“Heç kim Azərbaycanın 2019-cu il üçün planlaşdırdığı məqsədlərinə çatmasına mane ola bilməyəcək” Siyasət

“Heç kim Azərbaycanın 2019-cu il üçün planlaşdırdığı məqsədlərinə çatmasına mane ola bilməyəcək”

Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyovun da həbsxanada "aclıq aksiyası" keçirildiyi bildirilən Mehman Hüseynovun müdafiəsinə qalxması real mənzərəni təsəvvür etmək üçün faktorlardan biridir.
Millət vəkili Hikmət Babaoğlu deyib ki, 2019-cu illə bağlı Azərbaycanın çox mühüm ümidləri var. Çünki ötən illər ərzində ölkəmizin güclənən mövqeyi, beynəlxalq münasibətlər sistemində artan nüfuzu, əldə etdiyi iqtisadi tərəqqi onu işğalçı ölkə qarşısında daha güclü edib. Hazırda Azərbaycanın həyata keçirdiyi həmin strateji diplomatiya sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı ölkəmizin lehinə və beynəlxalq hüquqa uyğun olan şərtlər formalaşıb: "Azərbaycanın güclü ordusu erməni təxribatına qarşı bir sıra güclü əməliyyatlar keçirib. Bunlar ermənipərəst mərkəzlərdə qorxu yaradıb. Ona görə də birbaşa erməni lobbisi ilə əlaqədə olan beynəlxalq anti-Azərbaycançı şəbəkə 2019-cu ildə dövlətimizin həyata keçirəcəyi mümkün uğurlu siyasətə qarşı bəri başdan tədbirlər almaq niyyəti ilə müxtəlif addımlar atır. Bu addımlar ilk növbədə Azərbaycanda daxili sabitliyi pozmağa yönəlib. Eyni zamanda, Azərbaycanın adını beynəlxalq ictimai rəydə mənfi mənada səsləndirməyə hesablanıb". Millət vəkilinin sözlərinə görə, Mehman Hüseynov və onun ətrafında yaradılan siyasi şounun adıçəkilən şəxslə heç bir əlaqəsi yoxdur. Hikmət Babaoğlu bildirib ki, Mehman Hüseynov konkret qanunları pozub və məhz buna görə cəzalandırılıb: "Amma bu mərhələdə Rüstəm İbrahimbəyovun birdən-birə fəaliyyətə keçməsi, özünü birdən xatırlatması ondan xəbər verir ki, şimal qonşumuzda olan anti-Azərbaycançı mərkəzlər məhz erməni lobbisinin təhriki ilə Azərbaycanın 2019-cu illə bağlı planlarına zərbə vurmağa çalışırlar. Ona görə də düşünürəm ki, Azərbaycan ictimai rəyi baş verən hadisələri bu konteksdə doğru qiymətləndirsə, doğru nəticəyə gələ bilər. Artıq əkrəm əylislilərin, rüstəm ibrahimbəyovların və onların ətrafında olan anti-Azərbaycançı qüvvələrin nə ilə məşğul olduğu Azərbaycan ictimai rəyinə bəllidir. Onların məqsədləri də aydındır. Hər dəfə Azərbaycan güclü, öz məqsədlərinə çatmağa yaxın olanda bu təxribatçı qüvvələr işə düşür. Ölkəmizin milli maraqlarına və mənafeyinə zərbə vururlar. Bənzər ssenarilərin təkrarlandığına görə, Azərbaycan ictimai rəyində bu cür ssenarilərə qarşı siyasi-ictimai immunitet formalaşıb. Əminəm ki, 2019-cu ildə də Azərbaycan ictimai rəyi rasional düşünərək, baş verən prosesləri düzgün qiymətləndirərək adekvat münasibət göstərəcək. Necə ki, hazırda bu proses baş verir. Heç kim Azərbaycanın 2019-cu il üçün planlaşdırdığı məqsədlərinə çatmasına mane ola bilməyəcək".