Fransanın iri şəhərlərində komendant saatı tətbiq olunmağa davam edəcək Dünya

Fransanın iri şəhərlərində komendant saatı tətbiq olunmağa davam edəcək

Fransa hakimiyyəti etirazlarla bağlı vəziyyətdən asılı olaraq, oktyabrın 24-də keçirilən nümayişlərdən əvvəl olduğu kimi, iri şəhərlərin ayrı-ayrı rayonlarında komendant saatı tətbiq etməyə davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalının efirində respublikanın daxili işlər naziri Loran Nunyes məlumat verib. "Yaxın günlərdə vəziyyət çox dəyişməyəcək, - deyə nazir bildirib. - Komendant saatı, əlbəttə ki, tətbiq olunacaq".

Onun sözlərinə görə, vəziyyəti hər bir konkret regionda ictimai qaydanın pozulması risklərini nəzərə alaraq prefektlər qiymətləndirəcəklər.

Oktyabrın 24-də bütün Fransa üzrə həmkarlar ittifaqları və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişlər keçirilib. Oktyabrın 17-də baş verən iğtişaşlardan sonra respublikanın Daxili İşlər Nazirliyi asayişin qorunmasına cəlb olunan polis və jandarmların sayını 10 mindən 70 minə qədər artırmağa söz verib. Bir çox şəhərlərdə hakimiyyət orqanları tərəfindən küçə aksiyaları qadağan edilib, habelə komendant saatı tətbiq olunub. İdarənin məlumatına görə, oktyabrın 24-də keçirilən aksiyalarda 410 min nəfər iştirak edib, "CGT" həmkarlar ittifaqı isə bu rəqəmin 800 min olduğunu bildirib.

Məryəm Quliyeva