“2019-cu ilin Nəsimi ili elan edilməsi təqdirəlayiq bir hadisədir” Siyasət

“2019-cu ilin Nəsimi ili elan edilməsi təqdirəlayiq bir hadisədir”

Fazil Mustafa: "Əsas məqsəd Nəsimi irsinin dünyaya tanıdılmasıdır"


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan edilib. Ziyalılar dövlət başçısının bu qərarını dəyərləndiriblər. Mövzu ilə bağlı danışan millət vəkili, yazıçı Aqil Abbasın sözlərinə görə, Nəsiminin təbliği, həm də ədəbiyyatımızın təbliği deməkdir: "Cənab prezident bu ili Nəsimi ili elan etdi. Bu təcrübə, ölkəmizdə yeni deyil. Prezident iki-üç ildən bir böyük mütəfəkkirlər ili elan edir. Bununla bağlı təşkilati işlər görülür. Müvafiq sərəncamlar əsasında tək Azərbaycanda yox, ölkədən kənarda da – Rusiyadan tutmuş, Avropa ölkələrinə qədər belə tanınmış şəxsiyyətlər haqqında tədbirlər həyata keçirir. Məsələn, Nizami Gəncəvi ilə bağlı çox böyük təbliğat işləri aparılıb. Bildiyiniz kimi, qonşularımızla Nizami ilə bağlı həmişə problem yaşayırıq. Çox xoş olar ki, Nəsimi ilə bağlı da belə təbliğat işləri aparılsın. Həmçinin, Nəsimi haqqında gözəl filmlər çəkilsin. Ciddi filmlər çəkilib nümayiş oluna bilər. Nəsiminin adı ilə bağlı çox böyük işlər görülə bilər, Nəsimi onsuz da dünyada tanınır, bu il isə daha çox tanına bilər. Özümüz də ədəbiyyatdan ayrılmışıq, kitab oxumuruq, hərəmizin əlində bir telefon kitaba, ədəbiyyata marağımızı azaldıb. Nəsiminin təbliği həm də ədəbiyyatımızın təbliğidir. Nəsimi, Füzulidən 200 il əvvəl yaşayıb. Nəsimin yazdığı şeirlər daha rəvandır, şirindir, doğmadır. Nəsimi tək şair deyil. Mən bəzi adamları şair kimi qəbul eləmirəm. Nəsimi həm də böyük filosofdur. Şopenhauer kimi, Nitşe kimi böyük filosofdur. O dövrün tələbləri başqa idi. Nəsimi də o tələbləri şeirlə ifadə edib. Nəsiminin hər bir şeirində bir dünya fəlsəfə yatır. Nəsimi ili elan edilməsini alqışlayırıq. İnanıram ki, yaxşı işlər görüləcək."
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ölkə prezidenti tərəfindən 2019-cu ilin Nəsimi ili elan edilməsi təqdirəlayiq bir hadisədir: "Fikrimcə burada əsas məqsəd Nəsimi irsinin dünyaya tanıdılmasıdır. Nəsiminin mənsub olduğu fəlsəfi dünyagörüşdə ziddiyyətli məqamlar olsa da, yaradıcılığında Azərbaycan türkcəsinin inkişafına töfhə verən çox ciddi məqamlar var. Təbii ki, Nəsimi adının dünyada tanıtımı həm də ədəbiyyatımızın tanıtımasıdır. Ümid edirəm ki, bu fürsətdən səmərəli istifadə edə biləcəyik". Millət vəkili, Mlli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva deyib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, "Nəsimi İli" elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Ona görə ki, dövlət başçısı tərəfindən 2019-cu ilin "Nəsimi İli" elan edilməsi təsadüfi deyil: "Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir". Onun sözlərinə görə, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.Ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Bu, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub: "Ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var.Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyniadlı gözəl bədii film çəkilib, həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük və mərkəzi rayonlarından biri uzun illərdir onun adını daşıyır. Bununla belə, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adınadır. Bütün bunlar onu bir daha sübut edir ki, Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti hər zaman diqqətdə olub və bu gün elan edilən "Nəsimi İli" də bu diqqətin məntiqi davamıdır".

Əli