“Türkiyə Avropa Şurasının qurucu ökələrindən biridir” Siyasət

“Türkiyə Avropa Şurasının qurucu ökələrindən biridir”

Aydın Mirzəzadə: "Türkiyə Avropa dəyərlərinin formalaşmasında, çox böyük rol oynayıb"

Sabir Rüstəmxanlı: "AŞPA-nın Türkiyəyə qarşı qərarı Qərbin Ankara ilə son münasibətlərindən irəli gəlir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı qərarından sonra tərəflər arasında gərginlik yenidən yüksəlib. Əksər ekspertlər gərginlikdən hər iki tərəfin ziyan çəkəcəyini bildirməklə yanaşı, eyni zamanda Türkiyənin adekvat addımlar atacağını bildirirlər.
Avropanın bir sıra dövlətləri isə Trükiyəyə qarşı sərgilənən siyasətdən narahatlıqlarını dilə gətirirlər. Bunu isə məlum siyasi qərarların nəticələrindən Avropanın da ziyan çəkəcəyi ilə əsaslandırırlar.
Xatırladaq ki, AŞPA aprelin 25-də Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi prosedurana qaytarılmasına böyük çoxluqla səs verib. Qətnamədə qeyd edilir ki, AŞPA Türkiyədəki hadisələrin monitorinqini və onun bu məsələ üzrə ölkədəki bütün qüvvələr ilə dialoqunu möhkəmləndirmək və fəallaşdırmaq istərdi: "İnsan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətə münasibətdə dərin narahatlığın baxılmasını təmin etmək üçün AŞPA mövcud məsələlər məqbul həll edilmədiyi müddət ərzində Türkiyəyə qarşı monitorinq prosedurunu bərpa etməyə qərar verib". Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın bu qərarının siyasi olduğunu əsas gətirərək onu haqsız hesab etdiyini və qınadığını bəyan edib. Nazirlik bu qərarın AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə vadar edəcəyini açıqlayıb.
Macarıstanın Baş naziri Viktor Orban, Türkiyədə sabitlik təmin edə bilənlərin dəstəklənilməsi lazım olduğunu ifadə edərək bildiirb ki, Türkiyədə sabitlik olmazsa, hamımızın başı yaxında bəlaya girər.
Bu arada isə Türkiyə hökuməti almaniyalı deputat Bernd Fabritiusun ölkəyə səfərini ləğv edib. "Hürriyet" qəzetinin verdiyi məlumata görə, deputat Avropa Şurasının tapşırığı ilə Türkiyəyə səfər etməli idi. Almaniyanın Xristian-Sosial İttifaqı partiyasının millət vəkili olan B. Fabritius öncədən planlaşdırılmış səfərin az müddət qalmış ləğv edildiyini bildirib: "Bu addımı məyusluqla qarşılayıram və Türkiyə hökumətini ləğv qərarını geri götürməyə çağırıram".
Avropa Şurası Parlament Assambleyası (AŞPA) B. Fabritiusa "Türkiyənin hüquq dövləti prinsiplərinə sadiqliyini yoxlaması" üçün noyabr ayında səlahiyyət verib. Deputat may ayının əvvəllərində Türkiyənin ədalət naziri və Konstitusiya Məhkəməsinin sədri ilə də görüşməli idi. B. Fabritius səfərin ləğv edilməsindən sonra verdiyi açıqlamada bəyan edib ki, əlaqələr kəsilməməlidir və ən qısa müddət ərzində konstruktiv dialoq qurulmalıdır.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, AŞPA-da Türkiyə ilə bağlı qəbul edilən qərar həm hüquqi, həm prosedur həm də mənəviyyat cəhətcə prinsiplərə uyğun gəlmir. O bildirib ki, Türkiyə Avropa Şurasının qurucu ökələrindən biridir: "Türkiyə Avropa dəyərlərinin formalaşmasında, təşkilatın bugünkü nüfuzunun qalxmasında çox böyük rol oynayıb. Bir çox yeni müstəqillik qazanmış dövlətlər Türkiyənin dövlət quruculuğu məsələlərində insan hüquqlarının qorunması öz milli maraqlarını formalaşdırıb onu prinsipal cəhətcən müdafiə etməsində Türkiyədən çox şey öyrəniblər. Bununla belə Türkiyəni prosedurda nəzərdə tutulmadığı halda, qanunu yenidən monitorinq prosesinə qaytarmaq qardaş ölkəni aşağılamaq cəhdindən başqa bir şey deyil". Deputatın sözlərinə görə, Avropanın müəyyən dairələri son dövrlərdə Türkiyəni ümumavropa evindən çıxarmaq, onun dünyada gedən proseslərə təsirini azaltmağa çalışırlar: "Bəzi Avropa dövlətləri bir-birinin ardınca uydurma "erməni soyqırımı"nın tanınması, refendumdan əvvəl Türkiyə rəsmilərinin Avropa ölkələrinə buraxılmaması, bundan başqa AŞPA-da tələsik prosedur qaydalarının pozulması ilə bağlı qərarın qəbul edilməsi, Avropanın, AŞPA-nın anti-türk siyasətində heç də xoşagəlməyən rol oynadı. Məqsəd Türkiyənin artan nüfuzuna kölgə salmaq, regionda və dünyada təsirini azaltmaqdan ibarətdir. Türkiyəyə qarşı edilən iradların heç birinin əsası yoxdur. Bunu anti-türk kampaniyasının təşkilatları da çox yaxşı bilirlər".
A.Mirzəzadə qeyd edib ki, dünyaya demokratiya, insan hüquqları dərsi keçən Avropa bu gün islamafobiyanın daha da gücləndirir: "Ənənəvi İslam dininə bağlı olan ölkələrə qarşı siyasi "Səlib yürüşü" təşkil edir. Vaxtilə Azərbaycan da AŞPA tərəfindən siyasi məhbus oyununa və ya ölkəmizi etmədiyi hərəkətlərə görə ittiham etmək prosesinə məruz qalıb. Bu gün Türkiyəyə qarşı aparılan kampaniyanı pisləyirik və onların yanındayıq. Qardaş ölkənin nüfuzunu azaltmaq mümkün deyil".
Deputat əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə Avropanın bir hissəsidir: "Bu iki ölkəsiz Avropa yoxdur. Biz Avropada Şərqi təmsil edən ölkələrik. Bəlkə də bəzi dairələr Avropanın qapılarının hər iki ölkəyə qarşı bağlanmasına cəhd edirlər. Lakin bəzi dairələrin hərəkəti heç də bütün Avropa demək deyil".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı qərarı Qərbin Ankara ilə son münasibətlərindən irəli gəlir. Eyni zamanda, Ankara bu mərhələləri çoxdan keçib: "Referenduma hazırlıq dövründə Avropa ölkələri ilə, konkret desək Almaniya və Hollandiya ilə çox ciddi münaqişələr yaşandı. Türkiyə rəsmilərinin diaspor təşkilatları ilə görüşməsinin qarşısını kəsməyə də cəhd etdilər və buna nail oldular. Onların görüşlərinə icazə verilmədi. Xarici ölkələrdə türklərə normal şəkildə səs verməsinə əngəllər törədildi. Bu da Türkiyənin Almaniya, Hollandiya və bütövlükdə Avropa ölkələri ilə münasibətlərində gərginlik yaratdı. Qərb çox unutqandır. Minnətdarlıq etməyin əvəzinə bəzən bir sıra ölkələri günahlandırmağı üstün tutur. Avropa ən azından Suriyadan qaçqın axınını unutmamalı idi. Türkiyə onun qarşısında dayanmasaydı Qərb 4 milyon qaçqının ayaqları altında sarsılardı. Baxın, cəmi bir neçə yüz min qaçqın Avropaya üz tutmuşdu, günbatan qitənin fəryadı göyə yüksəlmişdi. "Amandı, qoymayın, qabağını kəsin" deyirdi. Pulla, rüşvətlə, Ankaraya yalvararaq o qaçqınları Türkiyədən Qərbə üz tutmasının qarşısını almaq üçün yalvarırdılar. Bunun ardınca isə AŞPA-nın əli ilə Türkiyəyə qarşı bu cür proqram irəli sürdülər".
Sabir Rüstəmxanlının sözlərinə görə, əslində ümumxalq məsələsi çoxdan həllini tapıb: "Qərb zaman-zaman Türkiyəyə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və bu davam edir. Dünyada heç nə unudulmur, sadəcə olaraq biz unutqanıq. Səlib müharibəsindən başlayaraq Şərq-Qərb qarşıdurması unudulmayıb. Roma Vatikan kilsəsinin dünyanı xristianlaşdırmaq iddiaları, bəşəriyyətə hökm etmək cəhdləri, Avropanın genişlənməsi dinlərarası dialoq, qloballaşma bəhanəsi ilə Qərbin lazımlı-lazımsız dəyərlərini yaymaq, təbliğ etmək illərdir davam edən bir prosesdir. Doğrudur, Avropadan öyrənməli çox şey var – qanuna sayğı, demokratiya, insan haqlarına hörmət, iki dünya müharibəsinə meydan olmuş Avropanı cənnətə, sülh məskəninə çevirmək qibtə doğurur. Bununla yanaşı, Qərbin dünyadakı bütün proseslərə ikili standartlarla yanaşması, Qafqazda işğalçı Ermənistana yardım etməsi, bir sıra hallarda onları təcavüzkar adlandırmaması, ciddi şəkildə İrəvanı müdafiə etməsi, haqlı olduğu yerlərdə Azərbaycanın haqqını danması buna misal ola bilər. Bütün bunlar göz qabağındadır, ikili standartların bariz nümunələridir. Şərq Qərbin həmişə müəllimi olub amma ikili standartlar əksər müsəlman ölkələrinə qarşı tətbiq edilir. Azərbaycana, Türkiyəyə, eləcə də türk dünyasına paralel şəkildə bu standartlar tətbiq edilir. Bu proses illər boyu həm Ankaraya həm də Bakıya qarşı davam edib. Onu da nəzərə alaq ki, bunun qarşısını almaq mümkün deyil. Buna baxmayaraq, yaşamağı və inkişaf etməyi qarşımıza məqsəd qoymalıyıq".
Deputat Elman Nəsirov deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Türkiyə əleyhinə qəbul edilmiş qərar qurumun bütün mahiyyətini üzə çıxardı. E.Nəsirovun sözlərinə görə, məlum oldu ki, bu qurumun daxilində islamafob və ksenofob qüvvələr kifayət qədərdir: "Onlar müsəlman ölkəsi Türkiyənin inkişafını həzm edə bilmirlər. Türkiyəyə monitorinqin tətbiq edilməsi ilə bağlı qərar bunu aydın şəkildə göstərdi. 1996-2004-cü illərdə AŞPA Türkiyəyə monitorinq tətbiq edib, 2004-cü ildə isə Türkiyə post-monitorinq dövrünə daxil edilib. Yəni bu o deməkdir ki, Türkiyəyə münasibətdə Avropa Şurası öz dəyərlərinin kifayət qədər müdafiə etdiyinin fərqində olub və bu ölkəyə qarşı daha loyal mövqe nümayiş etdirib. Amma yenidən – 13 il sonra Türkiyəni 1996-2004-cü il vəziyyətinə qaytarmaq, Türkiyəyə qarşı olduqca qərəzli davranışın ifadəsidir. Bu həm də onu təsdiq etdi ki, Avropa Şurası heç bir dövlətə münasibətdə belə addım atmayıb, heç zaman post-monitorinq mərhələsində olan dövləti ikinci dəfə monitorinq mərhələsinə qaytarmayıb, ona qarşı siyası nəzarəti həyata keçirməyib. Belə olan vəziyyətdə Türkiyə tərəfi də çox düzgün olaraq, bunu AŞPA-nın tarixində tarixi səhv hesab edib".
Deputat hesab edir ki, bu gün AŞPA Türkiyəyə əslində təşəkkür və minnətdarlıq etməlidir: "Çünki Türkiyə üç istiqamətdə terrorizmə – PKK, İŞİD və FETO-ya qarşı mübarizə aparır. Heç bir Avropa ölkəsi tapmaq olmaz ki, eyni zamanda üç istiqamətdə terrorizmlə mübarizə aparsın. Türkiyə bununla dünyada təhlükəsizliyə böyük töhfə verir. İkincisi isə, Türkiyə Yaxın Şərqdən gəlmiş 3 milyondan artıq qaçqına qucaq açıb, bununla da onların Avropaya daxil olmasının qarşısını alıb. Avropaya göstərdiyi bu cür dəstəyin müqabilində isə Türkiyəyə qarşı belə davranış qəbul edilməzdir və bu mövqe bir daha göstərir ki, Avropada çox ciddi bir böhran yaşanmaqdadır. Belə görünür ki, Avropada artıq Avropa baharı başlayacaq".
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova bildiirb ki, Avropa Şurası Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib: "Avstriya da ərazisində Türkiyə bayrağının sancilmasina icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Suleyman Qanuninin Vyananı mühasirəsi, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında xaclılarin birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb". O, bildirib ki, halbuki, Osmanlının yüksəlib Avropaya hücumlarına qədər avropalılar ozləri Roma Papasının fitvası ilə Şərqə hücum edib, onlarla şəhəri xarabaya çevirmişdilər: "Çox qəribədir, bu avropalılar türklərin onlarla 500 il əvvəlki savaşını unutmur, amma bizə məsləhət görür ki, bugünkü tarixi, Qarabağın işğalını unudun və Ermənistanla ticarət edin. Alverlə başımızı qatmaq istəyirlər. Yaxud, Türkiyə Ermənistanla sərhədi açsın. Deyərlər, belə ağıllısansa, Rusiyanı razı sal, Qarabağdan çıxart. Gücləri Azərbaycana, bir də Türkiyəyə çatır. Allah türkü düşmənləri qarşisında güclü eləsin".

Əli