Ermənistan növbəti dəfə Qarabağ danışıqlarını pozdu Siyasət

Ermənistan növbəti dəfə Qarabağ danışıqlarını pozdu

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Nyu-York görüşündən onsuz da hansısa ciddi nəticə gözlənilmirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan isə aydın olur ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri öncəsi bəyan etmişdi ki, Qarabağda müharibə istənilən vaxt başlaya bilər. O, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmadıqlarını da söyləmişdi. Bu bəyanatlardan sonra bəlli idi ki, Nyu-York danışıqları real nəticəsi verməyəcək və Paşinyan öz nazirini danışıqlarına ciddi missiya ilə göndərmək niyyətində deyil.
Ümumiyyətlə, “Qarabağ danışıqları”nda uzun illərdir, yeni bir şey yoxdur. Vasitəçilər tərəflərin kompromisə getməsinin vacibliyini vurğulayır, münaqişənin mərhələli nizamlanmasını təklif edirlər, lakin münaqişənin nizamlanmasını “ölü nöqtə”dən tərpətmək mümkün olmur. Minsk qrupunun verdiyi bütün təkliflər kağız üzərində qalıb.
Proses 2011-ci il Kazan görüşündən sonra demək olar ki, dondurulub.
Nikol Paşinyanın Baş nazir seçilməsindən sonra isə İrəvan, ümumiyyətlə, bütün razılaşmaların üstündən xətt çəkmiş oldu. O, Koçaryan və Sarqsyanın Ermənistana rəhbərliyi dövründə razılaşdırılmış "Madrid prinsipləri" və “Kazan razılaşması”nda göstərilən 3 prinsip və 6 elementlə bağlı sənədə heç bir halda imza atmayacağını bəyan edib. Lakin Paşinyanın savaş variantına getməyə də imkanı yoxdur, o, ölkə daxilində nüfuzunun yetərli olmadığını anlayır, odur ki, sülh prosesini pozmaqla vaxt qazanmaq istəyir. Əslində, “miatsum” çağırışı ilə Paşinyan “millətlərin öz müqəddəratını təyin etmə hüququ” barədə İrəvanın illər boyunca göstərdiyi bütün səylərini alt-üst etdi və Ermənistanın ilhaqçı siyasətini ifşa etmiş oldu.
Danışıqlar zamanı müzakirə edilən digər məsələ xalqların sülhə hazırlanmasıdır. Bu məsələdə də Paşinyan çətin durumdadır. O, nə sülh danışıqlarını davam etdirməyə, nə də Azərbaycana qarşı sərt addımlar atmağa cəsarət edir. Digər tərəfdən, onun ölkə daxilində siyasi qüvvələri birləşdirmək şansı da yoxdur, xalq arasında nüfuzunu da getdikcə itirir. Son vaxtlar Ermənistanda gedən proseslər, xüsusən də komandası daxilində baş verən parçalanmalar isə bütövlükdə Paşinyanın siyasi karyerasını və gələcəyini sual altına qoyur. Belə bir situasiyada Baş nazirin nümayəndəsinin Nyu-Yorkda hansısa ciddi müzakirələr aparmaq niyyətində olması mümkün deyildi. Odur ki, Paşinyana elə bir insident törətmək lazım idi ki, görüşün uğursuz nəticələnməsinə səbəb olsun. Nyu-York görüşündən bir gün əvvəl Azərbaycan əsgərinin öldürülməsi məhz bu baxımdan Ermənistanın sülh danışıqlarını açıq şəkildə pozmaq cəhdi kimi dəyərləndirilməlidir.
ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yirk görüşü barədə hələ də heç bir açıqlama yaymaması da danışıqların nəticəsiz olduğunu sübuta yetirir. Sülh danışıqları növbəti dəfə Ermənistanın günahı ucbatından nəticə vermədi, Azərbaycan əsgərinin qətlə yetirilməsi ilə İrəvan növbəti dəfə prosesi pozdu. Lakin bu dəfə də vasitəçilər Ermənistanın aşkar pozuculuq mövqeyinə səssiz qaldılar.
Görünən budur ki, Nyu-York görüşü bir məqsədə xidmət edirdi - “Qarabağ danışıqları”nin davam etməsinin imitasiyasını yaratmağa. Lakin diqqətdən qaçmamalıdır ki, konkret nəticə verməyən belə görüşlər gərginliyin artmasına səbəb ola ilər. Həmsədrlər münaqişənin həlli ilə bağlı ciddi qərarlar qəbul etmirlər, sadəcə, qarşıdurmanın gərgin fazaya keçməməsinə çalışırlar. Başqa sözlə, vasitəçilərin səyi münaqişənin həllinə deyil, dondurulmasına yönəlib.
Ermənistan isə yeni savaşın alovlanması üçün bütün addımları atır. Bu da regional enerji layihələri üçün təhlükə anlamına gəlir. İstər Qərb, istər həmsədr ölkələr, istərsə də regional dövlətlər olan Türkiyə və İran təhlükənin nə dərəcədə real olduğunu nəhayət ki, anlamalıdırlar. Hər nəticəsiz görüş sülh variantına inamı azaldır. Bu baxımdan, ATƏT-in Minsk qrupu Qarabağ nizamlanması ilə bağlı hansısa addımlar atmaq məcburiyyətindədir. Danışıqların dayanması, yaxud nəticəsiz başa çatması Minsk qrupunun nüfuzunun tamamilə itirilməsinə və bölgədə irirmiqyaslı toqquşmalara gətirib çıxara bilər.
Münaqişənin nizamlanmasını əngəlləyən əsas ölkə məhz Ermənistandır, Paşinyan da danışıqlarda iştirak etmək istəmədəyini dəfələrlə açıq mətnlə elan edib. İrəvan prosesi pozursa, görüş öncəsi təxribatlara əl atırsa, vasitəçilər və beynəlxalq ictimaiyyət də Ermənistanın bu şıltaqlılqlarına və həyasızlığına heç bir reaksiya vermirsə, Azərbaycanın danışıqlarda israr etməsinə ehtiyac qalırmı?

APA Analytics