“Beynəlxalq birliyin etməli olduğu çox şey var” Siyasət

“Beynəlxalq birliyin etməli olduğu çox şey var”

Piter Teys: "Azərbaycan ərazilərinin 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib"

"Bakı prosesi"nin əsası 2008-ci ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qoyulub. Həmin vaxtdan indiyədək bu proses Azərbaycanın mədəniyyət və idman sahəsindəki dialoqunun vacib elementi olub". Bu fikirləri Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib. O qeyd edib ki, "Bakı prosesi" digər dövlətlərin də dialoq aparması üçün nümunədir.
P. Teysin sözlərinə görə, bu proses bütün dünyaya – Avropaya, Şimali Amerikaya, xüsusilə, ABŞ və Kanadaya multikultiralizmin, dini dialoqun, etnik tolerantlığın necə təşviq edilməli olduğunu və idman vasitəsilə mədəniyyətlərarası dialoqun necə inkişaf etdirilməli olduğunu nümayiş etdirib: "Gələn il bu prosesin 10 illiyi qeyd ediləcək. Mən əminəm ki, Asiya və Latın Amerikası ölkələrinin Azərbaycanın sülh və stabilliyin qorunması, xalqlar, dini və etnik qruplar arasında mədəniyyətlərarası dialoqu gücləndirmək üçün gördüyü işlərlə daha yaxından tanış olmasına imkan yaranacaq". Ekspert əlavə edib ki, Azərbaycan gərgin regiondur və onun ərazilərinin 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib: "Dağlıq Qarabağ və 7 ətraf rayon 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Torpaqlarının işğal altında olması Azərbaycana həm humanitar aspektdən, həm də ətraf mühit aspektindən çox zərər vurub. Ermənistan tərəfindən insan haqları, beynəlxalq hüquq normaları pozulub, ətraf mühitə qarşı terror həyata keçirilib və təmiz su hövzələri çirkləndirilib. Hesab edirəm ki, "Bakı prosesi"nin əhəmiyyəti ötən illər ərzində bu işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi əzabları dünya ilə bölüşməkdir".
Onun sözlərinə görə, Bakı prosesi Avropa dəyərlərinin, mədəniyyətlərarası dialoq, multikultural dəyərlərin təbliğ edilməsi və müxtəlif ölkələrin təmsilçilərini, beynəlxalq təşkilatların liderlərini bir araya gətirilməsi üçün effektiv vasitədir.
Ekspert sonda beynəlxalq birliyin atmalı olduğu addımlardan danışıb. O bildirib ki, beynəlxalq birliyin etməli olduğu çox şey var: "Xüsusilə ABŞ, YUNESKO, Avropa İttifaqı, ATƏT kimi mədəniyyətlər arası dialoqun təşviqinə diqqət yönəldən digər təşkilatlar Azərbaycanla birgə işləməlidir. Azərbaycan sülhün möhkəmləndirilməsi, stabillik, regional iqtisadi inkişafın təmin edilməsi sahəsində aparıcı rol oynayır. Azərbaycanın bu sahədəki təcrübəsi Avropa, Asiya, Afrika, Latın Amerikası ölkələri üçün faydalı ola bilər, həmçinin, bu multikultural dəyərlər dünyadakı münaqişə ocaqlarının azalmasına və xalqlar arasında sülh, harmoniyanın yaranmasına səbəb ola bilər".