Səfir Azərbaycan-Türkmənistan əməkdaşlığından danışıb Siyasət

Səfir  Azərbaycan-Türkmənistan əməkdaşlığından danışıb

"Türkmənistanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin istiqamətlərindən birini təşkil edir. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Hazırda qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, iqtisadi, humanitar, nəqliyyat və digər istiqamətlərdə çox yaxşı nəticələr mövcuddur. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının böyük rolu var. Bu baxımdan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2017-ci ildə ölkəmizə rəsmi səfərini qeyd etmək lazımdır. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin noyabrında Türkmənistana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açdı".
Bu fikirləri Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov deyib.
Səfir bildirib ki, əlaqələrin inkişafında Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti də mühüm yer tutur. Ticari-iqtisadi, informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq, o cümlədən iş adamları arasında təmasların qurulması və qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin həllində komissiyanın rolu böyükdür. Yaxın günlərdə komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Diplomat deyib ki, əksər beynəlxalq məsələlərdə ölkələrimiz eyni mövqedən çıxış edirlər. Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq mövcuddur.
Ölkələrimiz arasında elm, mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq həyata keçirilir. Hər iki ölkənin ali məktəbləri və Elmlər akademiyaları arasında işgüzar təmaslar mövcuddur. Əməkdaşlığın inkişafı, xüsusən xalqlarımızı bir-birinə tanıtmaq, onları daha da yaxın etmək məsələlərində mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti böyükdür. Gələn il Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin keçirilməsini nəzərdə tuturuq. Həmçinin yaxın aylarda qarşılıqlı şəkildə xalça sərgilərinin təşkili istiqamətində işlər görülür.
H.Zeynalov qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizlərinin keçdiyini, həmin dəhlizlərin Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrutlar hesab olunduğunu qeyd edib. Əlavə edib ki, son illərdə ölkələrimiz arasında və ümumiyyətlə, regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret addımlar atılıb.
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkmənistan üçün nə dərəcədə önəmlidir?" sualına cavabında səfir bildirib ki, Türkmənistan da bu layihənin imkanlarından geniş istifadə edə bilər. Bu xətt Türkmənistana minimum xərclə öz mallarını Avropa bazarlarına çıxarmağa, Avropa bazarlarından idxal olunan malları ölkəyə gətirməyə, eləcə də digər ölkə mallarının tranzitindən gəlir əldə etməyə imkan verər.
Səfir vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Beləliklə, bu ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə də idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır.
"Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin mahiyyəti regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas amillərdən biridir", - deyən diplomat bildirib ki, bu məsələ dövlət başçılarının Birgə Bəyanatında da öz əksini tapıb. İri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığa gəldikdə, ölkələrimizin coğrafi mövqeyi və malik olduqları zəngin karbohidrogen yataqları bu prosesi zəruri edib.
"Qarşıda duran planlar məlumdur: dövlət başçılarının səfərləri zamanı əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin icrası və Azərbaycan ilə Türkmənistan dövlətləri və xalqları arasında əlaqələrin yeni üfüqlərinin müəyyən edilməsi. Bu istiqamətdə görüləsi çox işlər var. İlk növbədə, əməkdaşlığı ölkələrimizin potensialına cavab verəcək səviyyəyə çatdırmaq, daha sonra isə ölkələrimizin yerləşdiyi Qafqaz və Mərkəzi Asiya regionlarının, nəhayət, Avropa və Asiya qitələrinin nəqliyyat mərkəzinə çevirmək hədəflərinə nail olmalıyıq. Bizim ölkələrimiz arasındakı əməkdaşlıq iqtisadi tərəqqiyə, rifaha, təhlükəsizliyə, mədəni inkişafa xidmət edir", - deyə səfir qeyd edib.