“Münaqişənin həlli bölgəyə sabitlik, sülh gətirəcək” Siyasət

“Münaqişənin həlli bölgəyə sabitlik, sülh gətirəcək”

Prezident İlham Əliyev: "Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır"

"Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul etmişlər".
Bunu prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladıb.
"BMT Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.
Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib.
Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram", - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub.
O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir: "Dəfələrlə bəyan edib ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilib. Bu Oyunlar sadəcə olaraq idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək".
Prezident deyib ki, bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib. "İkinci dəfədir ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülüb. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir. Bildiyiniz kimi, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik".