“Ermənistan Qarabağ regionuna və ətraf rayonlara xaricilərin səfərlərini artırmağa çalışacaq” Siyasət

“Ermənistan Qarabağ regionuna və ətraf rayonlara xaricilərin səfərlərini artırmağa çalışacaq”

Musa Qasımlı: "Bunun üçün səylərini gücləndirəcək"

Elman Nəsirli: "Oraya edilən səfərlər qanunsuzdur və Azərbaycan tərəfinə hörmətsizlik kimi qəbul edilir"

"Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna və ətraf rayonlarına xaricilərin səfərlərini artırmaq üçün Ermənistan səylərini gücləndirəcək". Bunu millət vəkili, Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib. O, qeyd edib ki, səfərlərin qarşısını tam kəsmək mümkün olmasa da, azaltmaq olar: "Bundan ötrü səfirliklərimiz fəal olmalı, mövcud şəraiti və Azərbaycan tərəfinin mövqeyini KİV-lərdə, ikitərəfli görüşlərdə izah etməlidir. Azərbaycan tərəfinin işğal edilmiş ərazilərə getmək istəyən xaricilərə viza verməsi, əslində, onların səfər etməmələri demək olacaq. Çünki təmas xəttindən keçib gedə bilməyəcəklər, İrəvandan getmələrinə isə Azərbaycan vizası olduğu üçün Ermənistan icazə verməyəcək".
Millət vəkili Elman Nəsirli isə diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünü 86,6 milyon kvadrat kilometr olmaqla kimi bütün dövlətlər tanıyıb: "Dağlıq Qarabağ da Azərbaycanın bir hissəsi kimi tanınmaqdadır. Dağlıq Qarabağ Azərbaycana tabe olmursa, deməli bu separatçı rejimdir. Oraya edilən səfərlər qanunsuz, Azərbaycan tərəfinə hörmətsizlik kimi qəbul edilir". Deputat qeyd edib ki, bu məntiqdən çıxış edərək Azərbaycan Xarici İşlər Nazirliyi həmin şəxsləri "arzuolunmaz şəxslər" siyahısına əlavə edir: "Bir çox hallarda həmin adamlar sonradan bizə müraciət edirlər ki, Azərbaycan ərazilərinə qanunsuz səfər etməklə səhf ediblər, düzgün məlumatlandırılmayıblar. Xahiş edirlər ki, adları "arzuolunmaz şəxslər" siyahısından çıxarılsın. Bilirsiniz ki, Belarus vətəndaşı Aleksandr Lapşin separatçı rejimin fəaliyyət göstərdiyi Dağlıq Qarabağa səfər etdi. Səfərindən sonra da o separatçı rejimin təşviqi ilə bağlı işlər gördü. Belarusiyaya qayıdanda isə Azərbaycan tərəfinin tələbi ilə o saxlanıldı. Aleksandr Lapşinə qarşı cinayət işi açılıb. Onun Azərbaycana təhvil verilməsinə Belarus tərəfi müsbət cavab verdi. Bu məsələni Ermənistan müxalifəti Sarqsyan rejiminin böyük məğlubiyyəti kimi qiymətləndirdi".
Elman Nəsirlinin sözlərinə görə, Azərbaycan ərazilərinə səfər üçün, təbii ki, vizanı Azərbaycan tərəfi verməlidir: "Çünki onların səfər etdikləri ərazi Azərbaycan torpaqlarıdır. Düzdür, həmin ərazilər bu gün Azərbaycandan kənarda qalıb. Təəssüf ki, bu gün yürüdülən ikili standartlara görə bu baş vermir. Azərbaycanla hesablaşmadan Dağlıq Qarabağa bu cür qanunsuz səfərlər olur. Ona görə də Azərbaycanın dəyişməz mövqeyi var. Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycana gəlişi qadağan olunur. Bundan həmin şəxslər nəticə çıxarmalıdırlar. Bilməlidir ki, onların səfər etdiyi ərazilər tezliklə Cocuq Mərcanlı kimi Azərbaycana qaytarılacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Amma həmin şəxslərin adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılmayacaq. Ümumiyyətlə Dağlıq Qarabağa səfər etmək istəyənlərə viza vermək düzgün olmazdı. Ora səfər edənlər separatçılarla ünsiyyətdə olacaq. Oradakı separatçı rejim qeyri-qanunidir. Nə zaman o torpaqlar tam Azərbaycanın nəzarətinə keçəcək, o zaman bu məsələyə baxmaq olar".