“Dağlıq Qarabağ tənzimlənməsində unikal vəziyyət yaranıb” Siyasət

“Dağlıq Qarabağ tənzimlənməsində unikal vəziyyət yaranıb”

Mübariz Əhmədoğlu: "Ermənistanın mövqeyi ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib"

"Dağlıq Qarabağ tənzimlənməsində unikal vəziyyət yaranıb. Tarixdə ilk dəfə olaraq Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib".
Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, İran Ermənistanla münasibətlərdə yeni strategiya hazırlayıb: "Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən İranın Ermənistanla əlaqəli yeni strategiyasının reallaşması mümkün deyil. İran isə öz strategiyasının qəbulundan ötrü Ermənistana təzyiqlər edir və təzyiqlər effektsiz deyil".
Politoloq qeyd edib ki, daha ciddi proseslər ABŞ və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində baş verir: "Bunların Dağlıq Qarabağ məsələsində öz aralarında fikir ayrılığının olmadığını dəfələrlə bəyan etsələr də reallıqda ciddi rəqabət özünü göstərir. ABŞ həmsədri Riçard Hoqland BMT rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etdi və BMT rəhbərliyindən dəstək aldı. Hoqland tənzimlənməyə iqtisadi yanaşma gətirdi. Hoqlandın gətirdiyi yeniliklər Azərbaycanın xeyrinə, Ermənistanın ziyanına idi. Nəticədə Dağlıq Qarabağ tənzimlənməsində RF-ni təmsil edən XİN açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdi - Dağlıq Qarabağda yaşayanların yəni, ermənilərin hüquqlarının zədələnməsinə imkan verməyəcəyini bildirdi".
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ ermənilərini hərbi proseslərdə tərəf kimi göstərməyə cəhd etdi: "Hər halda sonradan ümumiyyətlə siyasi tərəf kimi göstəriləcəkdir. Azərbaycanı erməni millətindən olan vətəndaşları mövzusunda ayrı-seçkilik etməkdə şərlədi. RF XİN-nin ATƏT MQ-nin fəaliyyətini monopoliyaya alması onun işini asanlaşdırmışdı. RF XİN elementar etik qaydaları və özünün prioritet elan etdiyi prinsipləri tapdalayaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyəcəyini açıq və rəsmi şəkildə bəyan etdi".
Politoloqun fikrincə, bir müddət sonra amerikalı həmsədr ermənipərəstliyə yuvarlandı: "O "çərçivə sazişinin" təxmini hazır olduğunu bildirdi. Amma ilkin olaraq qoşunların təmas xəttindən ilk növbədə snayperlərin geri çəkilməsini və qoşunların təmas xəttində müasir monitorinq qurğularının yerləşdirilməsini təklif etdi. Bu faktiki olaraq ermənilərin danışıqların aparılması üçün irəli sürdüyü tələblərin Hoqland tərəfindən dəstəklənməsi idi. Çünki ermənilər dialoqun bərpası və prezidentlərin görüşü üçün prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsini ön şərt kimi irəli sürürdülər. Hoqlandın belə ermənipərəst mövqe nümayiş etdirməsi RF XİN-də reaksiya yaratdı və RF XİN Ermənistanın əleyhinə çevrildi. RF XİN rəsmisi M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Rusiyanın prioritetləri sırasında olduğunu yada saldı və vasitəçilərin prezidentlərin görüşünü təşkil etməklə məşğul olduğunu bildirdi".
M.Əhmədoğlu əlavə edib ki, bunun ardınca RF prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanı Soçiyə dəvət etdi: "Üç saatlıq görüşün böyük hissəsi Dağlıq Qarabağ tənzimlənməsinə həsr olunmuşdu. Çünki 2016-cı ilin iyulunda Sankt-Peterburqda irəli sürülən təklifləri Ermənistan qəbul etməmişdi. Rusiyanın müzakirəni dərhal davam etdirmək əvəzinə bir il iki ay Ermənistanın yayınmasına şərait yaratması onun həm də öz maraqlarına cavab verirdi, Ermənistan üzərində mövqeyini möhkəmləndirirdi. Təxminən eyni vaxtda ABŞ həmsədri dəyişdi". Politoloq vurğulayıb ki, R.Hoqlandın ermənipərəst mövqeyi ABŞ-ın Cənubi Qafqaz regionu siyasətinə uyğun deyil. Ona görə Hoqlandı dərhal prosesdən uzaqlaşdırdı. ABŞ Dövlət Departamentində çox mühüm vəzifədə olan hədsiz çox məsələləri, o cümlədən Dağlıq Qarabağ məsələsini kurasiya edən C.Hefferni vəzifədən uzaqlaşdırılması da bununla əlaqədar ola bilər".
O sonda bildirib ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən C.Heffern ABŞ-ın Ermənistandakı səfiri işləmişdi: "ABŞ-la Rusiya arasındakı rəqabət Dağlıq Qarabağ tənzimlənməsinə müsbət təsir göstərir. İndi elə vəziyyət yaranıb ki, Ermənistandan istifadə etmək istəyən hər iki dövlət eyni zamanda Ermənistanın əleyhinədirlər. Ən azı bu Dağlıq Qarabağ tənzimlənməsinə iki dövlətin yanaşmasında belədir".