
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
Qazaxıstan və Azərbaycan arasında siyasi münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
Bu sözləri APA-ya açıqlamasında Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Asiya Tədqiqatları şöbəsinin müdiri, politoloq Aydar Kenjebekoviç Kurmaşev deyib.
Kurmaşevin sözlərinə görə, ikitərəfli dialoqun dinamikası təkcə əlaqələrin möhkəmlənməsini deyil, həm də ümumi siyasi baxışın formalaşmasını əks etdirir.
O qeyd edib ki, hər iki ölkə xarici siyasətdə oxşar prinsiplərdən çıxış edir: “Bu ortaq yanaşma həm regional, həm də beynəlxalq formatlarda – o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər qurumlarda fəaliyyətlərin əlaqələndirilməsi üçün möhkəm zəmin yaradır.”
Kurmaşev əlavə edib ki, siyasi dialoqla paralel olaraq iqtisadi əməkdaşlıq da ardıcıl şəkildə inkişaf edir: “Qazaxıstan və Azərbaycan nəqliyyat, logistika, energetika və rəqəmsal texnologiyalar sahəsində sistemli tərəfdaşlıq qururlar. Qarşılıqlı ticarətin həcmi artmaqdadır, lakin potensial bundan da böyükdür. Xüsusilə, ölkələrin gömrük sistemlərinin uyğunlaşdırılması istiqamətində atılan addımlar yeni əməkdaşlıq mərhələsinə keçid üçün şərait yaradır. Bu mərhələdə əsas prioritet yalnız mal dövriyyəsinin artımı deyil, həm də birgə istehsal zəncirlərinin və investisiya layihələrinin inkişafıdır.”
Kurmaşev bildirib ki, bu iqtisadi inteqrasiyanın təbii davamı kimi Orta Dəhliz Avrasiyanın yeni geoiqtisadi arxitekturasının mühüm elementi kimi çıxış edir.
“Qazaxıstan və Azərbaycan Avropa, Mərkəzi Asiya və Çin arasında əlaqə yaradan bu dəhlizin əsas həlqələridir. Aktau və Bakı limanlarının inkişafı, dəmir yolu xətlərinin modernləşdirilməsi və rəqəmsal nəzarət sistemlərinin tətbiqi vahid logistika ekosistemi formalaşdırmağa imkan verir. Ekspertin fikrincə, bu, region üçün ənənəvi marşrutlardan asılılığın azalması, tranzit gəlirlərinin artması və iqtisadi suverenliyin möhkəmlənməsi deməkdir. Əslində, Orta Dəhliz artıq ‘suverenlik dəhlizi’ rolunu oynayır – bu, ölkələrimizin müstəqil siyasət yürütmək və regionu praktiki əməkdaşlıq vasitəsilə inteqrasiya etmək bacarığının rəmzidir”, – Kurmaşev əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq mədəni-dil birliyinin hüdudlarını aşaraq strateji ölçü qazanır. “Bu, nəqliyyat, enerji, təhlükəsizlik və rəqəmsal transformasiya sahələrində birgə layihələr vasitəsilə özünü göstərir. Region üçün bu proses qarşılıqlı fəaliyyətin institusional mexanizmlərini gücləndirmək və TDT-ni praktik inteqrasiya üçün effektiv platformaya çevirmək imkanı yaradır”, – deyə o vurğulayıb.
Kurmaşevin sözlərinə görə, “hazırda TDT-yə sədrlik edən Azərbaycan texnoloji potensialın inkişafına xüsusi önəm verir, Qazaxıstan isə humanitar, elmi və iqtisadi istiqamətlərdə balanslı gündəmin formalaşmasına töhfə verir”.
“Bu mərhələdə ikitərəfli razılaşmalardan institusional əməkdaşlıq formatlarına keçmək vacibdir. Söhbət investisiya qaydalarının uyğunlaşdırılması, enerji və rəqəmsal strategiyaların əlaqələndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın ümumi iqtisadi məkanının formalaşdırılmasından gedir. Bundan başqa, beynəlxalq təşəbbüslərdə koordinasiyanın gücləndirilməsi də vacibdir. Qazaxıstan və Azərbaycan Şərqlə Qərbi birləşdirən konkret birgə layihələr vasitəsilə davamlı Avrasiya əlaqəliliyinin memarlarına çevrilə bilərlər”, – deyə ekspert əlavə edib.
Sonda Kurmaşev Prezident İlham Əliyevin qarşıdakı Qazaxıstan səfərinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu səfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra xarici siyasətini yenidən formalaşdırdığı və Mərkəzi Asiya ilə əlaqələri möhkəmləndirməyə çalışdığı dövrə təsadüf edir: “Qazaxıstan üçün isə bu səfər siyasi dialoqu dərinləşdirmək, eləcə də nəqliyyat, ‘yaşıl’ texnologiyalar və rəqəmsallaşma sahəsində yeni iqtisadi təşəbbüsləri irəli aparmaq üçün mühüm fürsətdir.”