçirilir. Azərbaycan Rusiya və Qazaxıstanla bu məsələləri çoxdan həll edib. Sazişlər qüvvədədir. Türkmənistan və İranla isə danışıqlar davam edir. Biz məsələyə hər hansı yataq və ya neft sahələri ilə bağlı məsələlərdə fikir ayrılığı kontekstindən deyil, əsasən bölgü məsələsinin tam həlli kontekstində yanaşırıq.
Xəzər dənizinin dibi sektorlara bölünür. Bu məsələ də Türkmənistan və İranla ayrı-ayrılıqda imzalanmalı müqavilələrlə təsbit olunmalıdır. Bölgü məsələsinin prinsipləri var. Bölgü xəttini müəyyənləşdirmək üçün razılaşdırılmış prinsiplər əsasında koordinatlar müəyyən olunmalıdır.
Hələlik açıq qalan məsələlər bölgü prinsiplərinin razılaşdırılmasıdır ki, bu prosesi həm Türkmənistan, həm də İranla aparırıq. Təbii ki, burada Xəzərə aid prinsiplər nəzərdən keçirilir. Müəyyən beynəlxalq standartlar, prinsiplər və metodikalar var. Bunların hamısı üzərində işləyirik".