Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət
5 Noyabr 23:56

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib ki, Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxın müddət ərzində Azərbaycanın tarixi torpaqları işğal edilib və bir milyona yaxın soydaşımız öz yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu təcavüzkar siyasətə və haqsızlığı illər boyu biganə yanaşmış və iki tərəf arasında 1994-cü ildə imzalanmış atəşkəsdən sonra münaqişənin həlli istiqamətində heç bir əməli iş görülməmişdir. Xüsusilə münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu isə münaqişəni həll etmək əvəzinə onun həllini yubadaraq Ermənistanın işğalına hüquqi zəmin yaratmağa çalışmışdır. Bundan əlavə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamələri kağız üzərində qalaraq icra edilməmişdir. Bütün bunlar bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu münaqişədə nə qədər ədalətsiz mövqe tutduğunu və ikili standartlar tətbiq etdiyinin şahidi olduq. Azərbaycan hər zaman dövlət başçısı səviyyəsində bildirmişdir ki, “biz bu münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Lakin təcavüzkar tərəf bilməlidir ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə Azərbaycan bu münaqişənin silahlı yolla həll etməyə də qadirdir”.
Uzun illər davam edən danışıqların nəticəsiz qalması və xüsusilə Ermənistan tərəfinin konstruktiv yanaşması müharibəni qaçılmaz edirdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. “Dəmir Yumruq” adlanan hərbi əməliyyat nəticəsində 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Möhtərəm cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "44 gün ərzində Azərbaycan ordusu hər gün irəliyə gedirdi". Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi. Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. İmzalanmış bu müqavilə nəticəsində Ermənistan tərəfi müəyyən edilmiş təqvim əsasında işğal altında olan digər torpaqlarımızdan çıxmağı öz öhdəsinə götürmüş oldu. Məhz 10 noyabr Bəyanatına görə mənfur düşmən işğal altında olan Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmağa məcbur edildi. Tariximizə Zəfər Günü kimi daxil olmuş bu əlamətdar hadisədən sonra işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən ordumuz 2023-cü ilin sentyabr ayının 19-da başlanan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı növbəti dəfə gücümüzü bütün dünyaya nümayiş etdirdi. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərlərdə Azərbaycan Bayrağının dalğalanması isə dövlətimizin qüdrətini və şəhidlərimizin qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi. Beləliklə, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu: “Bu gün Azərbaycan xalqı Zəfər Gününü qeyd edir. Bu gün bizim misli olmayan qələbəmizin, bir xalq və dövlət kimi qüdrətimizin tarixə yazıldığı gündür, bu gün bizim şərəf və qürur günümüzdür. Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz Azərbaycan xalqı olaraq Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən sonra öz doğma torpaqlarımıza qayıtmışıq. Təəssüf hissi ilə qeyd etməliyik ki, mənfur düşmən tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızda vandalizm aktları həyata keçirilmişdir. Ermənilər demək olar ki bütün yaşayış məntəqələrimizi, şəhər və kəndlərimizi, eyni zamanda tarixi, mədəni və dini abidələrimizi yerlə yeksan etmişdir.
Düşmənlərimizin törətdikləri dağıntılar bizi az da olsa məyus etsə də ruhdan düşmürük. Bizim üçün önəmli olan torpağın üstündəkilər deyil, torpağın özüdür. Cənab Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, biz azad edilmiş bütün torpaqlarımızı bərpa edəcəyik və keçmiş məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız da yaxın gələcəkdə doğma yurdlarına qayıdacaqlar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılır. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır və öz evlərindən məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız öz doğma yurdlarına qovuşur.
Bu günün reallığı bir daha sübut edir ki, ötən müddət ərzində Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. İnanırıq ki, Möhtərəm cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bundan sonra da daha böyük zirvələr fəth etməklə tarixi qələbələr əldə edəcəkdir”.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Cavid