“Paşinyan pul dilənmək üçün Merkelin yanına gedir, amma onun yanında hədsiz uydurma yalanlar danışır” Siyasət

“Paşinyan pul dilənmək üçün Merkelin yanına gedir, amma onun yanında hədsiz uydurma yalanlar danışır”

"Nikol Paşinyanın Almaniyaya səfər etməkdə məqsədi Avropa İttifaqından, xüsusilə Almaniyadan investisiya cəlb etməkdir. Сəlbedici şüarı var: Ermənistandakı demokratiya Avropa İttifaqının investisiyası ilə möhkəmlənməlidir". Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, rəqəmlər kiçik olsa da, Ermənistan üçün Almaniya bir nömrəli iqtisadi tərəfdaşdır: "Paşinyanın Almaniyanın investisiya qoyarkən geosiyasi şərt irəli sürməməsi diqqəti çəkir. Görünür, o Rusiya tərəfindən narazılıq bildirib. Amma bu məsələyə Avropa İttifaqının və Merkelin cavabı hazırdır: Rusiya Federasiyası, yoxsa Avropa İttifaqı ilə işləmək seçimini Ermənistan özü etməlidir". Onun sözlərinə görə, A. Merkel N. Paşinyanla da Dağlıq Qarabağ tənzimlənməsi barədə hərtərəfli söhbət etdiyini bildirdi: "Ermənistanın əvvəlki rəhbərlərinə nisbətən Paşinyanın Azərbaycan Prezidenti ilə daha tez-tez görüşdüyünü xüsusi vurğuladı. Merkelin verdiyi açıqlamadan bəlli olur ki, o Paşinyanı qəbul etməzdən qabaq Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu barədə rəsmi məlumat yayılmasa da, amma rəsmi yayılan məlumata görə, Almaniyanın sanballı nümayəndə heyəti Paşinyanın Almaniyaya daxil olmasından qabaq Azərbaycanda idi. Azərbaycan Respublikasının Prezidenti ilə görüş zamanı bildirdilər ki, bu, Merkelin yayda Azərbaycana etdiyi səfərin davamıdır. Almaniya diplomatik qaydada başa saldı ki, Paşinyandan qabaq Merkel Azərbaycan və Azərbaycan Respublikasının Prezidenti ilə təmasdadır. Merkel İrəvanda olarkən Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi öz üzərinə götürməyə hazır olduğunu bəyan etdi. Berlindəki birgə mətbuat konfransında alman jurnalistlərdən biri Avropa İttiafqının vasitəçilik missiyasının mümkünlüyü barədə sual verdi. Merkel bunu Dağlıq Qarabağ tənzimlənməsini irəliyə apara biləcək hal kimi qiymətləndirdi. Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin vasitəçiliyini birmənalı şəkildə rədd etdi: Dərhal bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq aləmdə qəbul olunmuş formatdır və normal da iş aparır. Minsk Qrupunun planları reallaşmayacaqsa Avropa İttifaqı Minsk Qrupuna qarşı təzyiq mexanizmi formalaşdıracaqdır. Avropa İttifaqının siyasəti "çoxa-çox" prinsipi ilə qurulub. Yəni Ermənistan Avropa İttifaqının sözünə nə qədər çox qulaq asarsa, bir o qədər də çox investisiya əldə edəcək. Paşinyan Avropa İttifaqının vasitəçilik missiyasını rədd etdiyi halda Avropa İttifaqından yalnız simvolik investisiya ala bilər".
Ekspert əlavə edib ki, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda Almaniyada verdiyi bəyanatlarda onun yalanları diqqət çəkir: "Pul dilənmək üçün Merkelin yanına gedir, amma onun yanında hədsiz uydurma yalanlar danışır. Paşinyan Ermənistanda olarkən Dağlıq Qarabağ mövzusunda bir-birini təkzib edən hədsiz çox bəyanatlar verib. Paşinyan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qoşulacağı barədə isə heç bir bəyanat verməyib. Paşinyanın müəlimi Serj Sərkisyan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından danışardı. Paşinyanın həmsədrlər adından yalan bəyanat verməsi əndazəni aşan haldır. Guya həmsədrlər və beynəlxalq ictimaiyyət bir neçə dəfə bəyan ediblər ki, danışıqlar prosesi üçtərəfli formatda getməlidir. Həmsədrlərin bir dənə də olsun üçtərəfli format barədə bəyanatı yoxdur. Həmsədrlərin bu məsələdə mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağın danışıqlara qoşulması Azərbaycan və Ermənistanın konsensusundan asılıdır: Ermənistan Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaq istəyirsə, əvvəlcə Dağlıq Qarabağ azərbaycanlılarını danışıqlara dəvət etməlidir".
Mübariz Əhmədoğlu sonda deyib ki, Paşinyanın yalanı artıq yeni sədlər aşır: "Bu mənada o keçmiş prezident Serj Sərkisyanın şagirdidir. Sərkisyanın fikrincə, erməni nəyəsə inanırsa o gec-tez baş verəcək. Paşinyan elə başa düşür ki, Dağlıq Qarabağın danışıqlara qoşulmasına inanırsa, Dağlıq Qarabağ danışıqlara qoşulacaq. Paşinyan əgər inanırsa ki, Azərbaycan ordusu Ermənistanla Azərbaycan dövlət sərhədinin Laçın hissəsində böyük xəndək yaratmayacaq, demək belə də olacaq".