“Ermənistan Rusiyanın daxili regionlarına bərabərləşdirilib” Siyasət

“Ermənistan Rusiyanın daxili regionlarına bərabərləşdirilib”

Mübariz Əhmədoğlu: "Rusiya lazım olan digər addımları da atacaq"

"Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı. Ermənistan rəhbərliyinin yeni siyasi aktivliyi belə vəziyyət yaratdı. Ermənistan Rusiya ilə əlaqələrinə yeni dinamizmlə yanaşı, paralel olaraq İran və Qərblə də münasibətlərində yeni dinamizm yarada bilib". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, hər üç tərəfin Ermənistana münasibəti Ermənistanın deyil, özlərinin maraqlarının daha çox təmini üzərində qurulub: "Rusiya Ermənistanla gediş-gəlişin daxili pasportla həyata keçirilməsinə nail ola bildi. Bununla da Ermənistan Rusiyanın daxili regionlarına bərabərləşdi. Ermənistanın təhlükəsizlik və hərblə bağlı Rusiyanın qarşısında qaldırdığı məsələ ona baha başa gəlir. Abxaziya və Cənubi Osetiyanı dövlət hesab etmədən Ermənistan yeganə BMT üzvüdür ki, Rusiya vətəndaşları onun ərazisinə daxili pasportla vizasız girə bilirlər. Rusiya Ermənistanı öz daxili subyektinə çevirmək üçün lazım olan digər addımları da atacaq. Əvvəllər Rusiya Ermənistanın hərbisini özününküləşdirməklə bağlı kifayət qədər ciddi addımlar atmışdı. Enerji sahəsində də bu özünü göstərir. "Armrosqazprom"un "Qazprom Armeniya"ya çevrilməsi bu qəbildəndir. AİB vətəndaşlığı ideyasına Belarus və Qazaxıstandan fərqli olaraq Ermənistan müqavimət göstərə bilməyəcək. Bəzi siyasətçilərin Ermənistanın Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi ideyasını yada salaq.
ABŞ və Aİ –nin Ermənistanı özününküləşdirəcəklərinə ciddi inamları var. Bu inamın mənbələri Ermənistan rəhbərliyi və cəmiyyətidir. ABŞ və Aİ sadəcə davranış taktikası baxımından fərqlənirlər. ABŞ-dakı erməni təşkilatları Trampla əlaqələri yaxşılaşdırmaq üçün rəsmi Yerevanın ABŞ-a doğru real konkret addım atmasını zəruri hesab edirlər. Onların fikrincə, rəsmi Yerevan Tramp administrasiyasını ritorika ilə aldada bilməyəcək. Aİ ABŞ-a nisbətən Ermənistana daha çox inanır. Ermənistanın sərhəd regionlarında kifayət qədər riskli iqtisadi layihələri reallaşdırmaq üçün qrantlar ayırmışdı. Aİ-nin daha böyük inamı Ermənistandakı parlament seçkilərinin demokratik keçirilməsinədir. Bu məqsədlə Aİ seçki prosesinin videokameralarla monitorinqi üçün 7 milyon avro ayırdı. Bu real dəyərdən artıq məbləğdir.
Aİ ilə də əlaqələrin intensivləşməsinin son mərhələsinin təşəbbüskarı Ermənistandır. 2015-ci ildən başlayaraq Aİ ilə assosiativ müqavilənin imzalanması danışıqlarını Ermənistan zaman-zaman yubada bilib. İndi Ermənistan Aİ ilə assosiativ müqavilənin imzalanmasına razılıq verdi və S.Sərkisyan Brüsseldə olarkən bu məsələ qətiləşdi. Ermənistanla Aİ arasında sazişin imzalanması Rusiyanın marağında deyil. Rusiyaya yumşaq təzyiq rolunda Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyan çıxış etdi. O, Ermənistanla Aİ arasında assosiativ müqavilənin imzalanmasına xeyir-dua verdi və bu müqavilənin AİB üzvü olan Ermənistanın AİB-lə əlaqələrinə zidd olmadığını bildirdi. Ermənistanın Aİ ilə əlaqələrinin təməlində o zaman Ermənistanın baş naziri işləmiş T.Sərkisyan dayanır. İndi AİK-in sədri, o zamankı baş nazir T.Sərkisyan Aİ ilə apardığı danışıqlar zamanı hətta Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını bir neçə dəfə müzakirə etmişdi.
Ermənistan indi özünü İran-AİB münasibətlərində deyil, İran-Aİ münasibətlərində körpü kimi təqdim edir. Bəzi Aİ siyasətçiləri o cümlədən Aİ üzv dövlətlərinin verdiyi bəyanatlar bu yönümlüdür. İsveçrənin Ermənistandakı səfiri Lukas Qasser Ermənistan-İran münasibətlərinə üstün münasibət bildirdi. İsveçrənin Ermənistanda xüsusilə bu mövzuda aktivləşməsi diqqət çəkir.
Ermənistanın Qərblə əlaqələri Rusiyada qıcıq yaradırsa, bu əlaqələr İran üçün vacibdir. İran Ermənistana qarşı siyasətini dəyişdirir. Bu Ermənistanın daxilində öz mövqeyini gücləndirir. Ermənistanın daxilində məhz özünə məxsus qəssabxana tikintisinə nail olduqdan sonra sərhəddə yerləşən Aqarak və Mehri şəhərlərini öz ərazisindən nəql etdiyi qazla təmin etməyə başladı. Bu iki şəhərin qazlaşdırılması prosesi də İranın maliyyəsi əsasında reallaşdırıldı. İran Ermənistana anti Azərbaycan prizmasından dəstək verməklə yanaşı eyni zamanda məhz bu kontekstdən antierməni addımlara da başlayıb. Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İran hökumətlər arası komissiyasının həmsədri Şahin Mustafayev İranda olarkən "Xudafərin" və "Qız qalası" su qovşaqlarının tikintisinin vəziyyəti ilə yerində tanış ola bildi. Bu Azərbaycan rəsmi nümayəndə heyətinin erməni işğalı altında olan ərazilərə İranın təşkilatçılığı ilə etdiyi ilk səfər idi. Mehri-Nordüz sərhəd ticarəti ilə bağlı İran prezidentinin dekabr ayında Ermənistana səfəri zamanı imzalanmış bu müqavilənin ratifikasiyasından cəmi bir həftə keçmiş İran Ermənistanın əleyhinə olan bu addımı atdı. Bu İranın Ermənistan üzrə siyasətində özünü daha rahat hiss etməsinin göstəricisidir. İran Ermənistana qarşı "qamçı-qoğal" siyasətini reallaşdırmağa başlayıb".