“Las-Veqasda ölənlər siyasi korrupsiyanın qurbanlarıdır” Siyasət

“Las-Veqasda ölənlər siyasi korrupsiyanın qurbanlarıdır”

BAXCP sədri ABŞ-da baş verən qətliamın əsl səbəblərini açıqlayıb
ABŞ-ın Las-Veqas şəhərində, "Mandalay Bay" hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddokun izdihama atəş açması nəticəsində çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan qətliam bütün dünyada ciddi rezonans doğurub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Las-Veqasda baş verən faciənin ciddi səbəblərinin olduğunu bildirib.
İlk növbədə faciə qurbanlarının yaxınlarına başsağlığı verən, yaralılara şəfa diləyən BAXCP sədri qeyd edib ki, geniş anlamda Las Veqasda baş verən faciədə ölən və yaralanan dinc insanlar Amerikadakı siyasi korrupsiyanın qurbanlarıdır: "Bu faciə hansısa bir psixopatın törətdiyi qətliam deyil. Artıq uzun illərdir ki, ABŞ-da silah satışına məhdudiyyətlər qoyulması ilə bağlı müzakirələr gedir. 1975-ci ildən bu proses daha geniş vüsət alıb. Artıq ABŞ-da hər kəs başa düşür ki, silah satışına dövlətin ciddi nəzarəti olmalıdır. Yəni müəyyənləşdirilməlidir ki, silah kimlərə satıla bilər, silah alan adamın keçmişi və hazırki psixoloji durumu necədir və s. Lakin ictimai etirazlara baxmayaraq silah satışında mövcud olan xaosun qarşısı alınmır. Bu səbəbdən baş verən facilərin miqyası isə kifayət qədər genişdir. Bununla bağlı son statikstikaya nəzər saldım. Təkcə bu ilin 9 ayı ərzində ABŞ-da 8673 nəfər odlu silahla qətlə yetirilib. 2014-cü ildə bu rəqəm 8124 olub. Yəni hər il bu rəqəm daha da artır. ABŞ mətbuatında bununla bağlı müqayisələrin aparıldığı bir yazıya rast gəldim. Avropada 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı hər milyon nəfərə orta hesabla 1-2 nəfər təşkil edir. Bəzi inkişaf etmiş qərb ölkələrində, məsələn Kanada, Portuqaliya və Yunanıstanda bu rəqəm maksimum 4-5 nəfərə çatır. Məsələn, götürək elə bizim ölkəmizi. Şübhəsiz ki, biz hələ Avropa ölkələri kimi inkişaf etmiş ölkə deyilik. Əslində Azərbaycanda bu rəqəm artıq da ola bilər. Amma bizim ölkədə 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı orta Avropa göstəricilərindən də aşağıdır. Amma ABŞ-da bu göstərici 1 il ərzində hər milyon nəfərə haradasa 31 nəfər təşkil edir. Təsəvvür edirsiniz bu nə deməkdir? ABŞ-da bu göstərici Avropada və bizim ölkəmizdə olduğundan 16 dəfə yüksəkdir. Bu da şübhəsiz ki, ABŞ-da sadə vətəndaşları, vicdanlı insanları ciddi narahat edir. Təbii ki, belə olduğu halda oluna bilər ki, o zaman nədən ABŞ-da silah satışının məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunmur? Mən elə buna görə də fikrimi Las-Veqasdakı qətliamın qurbanlarının əslində siyasi korrupsiyanın qurbanları olduğunu deməklə başladım. Nəzərinizə çatdırım ki, Amerikada 1871-ci ildə Milli Tüfəng Assosiasiyası (National Rifle Association - NRA) yaradılıb. Hazırda bu Assosiasiyanın 5 milyona yaxın üzvü var. Assosiasiyanın rəhbərliyi də əsasən Respublikaçılar Partiyasının təmsilçilərindən təşkil olunub. Bir faktı xatırladım ki, Donald Trampın ABŞ prezidenti seçilməsində bu assosiasiyanın müstəsna xidmətləri olub. Yəni Trampa verdikləri dəstək baxımından. Dünyada istehsal olunan ikinci elə bir məhsul yoxdur ki, onun satışından 2 min faiz, yəni maya dəyərindən 20 dəfə artıq gəlir götürülsün. Misal üçün deyirəm: 5 dollara başa gələn silah 100 dollara satılır. Bu səbəbdən də dünyada silah satışı ən gəlirli sahə hesab olunur".
Qüdrət Həsənquliyev Las Veqasda baş verən qətliamın qurbanlarının siyasi korrupsiyanın qurbanı olduqlarını faktlarla əsaslandırıb: "ABŞ-da bu istiqamətdə aparılan bütün araşdırmalara görə, Respublikaçılar partiyasının 88 faizinin, demokratların isə 11 faizinin karyera qazanmasında bu assosiasiyanın müstəsna xidmətləri var. Yenə də araşdırmalara görə, respublikaçıların 47 faizi Milli Tüfəng Assosiasiyasının onların seçki kampaniyasına verdiyi dəstəkdən başqa, yəni əlavə olaraq bu assosiasiyadan pul alırlar. Təsəvvür edin ki, Barak Obama prezidentliyinin 8 ili ərzində nə qədər cəhd etdisə silah satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qanunun qəbuluna nail ola bilmədi. Milli Tüfəng Assosiasiyası və bu assosiasiyanın korrupsiya yolu ilə ələ aldığı konqresmenlər buna imkan vermədi. Görürsünüz ki, az qala hər gün ABŞ-da ya valideynlərindən, ya müəllimindən, ya da məktəbdə sinif yoldaşından narazı qalan, evdə ailəsi, yaxud işdə müdiri ilə dalaşan hər hansı bir şəxs odlu silahla kütləvi qətllər törədir. Həm də bu qətlləri məktəblərdə, universitetlərdə, insanların kütləvi toplaşdığı yerlərdə həyata keçirir ki, cəmiyyətə daha böyük stress yaşatsın. Heç bir səbəb olmadan uşaqları, günahsız insanları güllələyirlər. Və bütün bunlara baxmayaraq ABŞ-da silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanun qəbul olunmur. Baxın, dünyaya korrupsiyaya qarşı mübarizə haqqında dərs keçməyə çalışan həmin o konqresmenlər özləri bilə-bilə ki, qanunun qəbul edilməməsi səbəbindən ABŞ vətəndaşı olan günahsız insanlar, uşaqlar qətlə yetirilirlər, amma yenə də bu addımı atmırlar. ABŞ Konstitusiyasına 2 saylı əlavəyə istinad edirlər ki, vətəndaşların silah saxlamaq hüququ var. Şübhəsiz ki, Konstitusiyaya 2 saylı əlavə korparativ maraqları ört-basdır etmək üçün bəhanədən başqa bir şey deyil. Səbəb isə odur ki, silah istehsalı və satışı ilə məşğul olan qurumlar bundan nəhəng gəlirlər əldə edirlər. Bu gəlirlərin də bir hissəsi korrupsiyaya bulaşmış həmin o konqresmenlərə çatır. Bu baxımdan, birmənalı şəkildə qeyd etmək olar ki, ABŞ-da baş verən son faciə də siyasi korripsiyanın qanlı nəticəsidir. 1975-ci ildən bu yana silah satışına məhdudiyyət qoyulması ilə bağlı yeni qanunların qəbulu üçün bəlkə də 10 dəfə müxtəlif təşəbbüslər olub, amma hər dəfə bu təşəbbüslərin qarşısını Milli Tüfəng Assosiasiyası və bu assosiasiyaya lobbiçilik edən konqresmenlər alıb. Xatırladım ki, həmin Assosiasiyanın tərkibində adı hər şeyi ifadə edən "Siyasi Qələbə Fondu" da yaradılıb. Yəni siyasi qələbə qazanmaq üçün fond... Bu fondun vasitəsi və digər yollarla silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanunun qəbul edilməsinin qarşısı alınır. Bu isə dünyanın lider dövləti, özünü demokratik bir ölkə hesab edən ABŞ üçün utancverici bir faktdır. Hesab edirəm ki, onlar başqa ölkələri korrupsiyada ittiham edəndə bir az düşünməli və xəcalət çəkməlidirlər".