“Ərdoğanın səfəri qardaşlıq mesajıdır” Siyasət

“Ərdoğanın səfəri qardaşlıq mesajıdır”

“Zəfər günü ilə əlaqədar olaraq, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri həm rəmzi məna, həm də dünyada baş verən mürəkkəb proseslərin fonunda strateji əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin sədrinin müavini, deputat Musa Qasımlı “Xalqcəbhəsi.az”a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, Zəfər Bayramı təsir gücünə görə Azərbaycan sərhədlərini aşır, qardaş türk dövlətlərinə, müstəqil dövləti olmayan türk xalqlarına və əzilən dünya xalqlarına güclü təsir göstərir: “Belə bir gündə Bakıya səfər etmək rəmzi məna daşıyır. Bir qardaşın sevinci digər qardaşların sevinci, kədəri isə kədəri olmalıdır. Azərbaycan və Türkiyə, türk xalqları həmişə haqq-ədalətin yanında olublar və yanındadırlar. Bu səfər, indiki mürəkkəb və qarışıq dünyada, beynəlxalq təşkilatların öz funksiyalarını yerinə yetirə bilmədikləri bir zamanda, daha geniş məna daşıyır”.

M. Qasımlı əlavə edib ki, Azərbaycan və Türkiyə qardaşadırlar. Ulu öndər Heydər Əliyevin dediyi kimi, onlar bir millət, iki dövlətdirlər və strateji müttəfiqdilər: “Bütün sahələrdə, o cümlədən müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur. Hərbçilərimizin iştirakı ilə həm Azərbaycanda, həm də Türkiyədə dəfələrlə hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyənin, bütün türk dövlətlərinin bir yerdə olması, xüsusən müdafiə sahəsində geniş formatda əməkdaşlığı həyati tələbata çevirir. Dədə-babalarımızın bu arzusunu isə cənab Prezident İlham Əliyev və türk dövlətlərinin liderləri həyata keçirirlər”.

Günel Elxan