İspaniya mətbuatı Azərbaycandan yazdı Siyasət

İspaniya mətbuatı Azərbaycandan yazdı

Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda keçirilmiş beynəlxalq konfrans İspaniya mətbuatında, internet portallarında geniş işıqlandırılıb. DQİDK-in verdiyi xəbərə görə, beynəlxalq konfransla bağlı İspaniyanın məşhur "La Razon" qəzetində və www.laopiniondemurcia.com, "Wondergrass" internet portallarında "Dinlər, multikulturalizm və sülh" , "Katoliklər, müsəlmanlar, ortodokslar və yəhudilər sülh naminə Mursiya Katolik Universitetində bir araya gəldilər" və "Mursiya Katolik Universitetində ortodokslar, yəhudilər və katoliklər sülh üçün bir araya gəliblər" başlıqlı məlumatlar dərc olunub. Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş "Multikulturalizm ili" çərçivəsində keçirilən bu konfransın əsas məqsədi dinlərarası dialoqun gücləndirilməsi və Azərbaycan Respublikasının dini və mədəni həqiqətlərini əsasən müsəlmanların məskunlaşdığı bir ölkədə müxtəlif dinlərə məxsus xalqların bir arada sülh içində yaşadıqlarını ictimaiyyətə çatdırmaqdan ibarətdir. Eyni zamanda, "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda keçirilmiş beynəlxalq konfransın məqsədi bu dialoq vasitəsilə ümumi şüur və problemlərin birgə həllinin tapılmasıdır. Məlumatda qeyd olunur ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələr üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete, Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares, İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes və İspaniyanın Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və dini qurumlarla iş departamentinin baş direktoru Xavyer Herrera iştirak ediblər. Oxucuların qiqqətinə çatdırılıb ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycandakı Ortodoks Kilsəsinin arxiyepiskopu, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışlarında bildiriblər ki, Azərbaycanda tolerantlıq dövlət səviyyəsində dəstəklənir və dövlət vətəndaşların dini azadlığını təmin edir. Məruzəçilər çıxışlarında "daha ədalətli dünyanın qurulması üçün" sülh və əmmin-amanlığın əsas şərtlər olduğunu vurğulayaraq konfrans iştirakçılarını sülh mədəniyyətini və universal həmrəyliyi təşviq etmək üçün səylərini birləşdirməyə çağırıblar.