Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır Siyasət

Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Məlahət İbrahimqızı: "Baş verənlərin məsuliyyəti mənfur Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür"
Fəzail Ağamalı: "Çox təəssüf ki, Ermənistan təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur"
Vahid Əhmədov: "Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır"

"Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar qəbul olunduğu kimi, Ermənistana qarşı da belə sankiyalar tətbiq edilməlidir". Bu barədə millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib: "Ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Bütün bunlar beynəlxalq ictimaiyyətin ikili standart aparmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir".
M.İbrahimqızı əlavə edib ki, bu gün bütün dünya ictimaiyyəti, Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, ermənilərin cəbhədə törətdiyi son təxribatlar zamanı Azərbaycan hərbçilərinin öldürülməsinin məsuliyyəti işğalçı, mənfur və terrorçu Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür. Ona görə də ən qısa zamanda bu işğala, bu təcavüzə son qoyulmalıdır.
M.İbrahimqızı deyib ki, ATƏT-in Minsk qrupunun bəyanatında Ermənistan ilə Azərbaycan bərabərləşdirilməməlidir: "Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir".
Millət vəkili Fəzail Ağamalı da hesab edir ki, Ermənistan təcavüzkar dövlət kimi çoxdan beynəlxalq gücün sanksiyalarına məruz qalmalı idi: "Ermənistan təcavüskar bir dövlət kimi çoxdan beynəlxalq gücün ciddi sanksiyalarına məruz qalmalı idi, lakin Ermənistanın son günlər cəbhə xəttində törətdiyi təxribatlara beynəlxalq ictimaiyyətin münasibəti dünyada ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərdi".
F.Ağamalı qeyd edib ki, çox təəssüf ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri hələ də hər iki tərəfi sülhə çağırır, atəşkəs rejiminə əməl etməyə dəvət edir və Ermənistan təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur: "Yenə də ikili standart, yenə də təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan eyniləşdirilir. Bu, əlbəttə, təəssüf doğurur. Necə olur ki, Rusiya Ukrayna hadisələrinə görə ciddi sanksiyalara məruz qalır və dünyanın aparıcı dövlətləri bu sanksiyaları Rusiyaya qarşı tətbiq edir, ancaq 20 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının barəsində Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmaqla bağlı dörd qətnamə qəbul etdiyi Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Deməli, dünyada ikili standartlar var və son hadisələr də bu ikili standartlarda zərrə qədər də dəyişikliyin əmələ gəlmədiyini göstərir".
Millət vəkili deyib ki, bütün bunlara baxmayaraq, Ermənistan törətdiyi təxribatlara görə Azərbaycan tərəfindən kifayət qədər ağır zərbələr aldı və Azərbaycanın hərbi gücünü əyani şəkildə gördü: "Təsadüfi deyil ki, Ermənistan ATƏT-in Minsk qrupuna, ayrı-ayrı təşkilatlara, hətta ABŞ prezidentinə müraciət edərək Azərbaycanın Ermənistanın təxribatlarına qarşı vermiş olduğu cavabı dayandırmağa cəhd etdi və çıxılmaz vəziyyətə düşdüyünü dərk etməkdədir. Ermənistan bir tərəfdən Azərbaycanın vermiş olduğu cavabı dayandırmaq üçün yalvarışlar edir, digər tərəfdən isə təxribatları davam etdirir. Bu, ikili siyasətin göstəricisidir".
Onun sözlərinə görə, Azərbaycan Ordusu son bir neçə gündə özünün güclü olduğunu, sarsılmaz bir qüvvə olduğunu nümayiş etdirdi və bu, Ermənistan üçün ciddi dərs oldu: "Əgər Ermənistan bu cür davam edərsə, Azərbaycandan daha ağır zərbələr alacaqdır, buna qətiyyən şübhə yoxdur. Azərbaycanın nümayiş etdirdiyi sərt hərbi və diplomatik mövqe axıra kimi davam etdirilməlidir və Ermənistan işğal edilmiş trorpaqlardan çıxmaq məcburiyyətində qalmalıdır".
Deputat Vahid Əhmədov isə deyib ki, indiyə qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Millət vəkili qeyd edib ki, baxmayaraq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb, beynəlxalq ictimaiyyət hələ də buna göz yumur və Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etməkdən boyun qaçırır.
V.Əhmədov hesab edir ki, beynəlxalq aləmdə Azərbaycana bir qədər qısqanclıqla yanaşırlar, çünki Azərbaycan böyük uğurlar əldə edib, daha sürətlə inkişaf edib: "Ermənistan isə faktiki olaraq tənəzzülə uğramış bir dövlətdir, ancaq himayədarları hesabına yaşayır".
Millət vəkili hesab edir ki, cəbhədəki son təxribatlar da siyasi oyunların nəticəsidir: "Görünür, bu təxribatları törətməklə Azərbaycana hansısa təzyiqlər göstərməyə çalışırlar ki, Azərbaycan hansısa şərtləri qəbul etsin. Ancaq bu, mümkün deyil, Azərbaycan müstəqil dövlət kimi özünü artıq dünyada nümayiş etdirir, güclü dövlətlərdən biridir və Azərbaycanın dövlət başçısının apardığı xarici siyasət tamamilə düzgün siyasətdir".
V.Əhmədov qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur: "Ancaq Ermənistan səhv mövqedədir, çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın əraziləridir və Azərbaycan gec-tez sülh yolu ilə olmasa da, müharibə yolu ilə öz torpaqlarını geri qaytaracaq".
Qeyd edək ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi son günlər cəbhə xəttində ermənilərin törətdiyi təxribatlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
Birlikdən verilən məlumata görə, müraciətdə Azərbaycan torpaqlarını 20 ildən artıq müddət ərzində qanunsuz olaraq işğal altında saxlayan Ermənistan silahlı qüvələrinin atəşkəs rejimini intensiv pozması, xüsusən də son günlərdə kəşviyyat-təxribat qruplarının qoşunların təmas xəttini keçmək cəhdi beynəlxalq təşkilatların diqqətinə çatdırılır.
Müraciətdə bildirilir ki, Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə bölgəsində gərginliyin artmasına və insan itkisinə səbəb olub. Yaranmış təhlükəli vəziyyətə görə bu təxribatçı addımların təşəbbüskarı olan Ermənistan tərəfi məsuliyyət daşıyır.
Müraciətdə həmçinin qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır və danışıqları pozur.
Müraciətdə bildirilir ki, Ermənistanın Madrid prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, xüsusən də BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə dörd qətnaməsinə əməl etməməsi regionda sülh və sabitliyi təhlükə altında qoyur.
Sonda müraciətdə qeyd olunur ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi bir vətəndaş cəmiyyəti təşkilatı olaraq yaranmış vəziyyətdən narahatlığını ifadə edir və beynəlxalq təşkilatları Ermənistanın bu vandal əməllərinə dərhal reaksiya verməyə və Ermənistanı bu hərəkətlərdən çəkindirmək üçün lazımi tədbirlər görməyə, ciddi sanksiyalar tətbiq etməyə çağırır.