“İşğal edilmiş ərazilərdə toponimlərin hamısı erməni adları ilə əvəz edilib” Siyasət

“İşğal edilmiş ərazilərdə toponimlərin hamısı erməni adları ilə əvəz edilib”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin Budapeştdə keçirilən iclasında bir sıra ümumavropa əhəmiyyətli təhsil, elm, mətbuat problemləri ilə yanaşı, mədəni irslə əlaqədar ayrıca məruzə də müzakirəyə çıxarılıb. "Avropa qeyri-maddi irsinin qorunması və inkişaf etdirilməsi" adlı məruzə ətrafındakı müzakirələr zamanı millət vəkili Rafael Hüseynov ölkəmizin qeyri-maddi irs nümunələrinin UNESCO çərçivəsində qorunması ilə bağlı müfəssəl məlumat verib: "Hər xalqın milli özünəməxsusluğu, təkrarsızlığı, tarixən formalaşmış zövq səviyyəsi, ilk növbədə və ən qabarıq şəkildə onun qeyri-maddi mədəni irsində əksini tapır. Qeyri-maddi mədəni irs də elə xalqın milli dili kimidir. Belə sərvətlərsiz xalqın mənəvi dünyası çox kasıb olardı. Azərbaycan qeyri-maddi mədəni irs baxımından zəngin sərvətə malikdir. Məmnunluqla qeyd etməliyəm ki, son 10 ilə yaxın müddət ərzində UNESCO ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və qorunması istiqamətində çoxlu və faydalı işlər görülmüşdür. 2008-ci ildə Azərbaycan muğamı, 2009-cu ildə Azərbaycan aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, 2014-cü ildə Qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Azərbaycanın ucqar bir dağ kəndinə məxsus Lahıc misgərlik sənəti, 2016-cı ildə isə Azərbaycan lavaşı. Lakin, eyni zamanda, UNESCO-nun daha 3 - "Ümumdünya yaddaşı", "Dünyanın yaddaşı", "Təhlükə altında hesab edilən dillər" siyahıları üzrə Azərbaycan mədəni və mənəvi irs nümunələri qorunmaqdadır. Lakin bu siyahılardan kənarda da mənim ölkəmin yüzlərlə qeyri-maddi irs örnəkləri mövcuddur ki, onların yaşamaq və qorunmaq haqqı var". Azərbaycanın məruz qaldığı təcavüzün bütün başqa fəsadlarından savayı qeyri-maddi irsə də ciddi ziyanlar vurması məsələsinə toxunan deputat R. Hüseynov deyib: "Azərbaycan işğala məruz qalmış ölkədir. 25 ildir ki, onun ərazilərinin 20 faizi hər cür beynəlxalq nəzarətdən kənardır. Azərbaycan torpaqlarının Ermənistan və ona havadarlıq edən xarici qüvvələr tərəfindən zəbt edilməsi qeyri-maddi mədəni irsə də ciddi, bir sıra hallarda isə sağalmaz, bərpası mümkün olmayan ziyanlar yetirib. 25 il ərzində nəsillər dəyişir və belə böyük zaman kəsiyində öz ev-eşiklərindən məhrum olaraq tamam fərqli məkanlarda yaşayan insanların musiqi və söz folkloru, adət və ənənələri deformasiyaya uğrayır, nəsillər arasında rabitə itir, ötürücülük missiyası yerinə yetirilə bilmədiyindən bir sıra sərvətlər yox olur". Deputat diqqətə çatdırıb ki, indiki Ermənistan ərazisində yüz illərlə kompakt yaşayan 300 min nəfərdən artıq azərbaycanlı 1980-ci illərin sonlarında etnik təmizləməyə məruz qalaraq öz tarixi yurdlarından deportasiya ediləndən sonra faktiki olaraq bizim böyük bir mədəni sərvət layımız faciəvi vəziyyətlə üzləşdi: "100 il əvvəl nəşr edilmiş xəritələrdə azərbaycanlılardan zorla təmizlənmiş həmin ərazilərdəki toponimlərin 90 faizdən çoxu sırf Azərbaycan mənşəli idi. Hər bir məkanın adı ilə də bağlı saysız əfsanələr, rəvayətlər, şeirlər, nəğmələr vardı. İndi həmin toponimlərin hamısı dəyişdirilib, erməni adları ilə əvəz edilib. Oradan qovulmuş insanların bir çoxu sarsıntılara, əzablara, çətinliklərə dözməyərək həyatdan gedib, qalanları isə son 30 ildə pərakəndə halda Azərbaycanın 60-dan artıq müxtəlif rayonuna səpiliblər. Qeyri-maddi mədəni irsi məhv etməyin, zədələməyin ən qısa yollarından biri isə onu yuvasından, mövcudluq məkanından məhrum etməkdir. Yəni, bu sərvətləri yaradan insanları birləşdirən məkan yoxdursa, onlar birlikdə, daimi ünsiyyətdə deyillərsə, bu sərvətlərlə mütəmadi olaraq paylaşmırlarsa, demək, həmin qeyri-maddi mədəni irs inciləri tədricən yox olmağa məhkumdur".