“Rusiya ali hərbi məktəblərində təhsil almış şəxslər ciddi şəkildə yoxlanılmalıdırlar” Siyasət

“Rusiya ali hərbi məktəblərində təhsil almış şəxslər ciddi şəkildə yoxlanılmalıdırlar”

Qüdrət Həsənquliyev: "Təkcə Ermənistan hərbçiləri yox, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır"

"Hər bir azərbaycanlı kimi məni də Rusiya məhkəməsinin Rusiya dövləti adından qəbul elədiyi bu qərar sarstıdı. Ona görə ki Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını təbliğ və təşviq edən millət vəkillərindən biri olmuşam. Amma çox təəssüf...
Nə qədər ki Putinin yanında həm azərbaycanlı, həm erməni, həmçinin yarı erməni, yarı rus, Azərbaycana münasibətdə zəhər daşıyan kərtənkələlər var, çətin ki Rusiya Azərbaycana münasibətində ciddi dəyişikliklərə yol vermiş olsun".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasına münasibət bildirərkən deyib. Qüdrət Həsənquliyev bu günlərdə biz ürəkağrısı ilə eşitdik ki, Tərtərdə bir qrup Azərbaycan hərbçisi, Azərbaycan dövlətinə qarşı xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən ələ alınıb, təxribatlat törədiblər və daha böyük təxribatlar törətməyə hazırlaşırmışlar",- deyə vurğulayıb: "Mən hesab edirəm ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bununla bağlı xüsusi dinləmələr keçirməlidir. Müdafiə Nazirliyinin baş qərargah rəisi, əks kəşfiyyatın rəisi, müvafiq qoşun komandanlığı həmin dinləmələrdə ciddi şəkildə iştirak etməlidirlər. Məsələ araşdırılmalıdır. Burada Rusiyanın izi axtarılmalıdır. Bilirsiniz ki, bu yaxınlarda Rusiya və Ermənistanın birlikdə yaratdığı ümumqoşun birləşməsinin komandiri çıxış etdi. Bildirdi ki, "bu qoşun birbaşa Ermənistanın ali baş komandanına tabedir" və yalnız Sərkisyanın əmri ilə hərəkət edəcək. Hətta ona sual verirlər ki, "Putin sizi dayandıra bilər", o, isə cavab verir ki, "xeyr". Rusiya tərəfindən də bununla bağlı heç bir təkzib verilmədi. Bu da onu gösətərir ki təkcə Ermənistan hərbçiləri yox, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır".
Millət vəkili "mən hətta onu təklif edirəm ki, Azərbaycan ordusunda xidmət edən Rusiyanın ali hərbi məktəblərində təhsil almış şəxslər ciddi şəkildə yoxlamalardan keçirilməlidirlər", - deyə vurğulayıb: "Sızan məlumatlara görə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərə məhz Rusiya ərazisində maliyyə vəsaitləri verilirmiş. Hesab edirəm ki, bu məsələlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində ciddi çşəkildə araşdırılmalıdır və Rusiyanın bu məsələdə də rolu ciddi şəkildə öyrənilməlidir. Azərbaycan Rusiyadan ən çox silah alan dövlətdir. Yaxın illərdə biz Rusiyadan 5 milyard dollarlıq silah almışıq. Burada həmkarlarımızı da söylədi. Ötən prezident seçkilərində Azərbaycana qarşı hansı təxribatlar törədilirdi. Yenə də seçkilər yaxınlaşır və yenə də həmin təxribatlar artmağa başlayıb. Amma ötən seçkilərdə olduğundan daha sərt və qətiyyətli formada Azərbaycan dövləti öz sözünü deməlidir. Burada qeyd olundu ki, biz təmkinli davranaq və.s. Rusiya Azərbaycan münasibətlərində yaranmış gərginliyə görə də, məsuliyyəti həmin qərarları Rusiyada qəbul edən məhz həmin şəxslər dşımalıdırlar".

"Ölüm cəzasını bərpa edək"

Millət vəkili İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: "Həm bizim ölkə konstitusiyası, həm beynəlxalq insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın ölüm cəzasının ləğvinə dair 6 saylı protokolu imkan verir ki, biz, Azərbaycanda müharibə vəziyyətində olduğumuza görə, ölüm cəzasını bərpa edək. Bu məsələnin müzakirə olunmasını xahiş edirəm. Tərtərdə baş verən hadisə bir daha göstərdi ki, Azərbaycan müharibə vəziyyətində olduğuna görə, şəxsiyyət əleyhində, xüsusilə ağır cinayətlərə və dövləti cinayətlərə görə, ölüm cəzasını bərpa edə bilərik. Beynəlxalq qanunvericilik, konvensiyalar da buna yol verir, bunu mümkün sayır".

"Bəzi Rusiya telekanallarından Azərbaycana qarşı "zəhər" tökülür"

BAXCP sədri həmçinin "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı da çıxış edib. O bildirib ki, belə bir qanunun qəbul edilməsinə ehtiyac var: "Azərbaycanda kabel televiziyaları vasitəsilə qonşu ölkələrin telekanalları yayımlanır: "Buna misal olaraq Rusiya telekanallarını göstərmək olar. Bunların bir hissəsi musiqi və mədəniyyətlə bağlı olduğu üçün onların fəaliyyətində heç bir problem ola bilməz. Amma digər telekanallardan bəzən Azərbaycana qarşı "zəhər" tökülür. Ona görə də həmin telelviziya kanallarının yayımının dayandırılması məsələsi ciddi düşünülməlidir". Qüdrət Həsənquliyev qeyd edib ki, eyni zamanda Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet və kabel telekanallarında müqavilə ilə yayımlanmaq imkanı olmalıdır: "Onlar kabel vasitəsilə yayımlana bilməlidir. Yəni, əgər yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Misal üçün, kifayət qədər səviyyəli hər hansı internet televiziyasına "yox" deyilirsə, o zaman onlar da gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir. Bizdə indi televiziyalarla bağlı vəziyyət belədir. Bəzən binalara çanaq antenaları quraşdırmağa icazə verilmir. İnsanlar da məcbur olub televiziyaları kabel telelviziya yayımçıları vasitəsilə seçirlər. Bu baxımdan da bu qanun çox önəmlidir. Digər tərəfdən isə qanunda qeyd olunur ki, televiziya yayımı dayandırılırsa, onun yayımı 24 saat müddətinə mümkündür. Hesab edirəm ki, informasiya texnologiyaları əsrində bu qədər vaxt kifayət qədər böyük müddətdir. Əgər hər hansı qüsur varsa, yayımçı onu 6-8 saat ərzində aradan qaldırmaq öhdəliyi qoyulmalıdır. Əks halda 24 saat çox böyük müddətdir".