“Paşinyanın başı daxili problemlərə qarışıb” Siyasət

“Paşinyanın başı daxili problemlərə qarışıb”

Yunus Oğuz: " O, hazırda seçkilərə hazırlaşdığı üçün populist çıxışlar edir"

"Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı son açıqlaması təxribatdır". Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətini şərh edib: "ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, həmsədrlər tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istəyiblər və guya onlar buna görə tərəfləri xəbərdar ediblər. Vasitəçilər onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək. Həmsədrlər ritorikanı sərtləşdirməyəmi qərar veriblər? Belə isə görəsən Ermənistan xarici işlər nazirinə deyiblərmi ki, hərbi təyyarələrinizin Azərbaycan sərhədini pozması, işğal altındakı bölgələrə köç təşkil edilməsi, beynəlxalq hüquqa zidd olaraq başqa ölkələrin bələdiyyələri ilə sazişlərin imzalanması, iki azərbaycanlının girov saxlanılması və nəhayət baş nazir Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistana biləşdirilməlidir" açıqlaması təxribat xarakter daşıyır və bölgədə vəziyyyətin gərginləşməsinə xidmət edir. İnanmıram ki, həmsədrlər bunları desinlər. Deməyiblərsə bəyanatları yenə boş söz yığnağıdır".
"Olaylar" qəzetinin baş redaktor Yunus Oğuz isə deyib ki, Paşinyan və ümumiyyətlə, Ermənistan ilişib Dağlıq Qarabağda qalıb: "Bizi də buna sürükləmək istəsələr də, Azərbaycan işğal altında olan torpaqlarını unutmamaq, onları geri almaq şərti ilə iqtisadi, təhlükəsizlik baxımından inkişaf edir, əhalinin sosial vəziyyəti yaxşılaşdırılır". Onun sözlərinə görə, ya Ermənistan gec-tez torpaqlarımızı qaytaracaq, ya da Azərbaycan işğal altındakı ərazilərini zorla da olsa azad edəcək: "Azərbaycanın əraziləri işğal altında olmasına baxmayaraq dayanıqlı inkişafını davam etdirməsi, ölkəmizi Ermənistan fərqləndirən əsas cəhətdir".
Ermənistan baş nazirinin BMT-nin Nyu-yorkda keçirilən sessiyadakı çıxışına toxunan Y. Oğuz söyləyib ki, düşmən ölkə vəziyyəti problemin hərbi yolu ilə həll olunmasına gətirib çıxarır: " Ermənistan elə edir ki, axırda BMT və ABŞ Azərbaycana deyəcək ki, gedin məsələni hərbi yolla həll edin. Azərbaycanda ildırım sürəti ilə torpaqlarını işğaldan azad edəcək".
Hazırdan Paşinyanın danışıqlara getmədiyini deyən baş redaktor qeyd edib ki, onun başı daxili problemlərə qarışıb: "Paşinyan hazırda seçkilərə hazırlaşdığı üçün populist çıxışlar edir. Lakin o anlamır ki, hakimiyyətdə qalmaq üçün Azərbaycanda əlaqələri gücləndirməlidir. Paşinyanın heç bir nüfuzu yoxdur, onun BMT çərçivəsindən heç bir güclü ölkə rəhbəri ilə görüşü olmadır. ABŞ, Fransa və digər güclü dövlətlər ona əhəmiyyət vermir. Əgər o, beynəlxalq normaları tanımırsa, o zaman beynəlxalq hüquq da nə onu, nə də Ermənistanı tanımayacaq".