Polşada 20 milyon dollarlıq narkotik laboratoriyası dağıdılıb Dünya

Polşada 20 milyon dollarlıq narkotik laboratoriyası dağıdılıb

Polşada Mərkəzi Təhqiqat Bürosunun (CBŚP) əməkdaşları Mazovets voyevodluğunda keçirilən əməliyyat zamanı dəyəri 82 milyon zlotı (təxminən 20,8 milyon dollar) olan 1,5 tondan çox sintetik narkotik maddə müsadirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları üç kişini saxlayıblar və artıq onlar barəsində ittiham irəli sürülüb.

Məlumata görə, "CBŚP" əməkdaşları qanunsuz fəaliyyətin sübutlarını Novi Dvor Mazovetski yaxınlığındakı bir fermada aşkar ediblər.

Fermanın təsərrüfat tikililərində hüquq-mühafizə orqanlarının əməkdaşları ehtimala görə klofedron - sintetik narkotik hazırlanan tam təchiz olunmuş laboratoriya tapıblar.

Bildirilir ki, otaqlardan birində istehsal xətti tam təchiz olunmuşdu, digərində isə narkotiklərin növbəti paylanmaya hazırlanması üçün nəzərdə tutulmuş xüsusi qurutma kamerası yerləşirdi.

Təsərrüfat tikililərindən hüquq-mühafizəçilər 1600 kiloqramdan çox hazır klofedron müsadirə ediblər. Narkotiklərin əlavə partiyaları şübhəlilərin yaşayış yerlərində də aşkar edilib.

Saxlanılan şəxslərə artıq Milli Prokurorluğun Lodz şöbəsində ittiham irəli sürülüb. Onları 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məryəm Quliyeva