Azərbaycan diasporu və iş adamları Siyasət

Azərbaycan diasporu və iş adamları

Real vəziyyət və müsbət tendensiya

Bu gün diaspor Azərbaycan üçün strateji sahələrdən biri hesab olunur. Təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkəsində bu sahəyə ciddi diqqət ayrılır ki, bu da təsadüfi deyil. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və sahib olduğu resurslar ölkəmizə olan geosiyasi maraqları artırır. Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrlə yanaşı, eyni zamanda müxtəlif təzyiq vasitələrindən istifadə edən dövlətlərin sayı da az deyil. Buna görə də Azərbaycan tarix boyu təzyqlərə məruz qalıb və bunun nəticəsində xalq olaraq böyük problemlər yaşamışıq. Buna itirilmiş ərazilərimizi, eyni zamanda Qarabağ problemini misal göstərə bilərik.
Bütün bu faktorlar dövlətin xarici siyasətinin güclü olmasını şərtləndirir. Amma o da bir həqiqətdir ki, hər hansı bir ölkənin xarici siyasətinin güclü olması təkcə dövlətdən asılı olan məsələ deyil. Burada eyni zamanda, diaspor və lobbi çalışmalarının xüsusi əhəmiyyəti var. Bunu sübut edən konkret fakt kimi yəhudi lobbisini misal göstərə bilərik.
Strateji hədəflərə çatmaq üçün Azərbaycan diasporu daha da güclənməli və geniş təsir imkanlarına sahib olmalıdır. Daha mütəşəkkil olmaq, güclənmək üçün təbii ki, maliyyə mütləq və əsas şərtlərdən biridir. Bu baxımdan da Azərbaycanlı iş adamlarının üzərinə xüsusi məsuliyyət düşür.
Bütün dövrlərdə iş adamları dövlətçiliyin möhkəmlənməsi və inkişafı üçün əsas rol oynayıblar. Müsir dövrdə isə iş adamlarının fəaliyyəti iqtisadiyyatın güclənməsi, eyni zamanda dövlətin sütunlarının daha da möhkəmlənməsi üçün əsas faktora çevrilib. Təbii ki, burada iş adamlarının milli olması çox ciddi əhəmiyyət daşıyır.
Hamımıza bəllidir ki, ümumilikdə müxtəlif səbəblərdən azərbaycanlı iş adamları diaspor sahəsinə yatırım etmirdilər. Bunun səbəblərindən biri etimad mühitidir. Digər bir səbəb isə milli təfəkkürlə bağlıdır. Təbii ki, diaspor məsələlərinə xərclənən pul gəlir gətirmir və buna görə də bu məsələ bir çoxlarına maraqsız gələ bilər. Amma onu da unutmamalıyıq ki, milli məsələlərə yatırılan vəsit dövlətçiliyə və gələcəyimizə yatırım deməkdir.
Bu o demək deyil ki, diaspor işinə dəstək vermək istəyən iş adamlarımız yoxdur. Təbii ki, müxtəlif dövrlər ərzində müəyyən səbəblərdən zədələnən etimad mühitini bərpa etmək çətindir. Mümkünsüz də deyil. Son zamanlar milli məsələlər, dövlətçilik maraqları, o cümlədən diaspor işinə pul xərcləyən iş adamlarının fəaliyyəti ilə bağlı müşahidələr müsbət tendensiyadan xəbər verir.

Müsbət tendensiya

Bu məsələ ilə bağlı irəliləyiş müşahidə edilir. Azərbaycan diasporuna iş adamlarının dəstəyi ilə bağlı müsbət tendensiya çox ciddi addımdır. Hazırki dönəmdə bu tendensiya Azərbaycan üçün çox ciddi əhəmiyyət daşıyır. Çünki dövlət bütün yükü öz üzərinə götürə bilməz və götürməməlidir də. Buna görə də iş adamlarının bu istiqamətdə maliyyə xərcləməsi xüsusi önəm daşıyır.
Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk bildirdi ki, zaman-zaman iş adamlarımız diaspor fəaliyyətinə dəstək veriblər. Onun sözlərinə görə, müəyyən zamanlarda iş adamlarımızın diaspor işinə dəstək verməməsinin əsas səbəblərindən biri də, öz maraqları üçün fəaliyyət göstərən təşkilat sədrlərinin onların inamlarından sui-istifadə etmələri olub: "İş adamlarımızın xeyirxah missiyaya qoşulması, xaricdə fəaliyyət göstərən təşkilatlarımıza böyük dəstək deməkdir. Düzdür, bu istiqamətdə fəaliyyət göstərən azərbaycanlı iş adamları o qədər çox deyillər. Amma müəyyən addımlar atılır və vəziyyəti yaxşı istiqamətə dəyişmək olar. Biz belə insanlarımızı qorumalı və onların həvəsdən düşməsinə imkan verməməliyik ki, diaspor sahəsində iş adamlarımızı ağırlığı hiss olunsun. İş adamlarımızın dəstəyi ilə uğurlu layihələrə reallaşdırmaq olar. Məsələn, xaricdə fəaliyyət göstərən erməni diasporunda erməni iş adamları fəal iştirak edirlər. Onlar Ermənistanın yalançı və qondarma həqiqətləri uğrunda milyonlarla pul xərcləyirlər, erməni yalanlarının təbliğinə böyük dəstək verirlər. Bir sıra əcnəbi siyasilərin maliyyələşməsində aktivlik göstərirlər".
Elnur Eltürk əlavə etdi ki, belə olan halda azərbaycanlı iş adamlarının diaspor prosesində fəallaşması, nəticə etibarilə güclü diasporun yaranmasını sürətləndirə bilər: "Bu gün Azərbaycan diasporunda daha çox maddi güc və intellekt birliyinə böyük ehtiyac duyulur. Bunun üçün yetərincə imkan və potensial var. Son zamanlar bu istiqamətdə müsbət tendensiyanın yarandığını müşahidə edirik. Bu önəmli məsələdir və ümid edirəm ki, gələcəkdə daha çox iş adamı milli məsələlərdə, diaspor sahəsində dəstəklərini əsirgəməyəcəklər".

Strateji plan və effektiv nəticə

Polşada fəaliyyət göstərən Polşa Azərbaycan Gənclər Şurasının sədri Nail Əhməd diqqətə çatdırdı ki, dünya təcrübəsində həmişə iş adamları diasporun vahid güc olması, öz sözünü deməsi üçün onlara dəstək veriblər: "Düşünürəm ki eyni mexanizmi biz də qurmalıyıq, konkret olaraq fondlar yaradılmalıdır, iş adamları ianələr ayırmalıdır. Ayrılan vəsait isə birmənalı şəkildə diasporumuzun həmin ölkədə güc mərkəzinə çevrilməsinə xərclənməlidir. Bəlkə də bu atılan addımların ən önəmlisi olar. Elə bir zamanda yaşayırıq ki maliyyəsiz diaspor təşkilatını ayaqda saxlamaq çox çətindir. Düşünürəm ki bu cür addımların müşahidə edilməsi və getdikcə artırılması ən yaxın zamanda öz effektini göstərəcək. İş adamlarının dəstəyi çoxalarsa diaspor təşkilatlarımız lazımi anda istədikləri hədəfə vurmaq gücündə olacaqlar, həmçinin ayaqda qalmaq haqqında yox, prioritet istiqamətlərdə hücuma keçməyi düşünəcəklər".
"Diaspor" Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə diqqətə çatdırdı ki, bir vaxtlar azərbaycanlı iş adamları diaspor üçün kifayət qədər maliyyə xarcləyirdilər: "Dövlət müstəqilliyimizin ilk illərəndə bu daha çox müşahidə olunurdu. Bu kimi addımların atılması diasporun inkişafına öz müsbət təsirini göstərirdi. Lakin sonradan dünyada baş verən iqtisadi böhranlar görünür, azərbaycanlı iş adamlarına da təsir etdi. Hazırda iş adamlarının diaspor işinə yatırım etmələri hələ ki, istənilən səviyyədə deyil. Çoz az sayda, bəzən bir-iki görüntülər olur. Bilirsiz, xaricdəki bir çox iş adamlarımız, eyni zamanda diaspor təşkilatı sədridirlər. Yaxşı olardı ki, iş adamları bu sədrlik postunu liderlik qabiliyyəti olan aktiv diaspor üzvlərinə versinlər. Onların da bu işi xüsusi strateji planlamaya uyğun aparması lazımdır. İş adamlarının da belə planların reallaşdırılmasına dəstək göstərməsi effektiv nəticə verə bilər".

Etmad mühiti əsas faktordur

Rusiyada fəaliyyət göstərən diapsor fəalı Şamil Tağıyev dedi ki, azərbaycanlı iş adamlarının xaricdə yaşayan həmyerlilərimizin siyasi, ictimai və iqdisadi həyatında rolu çox mühümdü: "Çünki hər bir addımın uğurlu nəticə ilə reallaşması üçün böyük maiddi və mənəvi dəstəyə eytiyac var. Mənim nəzərimcə bu cür dəstəyi bir vaxtlar etdiyi kimi bizim rusiyada yaşayan iş adamları edə bilərlər, sadəcə bizlərə düşən ilk vəzifə həmin işadamlarının yenidən etibarını qazanmaqdır. Əgər iş adamları diaspor fəallarına etibar edib dəstəkləyərləsə, bir çox ictimai və siyasi lahiyələr həyata keçirmək olar, nəticədə isə bu lahiyələrdən xaricdə yaşayan azərbaycanlilar müsbət şəkildə istifadə edə bilərlər. Həm də lobbiçilik fəaliyəti daha da güclü olar".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirdi ki, xaricdə yaşayan azərbaycanlıların xarici ölkələrdə fəaliyyət göstərən əcnəbi təşkilatlarla, yerli iş adamları ilə çox sıx əlaqələri var. Onun sözlərinə görə, bu əlaqələrdən istifadə edib Azərbaycanın qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlər seçməyimiz vacibdir: "Xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasına stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində formalaşan əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadi inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər bu gün çox önəmlidir. Xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizin milli maraqlarının qоrunması, Azərbaycan həqiqətlərinin təbliği və diaspоr quruculuğu işinə daha fəal şəkildə cəlb оlunması da mütləq nəzərə alınmalıdır". Onun fikrincə, dünyada yaşayan və böyük maliyyə potensialına malik olan azərbaycanlıların birliyi nəticə etibarı ilə diaspor quruculuğuna müsbət təsiri göstərəcək: "Yəni, onlar artıq diasporun qarşısında duracaq istənilən vəzifənin öhdəsindən gələ biləcəklər. Nəzərə alaq ki, diasporun qarşısında bir çox hallarda maliyyə problemləri dayanır. Dünyada yaşayan imkanlı azərabycanlıların təşkilatlanması və birliyinin təsis edilməsi nəticədə maliyyə problemlərinin həlli baxımından da əhəmiyyətli olacaq. Maliyyə imkanları geniş olan insanların eyni zamanda yaşadıqları ölkələrdə proseslərə təsiri və siyasi güc olmaq imkanları da genişdir. Yetər ki, həmin potensialı birləşdirsinlər və vahid məqsədə istiqamətləndirsinlər. Türkiyədə türk iş adamlarının müxtəlif birlikləri fəaliyyət göstərir. Belə bir təşkilatı iş adamları özləri formalaşdırmalıdırlar".
Diasporla İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, ümumiyyətlə son illərdə həm iş adamları, həm də ziyalıların diaspor fəaliyyətinə marağının artdığı müşahidə olunur: "Müxtəlif sahələrdə çalışan nüfuzlu soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimiz, tariximiz barədə məlumatlandırılması prosesində daha yaxında iştirak etmək istəyirlər. Diaspor təşkilatlarında təmsil olunmaqla bağlı müraciətlər olur. Bütün bunlar müsbət tendensiyanın olduğunu deməyə əsas verir".
Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.