Milli Məclisin plenar iclası keçirilib Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 8 məsələ daxil edilib. Bunlar "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.
İlk olaraq "Məktəbəqədər təhsil haqqında" Qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Layihə haqqında fikir bildirən deputat Musa Qasımlı deyib ki, bu layihənin aydın və nikbin konsepsiyası var: "Əgər bu layihəni qəbul etsək təhsil haqqında aparılan islahatların hüquqi bazası möhkəmlənəcək. Fikrimcə üçüncü oxunuşda müzakirəsinə ehtiyac yoxdur, elə ikinci oxunuşda qəbul edə bilərik".
Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, Azərbaycanda uşaqların daha yaxşı şəraitdə yaşaması və oxumasını təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Qanun layihəsinin hazırlanmasında iştirak edən işçi qrupunun üzvü millət vəkili Sona Əliyeva bildirib ki, xarici təcrübə diqqətlə araşdırılıb: "Layihənin dövlət siyasətinin tərkib hissəsi olmaqla sözügedən sahənin inkişafına töhfə verəcəyinə inanıram".
Deputat Bəxtiyar Əliyev "çox xoş hadisədir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial qayğısı ilə, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk", - deyə bildirib.
O əlavə edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bağçaların inşası və məktəbəqədər təhsilin təşkili ilə bağlı çox böyük işlər görülüb.
Deputat Fazil Mustafa bildiirb ki, artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır: "Narkomaniya çox ciddi bəladır.
Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabaqlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlidir və vacibdir".
daha sonra millət vəkilləri "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsini müzakirə ediblər.
Layihə barədə Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib.

"Qanunu bir qədər də sərtləşdirməliyik"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Siyavuş Novruzov deyib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik".
Deputat bildirib ki, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir: "Sovetlər Birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları bu mənfi istiqamətlərə yönəldir".
Deputat, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruri olduğunu qeyd edib: "Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir".

Konkret məsuliyyət növləri müəyyənləşib

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov diqqətə çatdırıb ki, Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar. O bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir: "Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir. Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar cəmiyyətlə daha yaxındır. Fəaliyyətlərinin mənfi və ya müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır. Konkret olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavələrdə internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələləri çox vacibdir".


"Daha çox müraciət edilən ünvanlardan biri "Vikipediya"dır"

Millət vəkili Qənirə Paşayeva "Vikipediya"da Azərbaycan əleyhinə yayılan yanlış məlumatlara qarşı daha fəal mübarizəyə çağırıb.
O dünyada çox populyar olan "Vikipediya"da Azərbaycanın tarixi, tarixi şəxsiyyətləri , mədəniyyəti və digər məsələrdə çox ciddi yanlış məlumatların geniş yayıldığını diqqətə çatdıraraq, buna qarşısının alınması istiqamətində səyləri artırmağa, "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün ciddi addımlar atmağa çağırıb.
O bildirib ki, müxtəlif ölkələrdən insanlar Azərbaycanla bağlı məlumat almaq istədikdə daha çox müraciət edilən ünvanlardan biri "Vikipediya"dır: "Burada Azərbaycanla bağlı yanlış məlumatların olması hamımızı narahat etməlidir və "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün müvafiq qurumlar və cəmiyyət olaraq səylərimizi artırmalıyıq". Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələri, tarixi yerlərimizlə bağlı adların .com, .net, .org domenlərinin bəzilərinin ölkəmizin düşmənlərinin əlinə keçməsi və bundan Azərbaycana qarşı yanlış məlumatlar yaymaq üçün istifadə etdiklərini diqqətə çatdırıb: "Bu hallar hamımızı narahat etməlidir və bunun qarşısının alınması istiqamətində daha nələr edə bilərik deyə, müzakirələr aparıb səylərimizi daha da artırmalıyıq".
Deputat "ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə hər birimiz, bütün qurumlarımız səylərimizi daha da artırmalıyıq" deyib.
Deputat Məlahət İbrahimqızı "vikipediyadakı məsələlər bizi çox narahat edir", - deyə bildirib. Məlahət İbrahimqızı bildirib ki, bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxıb: "Gəncəmiz az qala erməni şəhəri kimi təqdim olunur. Eyni zamanda, dahi, böyük şəxsiyyətlərimizlə bağlı bilərəkdən və ya qəsdən təhrif olunmuş məlumatlar gedir. Bu, çox ağrılı məsələdir".
Daha sonra çıxış edən deputat Sevinc Fətəliyeva deyib ki, mediaya müəyyən məhdudiyyətlər qoyulmalıdır: "Bu gün müəyyən sayt və şəxslərin məşhurlaşması üçün yanlış məlumatlar yayılır. Uşaq intiharlarının sayı artır. Hansısa intihar hadisəsi sosial şəbəkə və mediada yayımlanır, bu da uşaqlar tərəfindən nümunə kimi qəbul edilir". Deputat vurğulayıb ki, Rusiya və Qazaxıstanda "mavi balina" oyunu çox məşhurdur. Bu oyun uşaqları intihara məcbur edir: "Uşaqlar bunu izləyir və valideynlərdən gizlədir. Hesab edirəm ki, qanun layihəsində bu məsələlər nəzərə alınmalıdır".
Millət vəkili Vüsal Hüseynov isə əlavə edib ki, vikipediyada hər kəs məlumatı redaktə edə bilər: "Vikipediyada Azərbaycan barədə məlumatlar təhrif edilir. Bu problemlər qanun çərçivəsində mübarizə aparmaq imkanları məhduddur. Ona görə də geniş ictimaiyyət məşğul olmalıdır. Vikipediyada mühafizə olunan məlumatlar funksiyası var, əgər bir məlumatı mühafizə etsən, onu sonradan redaktə etmək çətin olar".
Digər qanun layihələri də müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib.