“Radikal müxalifət azsaylı tərəfdarlarına qazanc mənbəyi kimi baxır” Siyasət

“Radikal müxalifət azsaylı tərəfdarlarına qazanc mənbəyi kimi baxır”

Siyasi opponent olmadan, konkret siyasi düşərgənin mövqeyini, düşüncə tərzini qəbul etmədən də radikal müxalifət düşərgəsinin son addımlarına müsbət münasibət bəsləmək mümkün deyil.
BAXCP sədrinin müavini, siyasi ekspet Elçin Mirzəbəyli belə deyib.
Xatırladaq ki, radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq bir daha onun zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi" internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
Mitinqdən bir gün sonra isə yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi.
Elçin Mirzəbəyli hesab edir ki, bu, dəyərlərin sərhədlərinin keçilməsinin son həddidir və bir daha onu sübuta yetirir ki, həmin insanların Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, dünyasını dəyişən, müstəqillik qədər əziz, doğma olan insanlara hörmətləri yoxdur. Belə olan təqdirdə, cəmiyyətin onlara münasibəti necə ola bilər?!
Siyasi ekspert deyib ki, sıradan bir vətəndaş kimi bu əməllərə şübhəsiz ki, həddən artıq neqativ yanaşır:
"Düşünürəm ki, bu insanlar üçün siyasi əxlaq anlayışı olmadığı kimi, mənəvi dəyər anlayışı da yoxdur.
Uzun illər boyu biz eyni adamların Azərbaycan cəmiyyətində siyasi proseslərə bu və ya digər şəkildə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq. Diqqət yetirsəniz, onların fəaliyyətə başladıqları ilk dövrlərdən bu günə qədər nəinki düşüncələrində, hətta leksikonlarında, danışıq tərzlərində belə hər hansı bir dəyişiklik baş verməyib. Eyni ritorik cümlələr, eyni mənasız boşboğaz ifadələr, arqumenti, əsası olmayan mülahizələr, ittihamlar, hər şeyin qara rəngdə görülməsi texnologiyası və s.
Yəni, "fəaliyyətləri" ancaq bundan ibarətdir. Bu insanlar indiyə kimi qarşılıqlı olaraq bir-birlərinin ünvanına ən sərt ittihamları səsləndiriblər. Bir- birlərini əllərinin qana batmasında ittiham ediblər. Bu, qatı cinayət faktorudur. Bir- birlərini ağır rüşvət və korrupsiya faktlarında ittiham ediblər. Digər tərəfdən, xaricdən aldıqları qrant üzərində sosial şəbəkələrdə, mətbuat vasitələrində bir - birlərinə qarşı necə təhqiramiz ifadələr səsləndirdiklərinin hər kəs şahidi olub. Bu düşərgənin özündə, daxilində belə hər hansı bir məsələ ilə bağlı ortaq bir dəyər, anlayış yoxdur.
İkinci ən böyük probem onların şübhəsiz ki, bir zamanlar elan etdikləri dəyərlərə qarşı sayğısız yanaşmalarıdır. Yəni, bu adamalar vaxtilə hüquqi dövlət, demokratik dəyərlər anlayışını müdafiə etdiklərini iddia etdikləri halda, keçirdikləri aksiyalarda terrorçuları, Azərbaycanın dünyəvi, konstusion qurluşunu dəyişməyə cəhd göstərənləri necə müdafiə etdiklərinin şahidi olduq.
Bu baxımdan həmin düşərgədə olan insanlar faktiki olaraq tamamilə ifşa olmuş insanlardır və siyasətdən də getməməklərinin yeganə səbəbəbi bundan ibarətdir ki, onları xaricdən idarə edənlər getmələrinə imkan vermir. İkinci faktor isə budur ki, sadəcə bu, onların ənənəvi olaraq öz azsaylı tərəfdarları üzərindən həyata keçirdikləri qazanc mənbəyindən başqa bir şey deyildir".
E.Mirzəbəyli 19 yanvar mitinqini radikal düşərgənin "qələbə" kimi qələmə verməsinə, hakimiyyətin guya bundan "təşvişə" düşməsi kimi gülünc iddialarına da toxunub. Onun sözlərinə görə, hətta "Məhsul" stadionunu kvadrat metrə bölüb və hər kvadrata iki adam sığışdırsan belə, onların dediyi rəqəm alınmır:
"İstənilən adam vizual olaraq görüntülərə baxdıqda, konkret olaraq sayın üç mindən artıq olmadığına şahid ola bilər. Əslində bu, onların təsəlli tapmaları üçün bir vasitədir. İctimaiyyət onalar dəstək vermir. Aksiyalara diqqət yetirsək, faktiki olaraq eyni simalardır. Bu dəfə sadəcə olaraq aksiyaya radikal düşərgədəki bütün siyasi qüvvələr qatılmışdılar. "Məhsul" stadionunda olanlar onların bütün potensialı idi. Bu potensial ondan artıq deyil".
Elçin Mirzəbəyli əlavə edib ki, Azərbaycan cəmiyyəti, gəncləri kifayət qədər ayıqdır və nəyin baş verdiyini fərqindədirlər:
"İndi internet əsridir, bu insanlar haqqında istənilən informasiya tapmaq, çıxışlarını təhlil etmək mümkündür. Onların bu şüur səviyyəsi, təfəkkürü ilə yalnız feodal dövrünün qaranlıqlarına getmək olar. Azərbaycanın gələcəyi müasir Azərbaycan gəncliyinin modern düşüncəsindən, təhsilindən, inkişafından asılıdır və qeyd etdiyim kimi, öz koorperativ maraqları naminə Azərbaycanın dünyəvi dövlət qurluşuna qənim kəsilmiş insanları müdafiə edən bir kəsimə hansı formada etimad göstərmək olar?! Heç bir formada. Bu adamların məqsədi təkcə Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaqdan ibarət deyil, əslində, bu hakimiyyət qarşı da mübarizdə deyil, bu, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, xalqın firavan gələcəyinə qarşı xaricdən stimullaşdırılan mübarizənin tərkib hissəsidir".