“Maraqlı dövr yaxınlaşıb” Siyasət

“Maraqlı dövr yaxınlaşıb”

Tofiq Abbasov: "Azərbaycan anti-terror əməliyyatlarına qərar verə bilər"

Məhəmməd Əsədullazadə: "Regionda siyasi-hərbi konfontrasiya yeni müstəviyə daxil olub "

Suriyada vəziyyət daha da gərginləşir. ABŞ-ın Rusiyanı təhdid edən bəyanatlarından sonra həm Suriya ordusu, həm də Rusiyanın Suriyadakı hərbi baaları döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu da dünyda gedən geosiyasi proseslərin daha gərgin məcraya yönələcəyini deməyə əsas verir. Belə olan təqdirdə Qarabağ problemi ilə bağlı hansısa addımların atılmasını gözləmək mümkündürmü?
Politoloq Tofiq Abbasov bildirib ki, belə bir ehtimal istisna deyil: "Belə bir ehtimal ola bilər. Belə bir imkan da yarana bilər. Dünyanın gözü önündə güclü dövlətlər həmişə öz problemlərini həll etmək üçün güc amilindən istifadə edirlər. Bu gün də ABŞ-ın belə cəhdlərinin şahidiyik. Suriyada çoxşaxəli geosiyasi oyun gedir. Bir çox hallarda verilən vədlərl reallıqlar bir-biri ilə uzlaşmır. Azərbaycan daim erməni terrorizminin bölgədə ağır vəziyyət yaratdığını dünyanın diqqətinə çatdırıb. Təbii ki, terrorun cavabı terrorçunu yerində oturtmaq ola bilər. Hesab edirəm ki, maraqlı bir dövr yaxınlaşıb. Ermənistanda yeni prezident fəaliyyətə başlasa da, onu səlahiyyətləri geniş deyil. Baş nazir postunda kim oturacaqsa, Qarabağ məsələsi ilə bağlı da məhz həmin şəxs öz mövqeyini aydın şəkildə bildirməlidir. Hələ ki, Ermənistan söz oyunu ilə məşğul idi. Azərbaycan isə bu vəziyyətlə barışa bilməz. Əgər Ermənistan bundan sonra siyasi oyunbazlığa meyl edəcəksə, o zaman Azərbaycan anti-terror əməliyyatlarına qərar verə bilər. Bu, Azərbaycanın ən təbii haqqıdır".
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, Suriya məsələsinə görə ABŞ və Rusiya arasında siyasi-iqtisadi toqquşma müharibə riski artır: "İki ölkənin Suriyada qarşı-qarşıya gəlməsi hərbi qarşıdurması riskini artır və proseslər öz ciddiyyətini qoruyur".
M.Əsədullazadə bildirib ki, Vaşinqton və Moskvanın artıq regional münaqişələrin həllində birgə çalışması mümkün görünmür: "İki ölkə regional nüfuz uğrunda toqquşmaya hazır vəziyyətdədir. Azərbaycan üçün əsas maraqlı tərəfi isə iki ölkənin Minsk qrupunda bundan sonra əməkdaşlığı hansı istiqamətdə davam etməsidir. Qeyd edim ki, Kreml və "Ağ Ev"in Qarabağ münaqişəsinin həllində Minsk qrupunda birgə fəaliyyəti ziddiyətli olacaq. Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ konfliktinin həllində 2011-ci il "Kazan" formuluna qayıtmağı ehtiva etməsi, Kremlin münaqişənin həllini Fransa və ABŞ-ın iştirakı olmadan yenidən öz moderatorluğuna almağının mesajı idi. Moskva çalışacaq ki, ABŞ və Fransa Minsk qrupunun fəaliyyətində fəal olmasın və danışıqlar öz nəzarətində aparılsın. Qeyd edim ki, yeni regional şərtlərin dəyişməsi fonunda Minsk qrupunda olan üç həmsədr kimi ölkələr siyasi münaqişədədir və onların birgə formatda çalışması mümkün deyil. Rəsmi Bakı üçün münaqişənin həllini sürətləndirmək üçün ilk növbədə Ermənistana hərbi təzyiqləri artırmalı, Minsk qrupunun fəaliyyətini və prezidentlərin növbəti görüşündən nəticələr gözləməməlidir".
Politoloq onu da vurğulayıb ki, regionda siyasi-hərbi konfontrasiya yeni müstəviyə daxil olub:"Qarabağ danışıqlarında ənənəvi diplomatiyadan imtina edib, hücum diplomatiyasına keçmək zamanıdır. Çünki rəsmi İrəvan çalışacaq ki, yeni prezident vasitəsilə Qərbdən, baş nazir Serj Sarkisyan isə Moskvadan dəstək alsın. İki meydançada oyun oynamağa çalışacaq İrəvanın bu siyasətinin qarşısını almaqda rəsmi Bakı diplomatik səylərini artırmalıdır".

Əli