“Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı heç vaxt unudlmayacağıq” Siyasət

“Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı heç vaxt unudlmayacağıq”

Sərdar Ünsal: "Ermənilərin amansız soyqırımlar törətdiklərini tarixi faktlar da təsdiqləyir"

Azər Verdiyev: "Onlar kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir"

Türkiyədə fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal ermənilərin 1918-ci ildə həyata keçirdikləri soyqırım barədə danışıb. O, bildirib ki, ermənilər ümumilikdə soyqırımı törədən bir millətdir. Azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımın heç vaxt unudlmayacağını deyən Sərdar Ünsal vurğulayıb ki, təmsil etdiyi Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası da hər il bu acı tarixi təəssüf hissi ilə qeyd edir: "Ermənilərin amansız soyqırımlar törətdiklərini tarixi faktlar da təsdiqləyir. Aradan neçə on illər keçsə də, ermənilərin türk və müsəlmanlara etdiyi soyqırımları əsla unumayacağıq". Sərdar Ünsal deyib ki, ermənilərin etdikləri qırğınlar azad dünyaya yaxşı izah olunmalıdır: "Ermənilər yüz minlərlə Azərbaycan türkünü qətlə yetirmələrindən hər zaman utanmazcasına fəxr ediblər. Nə yazıqlar olsun ki, dünya, beynəlxalq birlik də ermənilərin bu həyasızlığına, insani cinayətlərinə göz yumublar. Bu gün Ermənistan adlanan bu ölkənin torpaqlarının 100-150 il əvvələ qədər Azərbaycanın əraziləri olduğu heç kimə sirr deyil. Həmçinin bu gün işğalçı ölkənin paytaxtı İrəvan zamanında türklərin, Türk əhalisinin daha sız yaşadığı bölgələrdən biri olduğunu hər kəs bilməkdədir". Sərdar Ünsal maraqlı bir tarix barədə də danışıb. Bildirib ki, 1920-ci ildə onun anası İrəvandakı evini erməni təqib və təzyiqlərdən dolayı tərk edib: "O illər 50 faizdən çox türkün yaşadığı İrəvanda bu gün bir Türk belə yaşamır. Soruşmaq lazımdır ki, bu necə olur? Dünyaya ədalət, haqq dərsi keçənlər bu suala cavab verməlidirlər". Sərdar Ünsal onu da qeyd edib ki, ermənilərin insani cinayətləri günümüzdə də davam edir və bu cinayətləri dünya yalnız seyr etməklə kifayətlənir: "Çox uzağa getməyək. 1992-ci il, fevral ayının 26-da ermənilərin Xocalıda həyata keçirdikləri soyqırıma nəzər yetirək. Əslində Xocalıda törədilən soyqırım 31 mart soyqırımının davamı idi. Çünki ermənilər bundan əvvəlki illərdə törətdikləri cinayətlərin bədəlini ödəmədiyi üçün bundan ruhlanmışdllar. Ancaq nə yazıq ki, dünya Xocalıda törədilən soyqırımı da tanımadı. Düzdür, az sayda ölkələr bu soyqırımı tanısa da, lakin ümumilikdə bəşəriyyət bu ağır, insanlıq əleyhinə cinayət törədənləri cəzalandırmadı. Əvəzində isə nə gördük? Bir sıra ölkələr erməni təssübkeşliyi göstərərək tarixdə baş verməyən bir hadisəni, 1915-ci ilin hadisələrini soyqırım kimi tanıdılar. Budurmu dünyada ədalət? Budurmu insan haqlarına verilən qiymət?". Sərdar Ünsal 31 mart Azərbaycanlıların Soyqırım Gününün ölkəmizdə qeyd edilməsi, onun dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 26 Mart 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan parlamenti tərəfindən ermənilərin Azərbaycanda törətdikləri kütləvi qırğınların xatirəsini anmaq məqsədilə 31 Mart günü qeyd edildi". "Ermənilərin hər fürsətdə Türk düşmənliyi etdiyini ifadə edən Sərdar Ünsal "Bu gün erməni diasporu dünya dövlətlərini yalanlarla aldadaraq "Sözdə soyqırım yalanlarını parlamentlər da qəbul etdirməkdədir. Türkiyə və Azərbaycan diasporu da gerçək olan soyqırımları XXI əsrdə azad dünyanın gözü qarşısında Xocalıda reallaşan soyqırımı tanıtmalıdır. Bu gün Ermənistan diasporu boş durmamaqta yalanları ilə dünya ictimaiyyəti aldatmaqdadır. Bunun adı isə Türk düşmənçiliyidir. Ona görə də hamımız bir olub bu düşmənçiliyə qarşı inadlı, əzmkar mübarizə aparmalıyıq. Əks halda məğlub tərəf biz olacağıq. Türkə isə məğlubiyyət yaraşmır".
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev deyib ki, hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir: "99 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdu. Srepan Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi. S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Azər Verdiyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi: "Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırıb, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoyub, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı" kampaniyasına geniş vüsət veriblər". İctimai Birlik sədrinin qənaətincə, 31 mart, eləcə də Xocalı soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələmişdilər: "Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu gün də kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən, qabıqdan çıxırlar. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapmışdır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi iddiasının cəfəngiyyat olduğuna hansısa şübhə yeri qoymur. 1915-ci ildən fərqli olaraq Qarabağ faciələri müasir dünyanın gözü qarşısında baş vermiş, foto və audio vasitələrlə sənədləşdirilmiş, bütün ölkələrə yayılmışdır. Xocalıda soyqırımı aktının baş verdiyini istintaq materialları da tam təsdiqləmişdir. Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallar Azərbaycanın bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanının - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərilməlidir. Türk və Azərbaycan diasporlarının, kütləvi informasiya vasitələrinin bu istiqamətdə birgə fəaliyyətini yeni dövrün siyasi reallıqları tələb edir".