“Erməni icması boyunduruq altındadır ” Siyasət

“Erməni icması boyunduruq altındadır ”

“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü üçün biz dəfələrlə müraciət etmişik. Təəssüf ki, 2019-cu il ərzində heç bir cavab almadıq. Bu, erməni icmasının yenə də boyunduruq altında olduğunun göstəricisidir, onlar qondarma rejimdən asılıdırlar”.
Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.
“Erməni icmasının arasında bizimlə görüşmək və bir yerdə yaşamaq istəyi olan insanlar var. Lakin onları sıxırlar, səsləri eşidilmir. Məsələn, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Ancaq erməni tərəfi yenə də bundan şou düzəltdi, təxribat xarakterli bəyanatlar verdi. Bu isə onu göstərir ki, məhz qondarma rejimin nümayəndələri və təcavüzkar Ermənistan rəhbərliyi bunda maraqlı deyil”, - deyə Tural Gəncəliyev vurğulayıb.
Tural Gəncəliyev deyib ki, Qarabağ könüllülərinin apardığı aktiv mübarizə Ermənistan tərəfində də ciddi qıcıq hissi yaradıb.
O, qeyd edib ki, il ərzində beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsində əsas məqsəd icmanın müxtəlif məsələlərlə bağlı mövqeyini bu qurumların təmsilçilərinin diqqətinə çatdırmaq olub:
“Bu baxımdan, ATƏT sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Minsk Qrupunun üzvü olan digər ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirləri ilə keçirilən görüşlər, digər ölkələrin diplomatik korpusları, həmçinin Avropa İttifaqı, Avropa Şurası, BMT, Qızıl Xaç Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir. Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya görüşü də, qaçqınlar və məcburi köçkünlərin hüquqlarına dair keçirilən konfransda iştirak, həmçinin icmanın nümayəndə heyətlərinin ABŞ-ın Los-Anceles,Türkiyənin Ankara, Avropanın siyasi mərkəzi sayılan Brüsselə səfərlərin uğurlu hesab etmək olar".
Tural Gəncəliyev bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfinə təhvil verilməlidir.
Onun sözlərinə görə, bununla bağlı dövlətimizin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var:
"Hamının-hamıya prinspi tətbiq olunmalı və girovluqda olan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq hümanitar hüququn prinspidir. Qaldı ki, onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələsinə, biz Dilqəm və Şahbazın işğal olunmuş ərazilərdən girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də Ermənistanın işğalçı qoşunları onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əlehinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə, qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirləri həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq".