“Rusiyanın ən ciddi problemi xarici siyasət kursu ilə bağlıdır” Siyasət

“Rusiyanın ən ciddi problemi xarici siyasət kursu ilə bağlıdır”

Tofiq Zülfüqarov: "Rusiyaya qarşı sanksiya və təzyiqlər bilavasitə xarici siyasətlə bağlı məsələlərdən qaynaqlanır"

"Rusiyada prezident seçkiləri və ondan sonrakı durum haqqında fikir bildirmək çətindir. Ancaq aydındır ki, indiki mərhələdə Putinə rəqib yoxdur. Seçkilərdən sonra komandanın bir qisminin dəyişməsi gözləniləndir". Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyada gözlənilən prezident seçkiləri və seçkilərdən sonra mümkün dəyişikliklər barədə fikirlərini açıqlayarkən deyib. Sabiq nazir hesab edir ki, indi Rusiyanın ən ciddi problemi xarici siyasət kursu ilə bağlıdır. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiya və təzyiqlər bilavasitə xarici siyasətlə bağlı məsələlərdən qaynaqlanır: "Bunun hansı formada həll ediləcəyini demək çətindir. Qənaətimcə, bu istiqamətdə hansısa dəyişikliklər gözləmək məntiqə uyğundur. Bunun işartıları da mövcuddur. Məsələn, kokain skandalı, hansı ki, bunu səfirliklərlə bağlayırlar. İqtisadi problemlər də birbaşa xarici siyasətlə bağlıdır. Sanksiyalar ona gətirib çıxarıb ki, Rusiya iqtisadiyyatına investisiya qoyuluşu azalıb. İkincisi, iqtisadiyyat üçün kreditlər vacibdir, amma Rusiyanın Qərb banklarından kredit götürməsi xeyli çətinləşib. Bir sözlə, Rusiyada əsas problemlər xarici siyasətlə bağlıdır. İndiki mərhələdə Moskva elitası göstərmək istəyir ki, bütün bunlar Qərb dairələrinin Rusiyaya qarşı açıq təzyiqləridir. Ancaq bu təzyiqlərin kökü Ukrayna, Suriya və digər məsələlərlə bağlıdır".
Tofiq Zülfüqarov hesab edir ki, seçkilərdən sonra məntiqli görünən yalnız Rusiya xarici siyasətinin korreksiyasıdır:
"Aqressiv xarici siyasət və bunun bariz nümunəsi olan Ukrayna və Suriya davranışları var. Hiss edilir ki, Rusiya bunun qarşılığında ona qarşı edilən təzyiqlərə tab gətirməyə çətinlik çəkir. Ən azı ona görə ki, təzyiq və sanksiyalar iqtisadi vəziyyətə ciddi təsir edir. Üstəlik , bu siyasətdə Rusiyanın tərəfdarları yoxdur. Ukrayna siyasətində Rusiya faktiki tək olub. Zənnimcə, seçkilərdən sonra Rusiya xarici siyasətində müəyyən dəyişikliklər olmalıdır ki, ölkə rahat şəkildə inkişaf etsin. Bu, baş verməsə, Qərblə gərginliyin səviyyəsi daha da inkişaf edəcək. Məncə, bunun sonu və Rusiya üçün perspektivi yoxdur. Çünki qüvvələr nisbəti Qərbin tərəfindədir".