Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət
5 Noyabr 23:56

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və milli yenilməzliyin ən ali təcəssümüdür. Bu gün yalnız torpaqlarımızın işğaldan azad edilməsinin anılması deyil, həm də əsrlərlə formalaşan milli iradənin, azadlıq idealına sadiqliyin və dövlətçilik ənənəsinin parlaq qələbəsidir. 44 günlük Vətən müharibəsində qazanılan zəfər xalqın birliyinin, Ali Baş Komandanın müdrik liderliyinin, ordumuzun güc və peşəkarlığının, Azərbaycan xalqının öz tarixi ədalətini bərpa etmək əzminin simvoluna çevrildi.
Bu qələbə ilə Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də illərlə davam edən siyasi və hərbi təzyiqlərə son qoyaraq regionda tamamilə yeni strateji reallıq yaratdı. Qarabağda keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin olundu və tarixi ədalət birmənalı şəkildə bərpa edildi.
Bu tarixi günün fonunda Türkiyə ilə strateji müttəfiqliyin xüsusi yeri var. Əldə olunan Zəfər Azərbaycan–Türkiyə birliyinin sarsılmazlığını bir daha nümayiş etdirdi.
Türkiyə Prezidenti Ərdoğanın məhz Zəfər Günündə Bakıya səfəri də bu birliyin zaman və məkan anlayışından kənar, dərin tarixi və strateji mahiyyət daşıdığını göstərir.
Bu mənzərə fonunda ekspertlər hesab edirlər ki, 8 Noyabr təkcə keçmiş qələbənin deyil, həm də gələcək strateji hədəflərin başlanğıcıdır. Qazanılan zəfər Azərbaycanın regionda aparıcı rolunu daha da gücləndirir və ölkəmizə uzunmüddətli inkişaf trayektoriyası təqdim edir.
Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıya səfəri həm simvolik, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini nümayiş etdirmir, həm də regionda formalaşan yeni siyasi düzənə dair ciddi mesajlar verir.
Onun fikrincə, Ərdoğanın Zəfər Günü Bakıya gəlişi Türkiyənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyinin növbəti dəfə təsdiqidir: “Bu səfər bir millət, iki dövlət prinsipinin formal şüar olmadığını, əksinə real siyasi məzmun daşıdığını göstərir. Türkiyə lideri bu addımı ilə həm Azərbaycan xalqının qələbə sevincini bölüşür, həm də Türk dünyasının birliyinin sarsılmaz olduğunu nümayiş etdirir. Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində milli kimliyin və siyasi iradənin bərpası kimi xüsusi yer tutur. Ərdoğanın həmin gün Bakıda olması bu böyük tarixi hadisəyə həm mənəvi, həm də siyasi dəyər qazandırır. Bu, həm də Türk dünyasına açıq mesajdır ki, regionun gələcəyi türk dövlətlərinin koordinasiyası və həmrəyliyi üzərində qurulur. Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə bölgədə yeni güc balansı yaradıb. Rusiya və İran təsir imkanlarını itirir, Qərb isə proseslərə daha passiv yanaşır. Belə şəraitdə Bakı və Ankara regional sabitliyin və təhlükəsizliyin əsas dayağıdır”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr təkcə nəqliyyat xətlərini deyil, Türk dünyasının iqtisadi və strateji inteqrasiyasını təmin edən mühüm elementlərdir: “Türk Dövlətləri Təşkilatı da artıq ideoloji platformadan real iqtisadi-strateji bloka çevrilir. Bu səfər həmin prosesi daha da gücləndirir. Ərdoğanın Bakıya səfəri təkcə Zəfər Gününə ehtiram deyil, həm də yeni regional siyasi dövrün başlanğıcını ifadə edir. Azərbaycan və Türkiyə artıq paralel inkişaf edən iki dövlət deyil, ortaq güc mərkəzi kimi çıxış edir. Bu gün Zəfər Günü bütövlükdə Türk dünyasının gələcəyə addımının rəmzidir”.
Günel Elxan