“Azərbaycan sülhdə möhkəmdir” Gündəm

“Azərbaycan sülhdə möhkəmdir”

“Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ölkəmizin Vətən müharibəsi və antiterror tədbirlərində qazandığı böyük hərbi-siyasi zəfərlər və diplomatik qələbələrlə formalaşan reallığın nəticəsi, eləcə də cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmasına baxmayaraq qlobal müstəvidə və regional səviyyədə yaşanan proseslərlə bu və ya digər formada əlaqəlidir”.

Bunu “Xalqcebhesi.az”-a açıqlaması zamanı millət vəkili Bəhruz Məhərrəmov söyləyib.

O qeyd edib ki, regionumuz qlobal proseslərdən təcrid olunmadığı üçün bütövlükdə qlobal arxitekturada müşahidə olunan dəyişikliklər və hadisələrin inkişaf tendensiyaları Bakı və İrəvan arasında sülh prosesinə də təsirsiz ötüşə bilməz: “O cümlədən də qütblərarası ziddiyyətlərin dərinləşməsi, Rusiya-Ukrayna münaqişəsinin gedişatı, eləcə də İranda müşahidə olunan etirazların sonrakı inkişaf trayektoriyası, heç şübhəsiz ki, Cənubi Qafqazda dövlətlərarası münasibətlərin perspektivlərinə də bu və ya digər formada təsir edəcək. Təbii ki, Azərbaycan dövləti bu reallığın fərqindədir və əminliklə deyə bilərik ki, ölkəmiz proseslərin istənilən ssenari üzrə inkişafına bütün aspektlərdən hazırdır və heç bir geosiyasi kataklizm regionda cənab İlham Əliyevin liderliyində formalaşan status-kvonu məcrasından döndərə bilməz. Əksinə regionda hadisələrin inkişaf tendensiyaları nəticəsində fərqli mənzərə meydana çıxarsa, Azərbaycan yeni geosiyasi arxitekturadan faydalanan azsaylı subyektlərdən biri olacaq”.

Günel Elxan